- Paytaxt
- 20 Dekabr 20:29
- 1 220
İlham Əliyev Azərbaycanın D-8 təşkilatının üzvü seçilməsinə görə İran Prezidentinə təşəkkür edib
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana məktub göndərib.
Aznews.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycanın yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə İran İslam Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm.
Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən D-8 təşkilatı ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Azərbaycana beynəlxalq etimadın göstəricisi olan bu tarixi qərar bizim üçün xüsusi qürur mənbəyidir.
Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.
Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.
Fürsətdən istifadə edərək qarşılıqlı hörmət və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənməsi yolunda birgə səylərimizi davam etdiricəyimizə inamımı ifadə edirəm.
Bir daha Sizə minnətdarlığımı ifadə edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".