- Köhnə - Cəmiyyət
- 11 May 2017 19:06
- 4 593
Dövlətə xəyanətdə ittiham olunan Nardaran sakininə hökm oxundu
Dövlətə xəyanətdə ittiham olunan Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə qapalı keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, N. Kərimov 7 il şərti cəza alıb. Digər şəxs isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyənləşib.
N. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
Ötən il yanvarın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda isə bildirilir ki, xarici ölkəyə casusluq edən Azərbaycan vətəndaşını həbs edilib. Azərbaycan vətəndaşı Əhədov İnqilab Xəlil oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi və Azərbaycan dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən olunub.
Bununla əlaqədar İnqilab Əhədov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 27 yanvar 2016-cı il tarixdə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.