- Paytaxt
- 11 Aprel 20:55
- 4 848
Elçin Əmirbəyov Ermənistanla sülh müqaviləsi haqqında: Prosesin yalnız birinci hissəsi başa çatıb

Azərbaycan sülh sazişinin imzalanması üçün əmin olmalıdır ki, Qarabağa iddialardan imtina təkcə Ermənistan hakimiyyətinin yanaşması deyil, həm də bütövlükdə Ermənistan cəmiyyətinin mövqeyini əks etdirir.
Aznews.az xəbər verir ki, bunu Braziliyanın “Folha de S.Paulo” nəşrinə müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.
Onun sözlərinə görə, sülh sazişinin mətni üzrə razılaşma mühüm mərhələni əhatə edir, lakin bu, hərtərəfli nizamlanma yolunda yalnız ilkin addımdır.
“Razıyam ki, sülh sazişinin mətni üzrə danışıqların başa çatması çox mühüm mərhələdir. Amma mahiyyət etibarı ilə o, (sülh prosesini nəzərdə tutur – red.) daha geniş məfhumdur. Deyərdim ki, bu, iki fəsildən ibarət kitab kimidir və bütün kitabı oxuduğunuzu demək üçün hər iki fəsli oxumaq lazımdır. Birinci fəsil başa çatıb, çünki Azərbaycanın hazırladığı və Ermənistana təklif etdiyi sülh sazişinin mətninin razılaşdırılmasına iki ildən çox vaxt sərf etdik. Bu nəticəyə nail olmaq üçün kifayət qədər siyasi iradə və çeviklik nümayiş etdirdik. Lakin hər şeyin artıq edildiyini və sadəcə imza qaldığını düşünmək düzgün olmazdı. Kitabın ikinci fəsli qalmaqda olan iki əsas maneəyə həsr olunub”, - Prezidentin nümayəndəsi vurğulayıb.
Sülh sazişinin imzalanmasına əsas maneələrdən danışan Əmirbəyov Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının mövcudluğunu, o cümlədən ATƏT-in bir sıra lazımsız institutlarının (Minsk Qrupu) hələ də varlığını qorumasını bu baxımdan xüsusi vurğulayıb.
“Deyərdim ki, bu şərtləri yeni və ya süni adlandırmaq ədalətsizlik və qeyri-dürüstluk olardı. Çünki biz iki ildən artıqdır ki, buna nail olmağa çalışırıq. Hesab edirik ki, Ermənistan Konstitusiyasından sülh sazişinin mətninə və ruhuna zidd olan məqamları çıxarmaq lazımdır. Biz gələcəkdə kiməsə bu münaqişəyə qayıtmaq üçün nəzəri şans belə vermək istəmirik. Ermənistan səmimiyyətlə sülh sazişi bağlamaq istəyirsə, Konstitusiyasının bu hissəsini dəyişdirmək üçün lazım olan hər şeyi etməlidir”, - o söyləyib.
Azərbaycan Prezidentinin nümayəndəsi xatırladıb ki, sülh sazişinin mətninin razılaşdırılmasına iki ildən artıq vaxt lazım olub.
“İndi o, bir kənarda qalır və biz gözləyirik. Top Ermənistandadır. Onlar bizi əmin etməlidirlər ki, Qarabağa olan iddialarından birdəfəlik imtina ediblər. Özü də təkcə hökumət deyil, bütünlükdə Ermənistan xalqı. Çünki bizim üçün bu sazişi təkcə baş nazir Nikol Paşinyan hökuməti ilə imzalamamaq vacibdir. Erməni xalqı Qarabağa iddialarından imtina etməyə hazır deyilsə, hansı sülhdən danışmaq olar?!”, - Əmirbəyov sözlərinə əlavə edib.