BMT nümayəndəsi: Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu Azərbaycan üçün əhəmiyyətli olacaq

BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) nümayəndələri 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) uğurla keçirilməsinə hazırlıq çərçivəsində Azərbaycan hökuməti ilə fəal əməkdaşlıq edirlər.

Bunu “Report”a UN-HABITAT-ın icraçı direktoru Anaklaudiya Rossbax bildirib.

"Mən WUF13-ə hazırlıqlarda birbaşa iştirak edirəm. Bakıya səfərim zamanı Azərbaycan hökuməti ilə söhbət aparmaq imkanım oldu. Mənim komandam isə artıq tədbirə hazırlıq çərçivəsində ölkəyə iki-üç missiya həyata keçirib. Buna görə də biz maraqlı tərəflər üçün mükəmməl platformanın hazırlanması üzərində daim işləyirik. Hesab edirik ki, bu urbanistik forum təkcə dünya şəhər birliyi üçün deyil, həm də Azərbaycan üçün əhəmiyyətli olacaq", - A.Rossbah vurğulayıb.

O xatırladıb ki, 12-ci Ümumdünya Şəhərsalma Forumu (WUF12) 2024-cü il noyabrın 4-8-də Qahirədə (Misir) keçirilib:

"Əvvəlki forum ötən il Qahirədə keçirilib. Orada bizim yerli maraqlı tərəflərlə bir həftəlik qarşılıqlı əlaqəmiz oldu. Buna görə də biz forumdan əvvəl və forum zamanı Azərbaycandakı şəhər problemlərini müzakirə etmək imkanımızın olacağına ümid edirik. Həmçinin inanırıq ki, forum ölkə üçün müəyyən bir irs qoyacaq".