- Hadisə
- 4 Aprel 16:31
- 3 036
AGSC Avropa İttifaqı ilə əlavə qaz tədarükü üçün müqavilə hazırlayır

Hazırda “Azerbaijan Gas Supply Company” (AGSC) Avropaya əlavə qaz tədarükü üçün müqavilələrin hazırlanması üzərində işləyir.
Bunu AGSC-nin baş direktoru Lidiya Salaxova Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı bildirib.
"Ötən il biz Trans-Adriatik Qaz Boru Kəməri Konsorsiumu (TAP AG), İtaliyanın qaz nəqli sisteminin operatoru SNAM və Yunanıstanın təbii qaz nəqli şirkətinin operatoru olan DESFA tərəfindən təşkil edilmiş bazar sınağında iştirak etdik. Nəticədə AGSC onların infrastrukturunda 1 milyard kubmetr həcmində əlavə ötürücülük qabiliyyəti rezerv edib. Bu isə 2026-cı ildən etibarən Aİ bazarına əlavə qaz həcmlərinin uzunmüddətli tədarükünə başlamaq üçün şərait yaradır", - L.Salaxova qeyd edib.
Onun sözlərinə görə, şirkət bu tədarüklərin planlaşdırılmış müddətlərdə həyata keçirilməsi üçün müvafiq müqavilələrin hazırlanması prosesini davam etdirir.
O qeyd edib ki, son illər AGSC artan enerji tələbatını ödəmək üçün tədarük mexanizmlərini daim optimallaşdıraraq öz mövcudluğunu genişləndirib:
"Təkcə ötən il "Şahdəniz" yatağında təbii qaz hasilatı rekord səviyyəyə çatıb. Bu isə bizə ilkin planlaşdırılmış həcmləri aşmağa və 27 milyard kubmetrdən çox qazı həm uzunmüddətli, həm də qısamüddətli müqavilələr çərçivəsində 30-dan çox alıcıya tədarük etməyə imkan verib. Biz bazarın yüksək marağını müşahidə edirik: getdikcə daha çox alıcı bizimlə əməkdaşlığa və "Şahdəniz"dən Azərbaycan qazına maraq göstərir. Biz müqavilə portfelimizi fəal şəkildə genişləndirməyə və möhkəmləndirməyə davam edirik".