Ceyhun Bayramov: Xarici qüvvələrin təhlükəli gündəlikləri fonunda regional fəaliyyət və dialoq daha da vacibdir

Xarici qüvvələrin regionda öz təhlükəli gündəlikləri, o cümlədən ziddiyyətli hərbiləşdirmə ilə məşğul olmaqla geosiyasi eskalasiya və bölücü xətlərinin regionumuza proyeksiya cəhdlərini artırması fonunda regional fəaliyyət və dialoq daha da vacibdir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində “3+3” regional məşvərət formatının görüşündə çıxış edərkən deyib.

Tolantıda mövcud şəraitdə bölgə dövlətlərinin beynəlxalq hüququn prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmama əsasında regionumuza sahib çıxmasının, bölgəmizin problemlərinin həll yollarını məhz region çərçivəsində axtarması, regional təhlükəsizliyimizi bölünməz anlayış olaraq qəbul etməsinin əhəmiyyəti qeyd olunub.

Həmçinin, Azərbaycanın müstəqilliyinin bərpa olunmasından bəri bölgə dövlətləri ilə qarşılıqlı hörmət, maraqlar balansı və legitim təhlükəsizlik narahatlıqları nəzərə alınmaqla qarşılıqlı faydalı əməkdaşlıq etdiyi, bunun nəticəsində Bakı-Tbilisi-Qars, Şimal-Cənub dəhlizi kimi bir sıra regional, o cümlədən qlobal əhəmiyyətli layihələrin həyata keçirildiyi bildirilib.

Birgə layihələrin Naxçıvan Muxtar Respublikasını da əhatə etməsi, xüsusilə İran ərazisindən keçərək Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən kommunikasiyaların tezliklə tamamlanmasına dair ümidvarlıq ifadə olunub.