Sumqaytda “Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilib

Sumqayıt şəhərində Azərbaycan Gəncləri Günü münasibətilə 2025-ci il üçün “Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilib.

Aznews.az xəbər verir ki, tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

“Kimyaçı” Mədəniyyət Mərkəzində baş tutan tədbirdə əvvəlcə ölkəmizin süverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, deputat Şahin İsmayılov və Azərbaycan Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov çıxış ediblər.

F.Qayıbov “Gənclər Paytaxtı”nın rəmzi açarını Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Z.Fərəcova təqdim edib.

Gənclər və idman naziri həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə mükafata layiq görülmüş gənclərə mükafatları təqdim edib. Sonra Gənclər Gününə həsr olunmuş videoçarx nümayiş olunub, “Gənclər Paytaxtı” Sumqayıtın maskotu ictimaiyyətə təqdim edilib.

Sumqayıtlı gənc Vüqarə Əzizovanın çıxışından sonra Gənclər və İdman Nazirliyinin təsis etdiyi “İlin Gənci” mükafatları gənclərə təqdim olunub.

Tədbirdən sonra müğənnilər - Miri Yusif, Murad Arif, Mardan, Nigar Camal, Gülyaz və Gülyanaq, Çinarə Məlikzadənin ifasında konsert olub.