- Hadisə
- 16 Mart 21:40
- 1 827
Məhəmməd Mirzəli, Qabil Məmmədov və Elşad Məmmədov istintaqa çağırılıb

Məhəmməd Mirzəli, Qabil Məmmədov və Elşad Məmmədov Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
Aznews.az xəbər verir ki, Baş Prokurorluqdan İTV-yə verilən məlumatda bildirilir ki, Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxslər Mirzəli Məhəmməd Fazil oğlu, Məmmədov Qabil Əmrah oğlu və Məmmədov Elşad Tofiq oğluna Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.
Məhəmməd Mirzəli, Qabil Məmmədov və Elşad Məmmədova rəsmi bildiriş göndərilib
Təqsirləndirilən şəxs 27.05.1976-cı il təvəllüdlü Mirzəli Məhəmməd Fazil oğlu şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 21 aprel 2025-ci il tarixdə, saat 11:00-da, təqsirləndirilən şəxs 15.05.1977-ci il təvəllüdlü Məmmədov Qabil Əmrah oğlu şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 17 aprel 2025-ci il tarixdə, saat 10:00-da, təqsirləndirilən şəxs 27.05.1976-cı il təvəllüdlü Məmmədov Elşad Tofiq oğlu isə şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 15 aprel 2025-ci il tarixdə, saat 10:00-da Baş Prokurorluğun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.
Məhəmməd Mirzəli nədə ittiham olunur?
Məhəmməd Mirzəlinin Cinayət Məcəlləsinin 220.2 və 281.1-ci maddələri ilə 02 iyun 2018-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib. Qərara əsasən, onun 2018-ci ilin əvvəllərində Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Məhəmməd Mirzəli istintaqdan qaçıb gizləndiyi üçün 02 iyun 2018-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Qabil Məmmədov Cinayət Məcəlləsinin 24 maddəsi üzrə təqsiri bilinir
Qabil Məmmədov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.2.1, 182.2.4, 214.2.1, 214.2.2, 214.2.3, 214-1, 214-2, 32.3, 34.2, 233, 32.3, 34.2, 315, 32.3, 34.2, 186.2.1, 32.3, 34.2, 186.2.2, 32.3, 34.2 və 127.2.1-ci maddələri ilə təqsirləndirilir.
Qabil Məmmədovun Azərbaycan Respublikası ərazisində 2015-2017-ci illər ərzində ayrı-ayrı şəxsləri müxtəlif dövlət qurumlarına işə düzəldəcəyi, onlara pensiya və sosial müavinət verilməsini təmin edəcəyi ilə aldadıb etibarlarından sui-istifadə etməklə 10 nəfər şəxsə məxsus ümumilikdə 29.597 manat məbləğində nağd puldan ibarət özgə əmlakını ələ keçirib zərər çəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsinə, bundan başqa, 30.06.2019 və 21.10.2019-cu il tarixlərdə internet informasiya resurslarında Azərbaycan Respublikası ərazisində qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə terrorçuluq cinayət əməllərinin törədilməsinə yönələn açıq çağırışlar etməsi və bu cür məzmunlu materialları açıq olan internet resurslarında yaymaqla terrorçuluq hərəkətlərini çıxışlarında ifadə etməsinə, həmçinin, 2019-cu ilin əvvəllərindən 2020-ci ilin aprel ayınadək olan müddət ərzində qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə müxtəlif valyutalarda 10.000 manat pul vəsaitini birbaşa və dolayı yolla “WhatsApp” proqramı üzərindən Azərbaycan Respublikasında olan şəxslərə terrorçuluq məqsədilə göndərməklə terrorçuluğu maliyyələşdirilməsinə yönələn hərəkətlər edilməsinə, eyni zamanda 14.07.2020-ci il tarixdə qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə Azərbaycan Respublikasında ictimai sabitliyin pozulmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan və nəqliyyatın, təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərilməsi və xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar onlara qarşı zor tətbiq edilməsi ilə bağlı, habelə öz qulluq borcunu yerinə yetirən zərərçəkmiş şəxsin əmlakını qəsdən məhv etmə və zədələməklə ağır nəticələrə səbəb olan və ziyan vuran cinayətin törədilməsini cinayətin iştirakçılarının fəaliyyətlərini əlaqələndirməklə, cinayətin törədilməsini istiqamətləndirməklə, onlarda cinayət törətmək qətiyyətini möhkəmləndirməklə təşkil və rəhbərlik etməsinə, göstərilənlərlə yanaşı 2023-cü ilin oktyabr ayından etibarən davamlı surətdə qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə internet informasiya resurslarında Azərbaycan Respublikasında yaşayan şəxsin şərəf və ləyaqətini alçaldacağı hədəsi ilə 28.500 manat məbləğində pulu hədə-qorxu ilə tələb etməsi və 24.02.2014 və 27.02.2024-cü il tarixlərində şəxsin barəsində rüsvayedici məlumatların internet informasiya resurslarında qeyri-məhdud sayda internet istifadəçiləri arasında paylaşmasına əsaslı şübhələr müəyyən edilib.
29.10.2019-cu il tarixli qərarla təqsirləndirilən şəxs Qabil Məmmədov Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 214-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30.10.2019-cu il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İş üzrə toplanmış sübutların məcmusuna əsasən, 17 iyul 2024-cü il tarixdə Qabil Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.2.1, 182.2.4, 214.2.1, 214.2.2, 214.2.3, 214-1, 214-2, 32.3, 34.2, 233, 32.3, 34.2, 315, 32.3, 34.2, 186.2.1, 32.3, 34.2, 186.2.2, 32.3, 34.2 və 127.2.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.
Elşad Məmmədov nədə ittiham olunur?
Elşad Məmmədovun isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 281.2-ci maddəsi ilə 05 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib. Qərara əsasən, onun 2021-ci ilin aprel ayından başlayaraq 2022-ci ilin may ayınadək internet informasiya resurslarında qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etməklə bu cür məzmunlu materialları internet resurslarında yaymasına əsaslı şübhələr müəyyən edilib.
Elşad Məmmədov istintaqdan qaçıb gizləndiyi üçün 05 may 2022-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxslər Məhəmməd Mirzəli, Qabil Məmmədov və Elşad Məmmədova xəbərdarlıq edilir ki, çağırışa gəlmədikləri halda Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barələrində qiyabi icraat açıla və bu, barələrində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.