Portuqaliya Prezidenti Azərbaycan liderinə başsağlığı verib

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Aznews.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması və xəsarət alması barədə xəbər məni dərindən kədərləndirdi.

Bu kədərli anlarda Portuqaliya xalqı adından və şəxsən öz adımdan həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmalarını diləyir, həmrəyliyimizi bildirirəm.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".