- Köhnə - Cəmiyyət
- 3 Fevral 2016 14:33
- 8 735
Səfərbərlik idarəsi ləğv oluna bilər – Müzakirələr başlayıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Müdafiə Nazirliyinə birləşdirilə bilər.
AzNews.az xəbər verir ki, bu barədə miq.az saytı məlumat yayıb. Məlumata görə, artıq bu barədə müzakirələr başlayıb.
Sayt yazır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iqtisadi böhrana qədər də özünü doğrultmadığı hamıya bəllidir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tək Müdafiə Nazirliyinin müvafiq qurumunun deyil, Azərbaycanda olan bütün silahlı qüvvələrə kadrların hazırlanması və səfərbər olunub göndərilməsi ilə məşğul olur. İdarə yaranana kimi isə bu missiyanı Müdafiə Nazirliyi həyata keçirirdi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Müdafiə Nazirliyinə göndərdiyi çağrışçılar yenidən tibbi müayinədən keçirlərsə, onda bu qurumun ləğv olunmasına ehtiyac var. Halbuki, MN-nin özünün Səfərbərlik idarəsi mövcuddur. Sayt iddia edir ki, bu gün Müdafiə Nazirliyinin şəxsi heyəti arasında əsgər ölümlərinin azalmasının başlıca səbəbi çağrışçıların hərbi hissələrin tibb məntəqələrində yenidən tibbi müayinədən keçirilməsidir.
Xatırladaq ki, bir müddət əvvəl 30 -a yaxın əsgər sağlam olmadıqlarına görə Müdafiə Naziri Zakir Həsənovun əmri ilə ordu sıralarından tərxis olunmuşdular. Həmin əsgərlər hərbi hissələrin tibb məntəqələrində yenidən müayinə olduqları zaman səhhətlərində problemlər aşkarlanmışdı.