Ermənistanın sensassion açıqlamalarla gündəmə gəlmiş MTN generalı evində ölü tapıldı

Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin generalı Tiqran Barseqyan vəfat edib.

AzNews.az Ermənistan mediasına istinadən xəbər verir ki, onun meyiti ölümündən 3 gün sonra evdə tapılıb.

Barseqyan bundan əvvəl Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin Konstitusiya, ictimai asayişin qorunması və terrorizmlə mübarizə üzrə Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

O, 2019-cu ildə medianın gündəminə sensassiyalı açıqlamalarla gəlmişdi. Həmin vaxt Barseqyan mətbuata aşağıdakıları bildirmişdi:

  • İnqilabdan sonra məhv edilmiş MTN sənədləri Ermənistanın ali rəhbərliyinin 2008-ci il 1 mart hadisələri zamanı törətdiyi cinayətlərə və qərarlarına aiddir. Məhz martın 1-i işində Robert Köçəryan əsas müttəhimdir.
  • 2005-ci ildə prezident Robert Köçəryan Milli Təhlükəsizlik Xidmətinə hakimiyyətin, yəni prezident kürsüsünün Serj Sarkisyana verilməsini təmin etməyi tapşırmışdı.
  • ABŞ-ın Ermənistandakı səfirliyinin əməkdaşı Lilit Ohanyanın İrəvandakı mənzilində dinləmə cihazları quraşdırılıb. Amerika diplomatları oraya toplaşır və məxfi məlumatları müzakirə edirdilər. Telefon danışıqlarının dinlənilməsi nəticəsində məlum olub ki, Amerika səfirliyindən ABŞ Dövlət Departamentinə Ermənistanla bağlı bütün hesabatlarda xüsusilə 2008-ci ildən başlayaraq ölkə ərazisində dövlət məmurları tərəfindən dəhşətli soyğunçuluqların baş verdiyi bildirilir. Bu xəbərlərdən sonra ABŞ Ermənistana maliyyə yardımını azaldıb.
  • Serj Sarkisyan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyana susması üçün 10 milyon dollar təklif edərək ona rüşvət verməyə cəhd göstərib. Ter-Petrosyan bundan imtina edib.
  • Serj Sarkisyan Daşnaksütyun partiyasına da rüşvət verməyə cəhd edib. Daşnaklar pulu götürüblər.
  • “2010-cu ildə Rusiya FTX rəhbərliyi ilə görüşdə onların generalları Serj Sarkisyanın Qarabağ məsələsində fəaliyyətindən narazılıqlarını çatdırıblar. Rusiyanın narazılığına dair 12 səhifəlik çox məxfi hesabatı Serj Sarkisyana təqdim edilib.

AzNews.az