• Paytaxt
  • 12 Dekabr 2023 09:00
  •  3 400

Ümummilli Lider Heydər Əliyevin vəfatından 20 il ötür

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümüdür.

Ulu Öndərin vəfatından 20 il ötür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib. 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.

Təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zaman rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib və namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb. Həmin il dekabrın 12-də Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib.

Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub. O, Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilib, Y.V.Andropov adına mükafata layiq görülüb. Rusiyanın yüksək mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif olunması barədə Fərman imzalanıb. 20 yanvar 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Moskva Dövlət Universitetinin "Fəxri professoru" adı verilib. 13 aprel 1999-cu ildə Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu mükafatı - "Atatürk Sülh Mükafatına" layiq görülüb. 27 mart 1997-ci ildə isə Kiyevdə H.Əliyevə Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni təqdim edilib.

Ulu Öndər Azərbaycanda sosial rifahın bərbad vəziyyətdə olduğu, iqtisadiyyatın tənəzzülə uğradığı, vətəndaş qarşıdurmasının, eləcə də ermənilərlə müharibə şəraitinin hökm sürdüyü bir dövrdə hakimiyyətə gəlib. Bununla yanaşı dünyada Azərbaycana qarşı yürüdülən ikili standartlar ölkənin az qala müvazinətinin itirilməsinə səbəb olmuşdu. Bütün bunların fonunda Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlməklə ölkədə sabitlik və əmin-amanlıq bərpa edildi.

Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə gələn zaman başlıca amalı Azərbaycanın işğal olunmuş torpaqlarını düşmən tapdağından azad etmək olub. O, ölkə rəhbəri olduğu müddətdə müasir Azərbaycanın qurucusuna çevrildi və gördüyü işlərlə, yürütdüyü siyasətlə xalqın əbədi rəğbətini qazandı. Qarabağın, Şərqi Zəngəzurun azad olunması üçün səylərini əsirgəməyən mərhum lider Azərbaycanda davamlı siyasətin əsasını qoydu. Ömrünün 80-ci ilində dünyasını dəyişsə də, onun adı, siyasəti və dəsti xətti əbədiyaşar ideologiyaya çevrildi. Məhz Ulu Öndərin əsasını qoyduğu siyasətin davamı olaraq, bu gün Qarabağ da, Şərqi Zəngəzur da azaddır.

Ümummilli Llderin siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev uzun illər işğal altında olan torpaqları azad etməklə Heydər Əliyevin ən böyük arzusunu gerçəkləşdirdi. Bununla da Ali Baş Komandanımız 30 illik erməni işğalına, məcburi köçkünlərin intizarına, yurd həsrətinə son qoymaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi.

Prezident İlham Əliyevin 2022-ci il sentyabrın 29-da imzaladığı Sərəncamla Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bu il ərzində Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq, Azərbaycanda və ölkə hüdudlarından kənarda Ulu Öndərin xatirəsinə həsr olunan təbdirlər, beynəlxalq konfranslar keçirilib və hazırda da bu proses davam etdirilir.