USAİD-in çöküşü: Ermənistanın qrantyeyənləri qan ağlayır - İCMAL

ABŞ Beynəlxalq İnkişaf Agentliyinə bu və ya digər şəkildə bağlı olan erməni təşkilatları çaşqınlıq içindədir və USAİD-in vəsaitləri ilə həyata keçirilməli olan çoxsaylı proqramları hansı aqibətin gözlədiyini bilmirlər.

Məlum olduğu kimi, yanvarın 24-də prezident Donald Tramp ABŞ-ın demək olar ki, bütün xarici yardımlarını 90 gün müddətinə donduran sərəncam imzalayıb. Fərmanda məqsəd onların effektivliyini qiymətləndirmək və bu proqramların xarici siyasətə uyğun olub-olmadığını yoxlamaqdır. Ağ Evin qərarı erməni mediasına, ictimai təşkilatlara və vətəndaş sektoruna ciddi təsir göstərib.

AzNews.az İrəvan mediasına istinadən xəbər verir ki, “Joqovurd” qəzeti bu məsələ ilə bağlı Söz Azadlığının Müdafiəsi Komitəsinin sədri Aşot Melikyana müraciət edib. Yeri gəlmişkən, Komitə Agentlik tərəfindən maliyyələşdirilən qrant proqramı da həyata keçirib. Melikyan qeyd edib ki, bununla bağlı ziddiyyətli məlumatlar var.

"Mən USAİD ofisi adına danışa bilmərəm, onlar özləri heç nəyi şərh etmirlər. Bizim özümüz qrant almışıq, lakin yanvarın 25-də Internyus Ermənistan bizə proqramın 90 gün müddətinə dayandırıldığını bildirmişdi", - Melikyan qeyd edib.

Onun sözlərinə görə, yeni göstərişlər alınana qədər heç bir xərc olmayacaq. Melikyan qeyd edib ki, gələcəkdə nələrin baş verəcəyi ilə bağlı dəqiq məlumat yoxdur və proqramın davam edib-etməyəcəyi də ona məlum deyil.

Sputnik-Ermənistan xatırladır ki, ABŞ Prokurorluğu qərarın qanunsuz olduğunu və məhkəmədə baxılmalı olduğunu bildirərək məhkəməyə hesabat təqdim edib.

Trampın qərarına “ANİ” Erməni Araşdırmalar Mərkəzinin koordinatoru Tatul Akopyan da cavab verib. Onun sözlərinə görə, bu, Ermənistan vətəndaş cəmiyyəti və mediası üçün çətin vəziyyət yaradıb.

Akopyan hesab edir ki, Ermənistan hökuməti ABŞ-ın siyasətində aydınlıq olana qədər bu maliyyə boşluğunu müvəqqəti olaraq aradan qaldırmalı və qeyri-hökumət təşkilatlarını dəstəkləməlidir.

“Bu, Ermənistan hakimiyyətinin vətəndaş cəmiyyəti və media üzərində nəzarəti bərqərar etmək cəhdi kimi qəbul edilməməlidir, çünki dövlət büdcəsinin vəsaitləri hamımızındır, vətəndaş cəmiyyəti və media isə son illərdə dövlət büdcəsinə külli miqdarda vergi ödəyib. ” deyə qeyd edib.

Civilnet-in məlumatına görə, Ermənistanda medianın inkişafı və təhsil proqramları ilə məşğul olan bir çox KİV və QHT Dövlət Departamentindən layihələr üçün vəsait alır.

Onların arasında ölkənin təhsil sistemindəki boşluqları doldurmaqla erməni media peşəkarları və araşdırmaçı jurnalistlərin yeni nəslinin yetişdirilməsinə yönəlmiş “Hetq Media Factory” maarifləndirici layihəsi də var.

2023-cü ildə USAID Ermənistanda 5 illik 15 milyon dollarlıq proqram başlayıb. Amerika qrantlarının dondurulması gözətçi jurnalistika proqramını (hesabatlılığa və şəffaf idarəetməyə, korrupsiya ilə mübarizəyə və dezinformasiya axınına qarşı yönəlmiş proqram) həyata keçirən Faktor TV-yə də problemlər yaradıb.

Civilnet-in bəzi proqramlarına da müəyyən vəsait ayrılıb.

Xatırladaq ki, USAID rəsmi olaraq ABŞ-da "xarici yardım göstərilməsi" sahəsində ən yüksək federal hökumət qurumu idi. Agentliyin Administratoru və administratorun müavini Senatın razılığı ilə ABŞ Prezidenti tərəfindən təyin edilir və Dövlət Katibi ilə razılaşdırılaraq fəaliyyət göstərirdi.

2025-ci ilin yanvar ayına olan məlumata görə, USAID 113 ölkədə işləyirdi. USAID Ermənistanda 1992-ci ildə fəaliyyətə başlayıb.

AzNews.az