- Ermənistan və Gürcüstan
- 20:09
- 1 559
Paşinyan Parisdə sensassion bəyanat verdi: "Ermənistanı daşnak zehniyyətindən xilas etməliyik"
![](https://www.aznews.az/storage/2025/02/11/pasinyan.jpg)
Ermənistanın baş naziri Nikol Paşinyan Fransada sensassion açıqlama verib.
AzNews.az-ın tarixi Azərbaycan şəhəri İrəvanda fəaliyyət göstərən media resurslarına istinadən verdiyi xəbərə görə, o, bildirib ki, ötən illər ərzində Ermənistan "Daşnaksutyun" partiyasının ideologiyası və gündəliyi ilə idarə olunub və hazırda ölkədə ideoloji transformasiya baş verir. Baş nazir bu fikirlərini Fransada "Daşnaksutyun" partiyasının güclü mövqeyə malik olduğu erməni icması ilə görüşdə səsləndirib.
"Biz fərqinə varmadıq ki, Üçüncü Respublikanın ilk günlərindən etibarən Ermənistanda yalnız bir partiya – "Daşnaksutyun" var. Formal olaraq digər partiyalar da mövcud idi, lakin reallıqda yalnız bir partiyanın ideologiyası üstünlük təşkil edirdi", –
deyə o vurğulayıb.
Onun sözlərinə görə, fəaliyyət göstərən bütün partiyalar, o cümlədən onun rəhbərlik etdiyi "Vətəndaş Sazişi" partiyası da daşnak ideologiyasına (Türkiyə və Azərbaycanla münasibətlərdə – red.) uyğun hərəkət edib. Bu vəziyyət baş naziri narahat etdiyindən, o, ideoloji transformasiya, yəni "real Ermənistanın qurulması" məsələsini gündəmə gətirir və "islahatların" bütün erməni cəmiyyətini əhatə etməsini, diasporanın dəstəyi ilə həyata keçirilməsini istəyir.
Paşinyan bildirib ki, vaxtilə Ermənistanın keçmiş və indiki hakimiyyətləri tarixdən dərs çıxarmağı bacarsaydı, daşnak ideologiyasına əsaslanmazdılar. Ermənistan baş nazirinin fikrincə, bütün mövcud milli məqsədlər və vəzifələr real Ermənistan Respublikası çərçivəsində yer almalıdır.
"Ermənistan qarşısına bu regionda xarici qüvvələrin köməyi olmadan yaşamaq vəzifəsini qoymalıdır. Bizim əsas problemimiz odur ki, bu regionda yaşamaq üçün xarici qüvvələrin dəstəyinə ehtiyac duymuşuq", –
deyə o əlavə edib.
AzNews.az