Eritreyada saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı SON MƏLUMAT

Azərbaycanın Eritreyada saxlanılan üç gəmisinin heyət üzvləri ilə vaxtaşırı əlaqə saxlanılır.

Aznews.az xəbər verir ki, bu barədə “Caspian Marine Services B.V.” şirkətindən məlumat verilib.

Bildirilib ki, heyət üzvləri qida ilə təmin olunur, onlar ailə üzvləri ilə əlaqə saxlayırlar.

"Onların sağlamlıqları qaydasındadır", - deyə şirkətdən bildirilib.

Eyni zamanda, Xarici İşlər Nazirliyindən bildirilib ki, sözügedən məsələ ilə bağlı bir yenilik yoxdur: "Danışıqlar hələ davam edir".

Xatırladaq ki, 2024-cü il noyabrın 7-də “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib. Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq gəmilər saxlanılıb.

Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi vətəndaşları olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.