Azərbaycan və Niderland XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan Niderland Krallığının xarici işlər nazirinin müavini Marsel de Vinki qəbul edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub. Azərbaycan-Niderland əməkdaşlığının inkişaf etdirilməsi üçün geniş perspektivlərin mövcud olduğu bildirilib.

"Bununla belə, münasibətlərin inkişaf etdirilməsinə çətinlik törədən məqamların aradan qaldırılması baxımından qarşılıqlı müzakirə mexanizmləri, xüsusilə siyasi məsləhətləşmələrdən istifadənin, qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.Nazir həmçinin qarşı tərəfi Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, ötən il Bakıda keçirilən sessiya zamanı əldə olunan nailiyyətlər barədə ətraflı məlumatlandırıb. Prosesə maneçilik törədən ikili-standartlara baxmayaraq, Azərbaycanın COP29 sədrliyinin əsas prioriteti olan iqlim maliyyəsi mövzusunda bir sıra həlledici elementlər, xüsusilə iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət məqsədinin razılaşdırılması istiqamətində əldə etdiyi vacib nəticələrin əhəmiyyəti qeyd olunub", - məlumatda vurğulanıb.

Diqqətə çatdırılıb ki, qarşı tərəf, eyni zamanda, postmünaqişə dövründə mövcud regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, delimitasiya üzrə aparılan işlər, habelə sülh gündəliyinin irəlilədilməsinin qarşısında duran mövcud çətinlik və çağırışlar barədə məlumatlandırılıb:

"Keçmiş münaqişə, o cümlədən postmünaqişə dövründə üzləşdiyimiz ikili standartlar probleminin təəssüf doğurduğu, regional sülh və quruculuq səylərinə xidmət etmədiyi vurğulanıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni gündə, Azərbaycan və Niderland Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Niderland tərəfindən isə xarici işlər nazirinin müavini Marsel de Vink rəhbərlik edib".