Bakıda BRAF-ın XI Toplantısı keçirilib

Bakıda Azərbaycan Audiovizual Şurasının təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) XI Toplantısı baş tutub.

BRAF region ölkələrinin yayım tənzimləyici qurumları arasında dialoq və əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması məqsədilə yaradılmış mühüm regional platformadır.

Toplantıda Serbiya, Rumıniya, Yunanıstan, Albaniya, Bolqarıstan, Türkiyə, Moldova, Gürcüstan və Azərbaycanın audiovizual media sahəsi üzrə tənzimləyici qurumlarının 30-dək rəhbər və səlahiyyətli nümayəndələri, həmçinin, Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Medianın İnkişafı Agentliyinin məsul şəxsləri və media təmsilçiləri bir araya gəlib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Audiovizaul Şuranın sədri İsmət Səttarov foruma qatılan qonaqları salamlayıb, qarşıda duran məsələlərdən danışıb:

"Bu toplantının əsas mövzusu media xidmətlərində uşaqların müdafiəsidir. Düşünürəm ki, qurumların birgə səyi nəticəsində bu sahədə müəyyən irəlliləyişlər əldə olunacaq" .

QDİƏT Daimi Baş katibinin birinci müavini Merve Safa Kavakç Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla daha yaxın əməkdaşlıqların qurulmasının əsas prioritet olduğunu vurğulayıb:

"Audiovizual medianın tənzimlənməsi, media xidmətlərində uşaqların müdafiəsi və digər sahələrdə əməkdaşlıq, layihələrin həyata keçirilməsi üçün Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq qarşımızda duran əsas hədəfdir".

Daha sonra Türkiyə Radio-Televiziya Üst Qurumunun (RTÜK) vitse-prezidenti Dəniz Gülər jurnalistlərə açıqlamasında uşaqların mediadakı zərərli platformalardan uzaqlaşa bilməsi üçün media savadlılığının həm uşaqlarda, həm də valideynlər arasında artırılmasının vacibliyindən danışıb:

"Uşaqlar günün dörd saatını təxminən rəqəmsal platformalarda keçirirlər. Onların üstünlüyü və zərərli təsirləri barədə bu gün müzakirələr baş tutdu. Bizim Türkiyənin Elm və təhsil nazirliyi ilə də əməkdaşlığımız var. Əməkdaşlıq çərçivəsində medianın təhlükələrindən qorumaq uşaqlara və müəllimlərə təlimlər keçirik".

QDİƏT Daimi Beynəlxalq Katibliyinin Baş katibinin birinci müavini Merve Safa Kavakçı da uşaqları medianın ziyanlı tərəflərindən mümkün qədər qorumağın zəruriliyindən bəhs edib.

Qeyd edək ki, tədbir çərçivəsində son zamanlar da üzv ölkələrdə audiovizual medianın tənzimlənməsi sahəsində baş verən yeniliklərə həsr olunmuş ümumi sessiya, habelə “Uşaqların müdafiəsi sahəsində hüquqi tənzimləmə və onun effektiv icrası” və “Uşaqların müdafiəsidə media savadlılığının və valideyn nəzarətinin rolu” mövzularında panel sessiyaların təşkili nəzərdə tutulub.