Prezident İlham Əliyev Qazaxıstan xilasedicilərinin işini yüksək qiymətləndirib

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 27-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

Telefon danışığı zamanı Prezident İlham Əliyev, ilk növbədə, Qazaxıstan Prezidentinə xilasetmə işlərinin aparılması ilə bağlı şəxsən təşəkkürünü bildirib.

Dövlət başçısı bu işlərdə dərhal lazımi tədbirlər görən və yaralanan sərnişinlərin xilas olunmasında fəal iştirak edən Qazaxıstan xilasedicilərinin işini yüksək qiymətləndirib. Eyni zamanda, Azərbaycan Prezidenti Qazaxıstanın tibb personalına da təşəkkürünü çatdıraraq, onların xəsarət alanlara qayğı ilə yanaşmaları və peşəkarcasına tibbi xidmət göstərmələri ilə bağlı minnətdarlığını bildirib, yaralananların böyük hissəsinin artıq Vətənə döndüyünü və hələ də orada müalicə olunan Azərbaycan vətəndaşlarının olduğunu vurğulayıb.

Dövlət başçısı bununla yanaşı, Qazaxıstanın sadə vətəndaşlarının da Azərbaycanla həmrəylik göstərərək, bu işlərdə verdikləri dəstəyin bir daha dost və qardaş xalqlarımızın bir-birinə nə qədər bağlı olmasının göstəricisi kimi dəyərləndirib, bunun Azərbaycan ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirildiyini qeyd edib.