Bakının Nərimanov rayonunda su xəttində baş verən qəza aradan qaldırılıb

Bakının Nərimanov rayonu üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəza aradan qaldırılıb.

Bu barədə AzNews.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, mütəxəssislərin Coğrafi İnformasiya Sistemləri vasitəsilə ünvanı tez və dəqiq müəyyənləşdirməsi və rayon sukanal idarəsinin qəza briqadasının operativ fəaliyyəti nəticəsində təmir və bərpa işlərinə dünəndən başlanılıb və əməkdaşların yüksək peşəkarlığı sayəsində problem günün birinci yarısı həll olunub.

“Elanda suyun əvvəlki rejimlə günün iki yarısından sonra verilməsi qeyd edilmişdi. Lakin işlər tez yekunlaşdırıldığından hazırda Nərimanov rayonu üzrə abonentlərin su təchizatı bərpa edilib”, deyə agentliyin məlumatında qeyd edilib.

AzNews.az