Simonyan Qarabağı könüllü tərk etmiş erməniləri fərarilikdə suçladı: "Qalıb mübarizə aparmalı idiniz"

Bu gün Qarabağı könüllü tərk etmiş erməni jurnalist Ermənistan parlamentinin spikeri Alen Simonyana belə bir sual verib: "Nə vaxt vətənə- Artsaxa qayıdacağıq?"

Bu barədə AzNews.az Azərbaycanın tarixi şəhəri İrəvanda fəaliyyət göstərən erməni mediasına istinadən xəbər verir.

Erməni mediasının yazdığına görə, "vəziyyət təhlükəsiz olanda," – deyə Simonyan cavab verib.

Jurnalist isə Alen Simonyanın öz çıxışlarında niyə yalnız "Qarabağ" dediyini, yəni "Artsax" demədiyini soruşub.

"Axı siz də "Qarabağ" demirsinizmi? Özünüzü "qarabağlı", "qarabağlı erməni" adlandırmırsınızmı? Mən siyasətçiyəm və başqa bir ölkənin vətəndaşının mənim şəhərlərimdən birini türk və ya azərbaycanlı adı ilə çağırmasına qarşıyam. Siyasətçinin etik qaydalarına əməl etməliyəm," – deyə Simonyan bildirib.

Ona xatırladanda ki, bir vaxtlar "Artsax" ifadəsini işlədib, cavabı belə olub: "Səhv etmişdim".

Erməni parlamentinin sədri Qarabağı könüllü tərk etmiş erməniləri dolayı yolla qorxaqlıqda və fərarilikdə ittiham edib:

"Siz oranı tərk edəndə vəziyyət təhlükəsiz deyildi, amma sona qədər qalaraq mübarizə apara bilərdiniz. Ancaq çıxdınız," – deyə Alen Simonyan vurğulayıb və dəfələrlə "mübarizə aparmaq lazım idi" ifadəsini təkrarlayıb.

Redaksiyadan: Azərbaycanda "Artsax" adlı bir coğrafi ərazi yoxdur, olmayan və olmayacaq əraziyə də Qarabağı könüllü tərk etmiş, çox saylı cinayətlərdə təqsirli bilinmələrinə çox sayda səbəb olan ermənilərin qayıtması mümkün deyil.