Bakıda Fransa müstəmləkələrindəki Müstəqillik hərəkatlarının birinci qurultayı keçiriləcək

Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə 17-18 iyul tarixində Bakıda birinci qurultay keçiriləcək.

Aznews.az xəbər verir ki, qurultayın keçirilməsi ideyası Fransanın dənizaşırı ərazilərinin müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatlarına məxsusdur.

Niderlandın müstəmləkəsi olan Bonayre və Sen-Martin adalarından üç təşkilat Qurultayda fəxri qonaq qismində iştirak edəcək.

İki gün davam edəcək Qurultay iştirakçı tərəflərə müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, habelə vahid platforma yaradaraq Fransa kolonializminə qalib gəlmək yolunda nəticə yönümlü fəaliyyətin əlaqələndirilməsi yollarını müzakirə etmək imkanı yaradacaq. Həmçinin koloniyaların təmsilçiləri öz müqəddəratını təyin etmək uğrunda mübarizədə ən effektiv təcrübə və strategiyalar barədə müzakirələr aparacaqlar.

Qurultay adları çəkilən koloniyalarda Fransa hökuməti tərəfindən həmin ərazilərin əsl sahibləri olan yerli xalqlara qarşı törədilən çoxsaylı cinayətlər və qeyri-qanuni hərəkətlər haqqında beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılmasına, ümumilikdə XXI əsrin bəlalarından biri olan kolonializm probleminə diqqət çəkməyə töhfə verəcək.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu (BTQ) AzərbaycanBaın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ artıq bir ildir ki, müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları ədalətli mübarizəyə dəstək verir. Bu xüsusda, BTQ tərəfindən artıq 15-ə yaxın beynəlxalq konfrans təşkil edilib. Onlardan 4-ü BMT-nin Nyu-York, Cenevrə və Vyana qərargahlarında, biri Türkiyənin İstanbul şəhərində, digərləri isə Bakı şəhərində baş tutub.