- Paytaxt
- 16:41
- 670
Səfir Bolqarıstan rəsmiləri müzakirələr aparıb- prioritetlər
Azərbaycan və Bolqarıstan ikitərəfli münasibətlərin inkişafını, xüsusilə iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı ticarətin genişləndirilməsi yollarını müzakirə ediblər.
Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu ölkənin Baş nazirinin müavini və nəqliyyat və kommunikasiya naziri Qrozdan Karacov, eləcə də iqtisadiyyat və sənaye naziri Peter Dilovla görüşlər keçirib.
"Rabitə və nəqliyyat kommunikasiyaları sahəsində, o cümlədən Transxəzər Şərq-Qərb Dəhlizi çərçivəsində əməkdaşlıq, Azərbaycan və Bolqarıstan arasında ticari-iqtisadi əlaqələrin, xüsusilə qeyri-enerji sektorunda əlaqələrin daha da inkişaf etdirilməsi və investisiya potensialının artırılmasına dəstək göstərilməsi ilə bağlı məsələləri müzakirə etdik", - H.Hüseynov "X" hesabında yazıb.
Bolqarıstan KİV-in məlumatına görə, P.Dilov görüşdə Azərbaycandan birbaşa investisiyaların həcminin artırılmasının Bolqarıstan üçün mühüm prioritet olduğunu qeyd edib.
"Bizim üçün Azərbaycana Bolqarıstan mallarının, o cümlədən maşınqayırma məhsulları, elektron mallar, qida sənayesi avadanlıqları, yükqaldırma-nəqliyyat avadanlıqları, dərman vasitələri və digər məhsulların ixracına dəstək vermək prinsipial əhəmiyyət kəsb edir", - o bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan və Bolqarıstan arasında kənd təsərrüfatı və qida sənayesi sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensial var.
Görüş zamanı həmçinin iki ölkənin səylərini cəmləşdirməli olduğu İT, əczaçılıq, nəqliyyat, turizm və energetika kimi prioritet sahələr müəyyən edilib.
Səfir H.Hüseynov Azərbaycan tərəfinin fəal əməkdaşlığa hazır olduğunu vurğulayıb. "Bolqarıstan və Azərbaycan xüsusilə ixrac və idxalın şaxələndirilməsi istiqamətində fəal iş aparılacağı təqdirdə ikitərəfli ticarətdə çox böyük potensiala malikdir", - diplomat əlavə edib.