- Ermənistan və Gürcüstan
- 30 Dekabr 2024 22:12
- 3 138
Gürcüstanın eks prezidenti dövlət himayəsindən məhrum edildi
Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili dövlət himayəsindən məhrum edilib.
AzNews.az xəbər verir ki, bu barədə dekabrın 30-da Mtavari Arxi telekanalı məlumat yayıb .
Məlumata görə, müvafiq qanunu yeni prezident Mixail Kavelaşvili imzalayıb.
Əvvəlki qanuna görə, səlahiyyətlərinə xitam verildikdən sonra bir il müddətində Gürcüstanın dövlət başçısı, baş naziri və parlament sədrinin mühafizəsi nəzərdə tutulurdu.
Dəyişikliklərə əsasən, ölkənin Konstitusiya Məhkəməsi onların vəzifədə olarkən Əsas Qanunu pozduğunu təsdiqləyərsə, müdafiə təmin edilmir. Ötən il isə Gürcüstanın Konstitusiya Məhkəməsi Zurabişvilinin razılaşdırılmamış xarici səfərləri ilə Konstitusiyanı pozduğunu tanıyıb .
Xatırladaq ki, bu günlərdə Kavelaşvilinin Gürcüstanın yeni prezidenti kimi andiçmə mərasimi keçirilib. Seçkilərin nəticələrini tanımayan Zurabişvili prezident iqamətgahını tərk edərək tərəfdarlarına bildirib ki, Yeni il ərəfəsində etiraz aksiyasında iştirak etmək və bir sıra ölkələrə səfər etmək niyyətindədir.
Ölkədə prezident seçkiləri dekabrın 14-də keçirilib. Seçkilərdə “Gürcü arzusu”nun namizədi Kavelaşvili qalib gəlib. Bundan sonra Zurabişvili postunu tərk etməkdən imtina edib və nəticələri tanımadığı parlament seçkiləri məsələsində kompromis əldə olunmasa “rejimi devirməklə” hədələyib .
AzNews.as