- Köhnə - Cəmiyyət
- 12 May 2017 13:33
- 4 316
Qərb Universiteti Yerquruluşu,torpaq, şəhər kadastrı sahəsi üçün mütəxəssis hazırlayacaq
Növbəti tədris ilindən etibarən Qərb Universiteti Yerquruluşu, torpaq və şəhər kadastrı sahəsi üçün mütəxəssis hazırlayacaq.
AzNews.az xəbər verir ki, yeni yaradılmış Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik fakültəsində aparılacaq kadr hazırlığında tələbələr biosferin müasir vəziyyətini və qlobal ekoloji problemləri, ətraf mühitə insanın təsərrüfat fəaliyyətinin təsirinin xüsusiyyətlərini öyrənəcək, həmçinin müxtəlif koordinat sistemləri və geodeziya istinad şəbəkələri, topoqrafik xəritələrin bölünməsi haqqında dərin biliklərə malik olacaqlar. Tədris proqramı və təchizat fərqli metodların tətbiqi ilə plan və topoqrafik xəritələr üzərində sahələrin ölçülməsi ilə bağlı bilik və bacarıqları mənimsəyə imkan verəcək.
Eyni zamanda, tələbələr üçün yer üzərində müxtəlif planalma işlərinin aparılmasında istifadə olunan metodlar və müxtəlif miqyaslı tematik xəritələrin, həmçinin müasir proqram təminatları əsasında rəqəmsal topoqrafik planların tərtibi üsulları, ölçmələrin riyazi hesablanması və geodeziya şəbəkəsinin yaradılması prinsipləri, müasir geodeziya alətləri ilə bucaqların ölçülməsi, yüksəkliklərin təyini üsulları, nivelirləmənin metodları və s. tədris ediləcək. Bundan başqa, tələbələr müxtəlif peyklərdən alınmış məlumatların emalını həyata keçirə, peyk məlumatları əsasında müxtəlif miqyasda xəritələr tərtib edə biləcək və müasir yanaşmaları mənimsəməklə Yer quruluşu, Torpaq və Şəhər Kadastrı sferasında dərin biliklərə malik olmaqla peşəkar mütəxəssis kimi formalaşacaqlar.
Tələbələr ABŞ və Avropanın bu sahədə təcrübəsi olan şirkətləri ilə birgə işlənmiş ən müasir laboratoriyalardan, cihaz və qurğulardan, Geomatika Mərkəzinin imkanlarından yararlana biləcək, beləliklə də praktik bilik və bacarıqlara yiyələnəcklər. Təcrübi biliklərin möhkəmləndirilməsi üçün tələbələrin bu sahədə ixtisaslaşmış yerli və xarici təşkilatlarda, şirkətlərdə təcrübə keçməsi təmin ediləcək. Bütün bunlar isə bu ixtisas üzrə təhsilini başa vurmuş gəncin peşəkar kadr kimi əmək bazarında öz yerini tuta biləcəyinə əminlik yaradır.
Əlavə məlumat üçün bildirək ki, keyfiyyətli təhsilin daha əlçatan olması məqsədi ilə Qərb Universiteti bütün ixtisaslar üzrə illik təhsil haqlarını kəskin şəkildə aşağı salıb.