- Paytaxt
- 12 Dekabr 13:26
- 3 694
Hökumət başçısı: MDB liderləri arasındakı etibarlı münasibət əməkdaşlığın inkişafına böyük təkan verir
MDB ölkələrinin dövlət və hökumət başçıları arasındakı etibarlı münasibətlər əməkdaşlığın inkişafına böyük təkan verir.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında bildirib.
Hökumət başçısı vurğulayıb ki, 2024-cü il Azərbaycan üçün dövlət və hökumət başçıları səviyyəsində çoxsaylı səfərlərlə əlamətdar olub.
"Dövlət və hökumət başçıları arasında yaranmış etibarlı münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bütün sahələrdə qarşılıqlı fəaliyyətin intensivləşməsinə böyük təkan verir", - Ə.Əsədov bildirib.
Baş nazir xatırladıb ki, bu il Azərbaycanın siyasi həyatında mühüm hadisələr baş verib:
"Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq ölkənin ərazi bütövlüyü bərpa edildikdən sonra prezident və parlament seçkiləri onun bütün ərazisində keçirilib. Bu da tarixi hadisə olub. Eyni zamanda, keçmiş məcburi köçkünlərə doğma torpaqlarında təşkil olunmuş seçki məntəqələrində səs verməyə imkan yaradıb. Bu baxımdan, MDB üzvü olan ölkələrə və Birliyin özünün müşahidəçilər missiyasına fəal iştirakına və göstərdikləri peşəkarlığa görə təşəkkür etmək istərdim".