Ermənistana yeni konstitusiya lazımdır - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin konstitusiyasının dəyişdirilməsinə ehtiyac olduğunu bildirib.

Aznews.az-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu fikirləri o, Konstitusiya Günü münasibətilə xalqa ünvanladığı təbrik məktubunda qeyd edib.

"Xalq yeni konstitusiyanı özü tərəfindən hazırlanıb və qəbul olunmuş hesab edəcək, orada yazılanlar onun yaratdığı dövlət, insanlar və vətəndaşlar arasındakı münasibətlərə dair təsəvvürləri olacaq", - o deyib.

Qeyd edək ki, bu gün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına mane olan başlıca amillərdən biri Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını təsbit edən müəyyən müddəaların mövcud olmasıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməli və ərazi iddiaları ilə bağlı müddəalar aradan qaldırılmalıdır.