- Paytaxt
- 6 Dekabr 19:52
- 7 750
Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında münasibətləri daha da genişləndirib - MM sədri
Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanla Türkiyə arasında münasibətlərin daha da genişləndirilməsinə təkan verib.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 6-da "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oktayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
O, sabah keçiriləcək konfransın əhəmiyyətinə toxunaraq deyib ki, tədbir iki ölkənin siyasi həyatında parlamentlərin rolu, qarşılıqlı əməkdaşlığının daha da gücləndirilməsi məsələlərinə həsr olunub. Eyni zamanda bu tədbir Azərbaycan və Türkiyə parlamentlərinin işbirliyi, birgə fəaliyyəti məsələlərinə də diqqət yetirməyə imkan verəcək.
Spiker Sahibə Qafarova dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyənin bütün sahələrdə uğurlu əməkdaşlığından məmnunluğunu bildirib. O, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarının hər iki ölkə və xalqları arasında qardaşlığın ifadəsi olduğunu söyləyib.
Görüşdə vurğulanıb ki, iki ölkə bütün məsələlərdə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirirlər. Əlaqələrin dövlət başçılarının siyasi iradəsi və birgə səyləri sayəsində bu gün özünün ən yüksək səviyyəsinə - müttəfiqlik səviyyəsinə yüksəldiyi qeyd edilib. Vurğulanıb ki, Şuşa Bəyannaməsinin imzalanması münasibətlərin daha da genişləndirilməsinə təkan verib. Xüsusilə vurğulanıb ki, iki qardaş ölkə olaraq, Azərbaycan və Türkiyə güclü regional əməkdaşlıq mühiti də yaradır. Azərbaycan-Türkiyə birliyi regional sabitlik, təhlükəsizlik üçün olduqca mühüm amildir. Bu çərçivədə ölkələrin təşəbbüsü ilə yaradılan üçtərəfli əməkdaşlıq platformalarının əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbirə dəvətə və göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirən Fuad Oktay növbədənkənar parlament seçkilərinin uğurla təşkili və yenidən Milli Məclisin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edib. O, Azərbaycanın bütün suveren ərazilərində keçirilən bu seçkilərin demokratiya və şəffaflıq şəraitində baş tutduğunu xatırladıb və Türkiyədən böyük bir heyətin seçkiləri müşahidə etdiyini diqqətə çatdırıb.
Fuad Oktay Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin qardaş ölkə olaraq Türkiyəni sevindirdiyini, bu gün işğaldan azad olunmuş ərazilərdə Azərbaycan bayrağının dalğalanmasının qürurverici olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin parlamentlər müstəvisində də uğurla davam etdirildiyi bildirilib. Parlament sədrləri, o cümlədən dostluq qrupları arasında sıx təmasların bu münasibətlərə mühüm töhfələr verdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında ötən il imzalanmış Əməkdaşlıq haqqında Saziş münasibətlərin daha da genişlənməsinə xidmət edir.
Söhbət zamanı parlamentlərin ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli əməkdaşlıq formatının da mövcud olduğu qeyd edilib. Xatırladılıb ki, bunlardan biri də Azərbaycan-Türkiyə-Gürcüstan formatıdır və bu günlərdə Ankarada hər üç parlamentin xarici əlaqələr komitələrinin növbəti görüşü keçirilib. Belə əməkdaşlığın regionda sülhə, sabitliyə və dialoqa töhfə verdiyi bildirilib.
Tərəflər beynəlxalq parlament platformalarında qarşılıqlı dəstək və birgə fəaliyyətin də vacibliyini xüsusilə qeyd ediblər. Bəzi dairələr tərəfindən iki ölkəyə qarşı ikili standartlar, təzyiq, şantaj, böhtan kampaniyaları aparıldığı bir şəraitdə parlamentarilərin qarşılıqlı fəaliyyətinin daha böyük önəmə malik olduğu vurğulanıb.
Söhbət zamanı TBMM-in komitə sədri Fuad Oktay Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmaması barədə qəbul etdiyi qətnaməni tənqid edərək deyib ki, AŞPA-nın bu qərəzli və haqsız qərarı təşkilatın özünün nüfuzuna və etibarlılığına xələl yetirir. O, qeyd edib ki, AŞPA bu səhvini düzəltməlidir və Türkiyə tərəfi də hər dəfə bu məsələ ilə bağlı xəbərdarlığını qarşı tərəfin diqqətinə çatdırır.
Görüşdə ötən ay Azərbaycanın evsahibliyi ilə yüksək səviyyədə keçirilən COP29 barədə də fikirlər ifadə edilib. Qeyd edilib ki, bəzi dövlətlərin boykot çağırışlarına baxmayaraq, COP29-a yüksək beynəlxalq maraq olub və çoxlu sayda ölkə və hökumət başçılarının tədbirdə iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu və nüfuzunu göstərir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
AzNews.az