Ermənistan parlamentində "fahişə" qalmaqalı

Ermənistan parlamentinin artıq keçmiş deputatı olan Rubik Akopyanın ölkəsinin Milli Assambleyanın plenar iclasından qovulmasının səbəbləri mediaya məlum olub.

AzNews.az İrəvan mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentinin mühafizəçiləri Akopyanı tələm-tələsik zaldan və parlament binasından çıxarıb, hətta ona şəxsi əşyalarını götürməyə belə imkan verməyiblər.

Akopyan parlament aparatının rəhbərinin əmrinə əsasən “Milli Assambleya sədrini təhqir etdiyinə görə” binadan çıxarılıb.

Bundan bir qədər əvvəl Akopyan parlamentin tribunasından Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanı "fahişə" adlandırmışdı.

“Ermənistanın Müstəqillik Bəyannaməsini qorumağın yeganə yolu var – hazırkı baş nazir Nikol Paşinyanın simasında bu bəladan tezliklə xilas olmaq”- bunu keçmiş deputat Ruben Akopyan parlamentdə demişdi.

"Biz üsyan etməliyik. Vergilərimiz hesabına dolanan dövlət qurumları bizim hüquqlarımızı pozur”, - deyə Akopyan bildirmişdi.