EBRD Azərbaycanla əməkdaşlıq üzrə yeni beşillik strategiyasını təsdiq edib

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Direktorlar Şurası Azərbaycan üçün 2025–2029-cu illəri əhatə edən yeni ölkə strategiyasını təsdiqləyib.

Bu barədə AzNews.az Banka istinadən xəbər verir. Strategiya investisiya və siyasət təşəbbüslərini iki əsas istiqamətdə cəmləşdirir: daha güclü, rəqabətli və inklüziv özəl sektorun inkişafı və iqtisadi diversifikasiyanın təşviqi; "yaşıl iqtisadiyyat"a keçidin sürətləndirilməsi və regional əlaqələrin gücləndirilməsi.

EBRD Azərbaycanda özəl sektorun rəqabət qabiliyyətini və inklüzivliyini artırmaqla ölkənin karbohidrogen ixracından asılılığını azaltmağı hədəfləyir. Bu məqsədlə, Bank qeyri-neft sektorunda - aqrobiznes, istehsal və xidmətlər, informasiya və kommunikasiya texnologiyaları və infrastruktur sahələrində fəaliyyət göstərən kiçik və orta müəssisələrə investisiya və məsləhət dəstəyi göstərəcək.

Bundan əlavə, qadınların və gənclərin rəhbərlik etdiyi bizneslərin gücləndirilməsi, innovasiyaların təşviqi və ixrac imkanlarının genişləndirilməsi də Bankın prioritetləri sırasındadır. EBRD eyni zamanda korporativ idarəetmənin təkmilləşdirilməsi, dövlət müəssisələrində islahatların aparılması və ümumi biznes mühitinin yaxşılaşdırılması istiqamətində dövlət qurumları ilə əməkdaşlığı davam etdirəcək.

EBRD-in yeni strategiyası Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafını dəstəkləməyi nəzərdə tutur. Bank günəş və külək enerjisi layihələrinin genişləndirilməsinə, enerji səmərəliliyinin artırılmasına və iqlim dəyişikliklərinə dayanıqlılığın gücləndirilməsinə investisiya ayıracaq. Azərbaycanın enerji şəbəkəsinin modernləşdirilməsi və bərpa olunan enerjinin ixracına imkan yaradılması bu səylərin əsas hissəsini təşkil edəcək.

Bank, həmçinin, Azərbaycanın coğrafi mövqeyindən yararlanaraq Avropa və Asiya arasında mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsinə dəstək verməyi planlaşdırır. Bu məqsədlə, Orta Dəhlizlə əlaqəli layihələrə xüsusi diqqət yetiriləcək, dayanıqlı nəqliyyat şəbəkələri, rəqəmsal infrastruktur və bələdiyyə xidmətlərinə investisiyalar artırılacaq.

“Yeni strategiyamızın Direktorlar Şurası tərəfindən təsdiqlənməsindən məmnunuq. Bakı ofisində fəaliyyətimizi daha da gücləndirmək üçün səbirsizlənirik. Növbəti beş il ərzində Azərbaycanla birgə innovasiyalar və özəl sektorun inkişafı əsasında inklüziv və davamlı iqtisadiyyat qurmaq üçün çalışacağıq. Azərbaycanın bərpa olunan enerji potensialından maksimum istifadə etməklə və onun regional əlaqələrini gücləndirməklə uzunmüddətli imkanlar yarada bilərik”, - EBRD-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Natali Mouravidze bildirib.

Qeyd edək ki, EBRD Azərbaycanda ən böyük institusional investordur. Bu günə qədər Bank ölkədə bərpa olunan enerji, nəqliyyat və dayanıqlı infrastruktur da daxil olmaqla müxtəlif sektorları əhatə edən 195 layihəyə 4 milyard avrodan çox sərmayə yatırıb.

AzNews.az