- Köhnə - Cəmiyyət
- 23 May 2017 16:08
- 4 097
Opera Teatrının əməkdaşları jurnalisti məhkəmədə təhqir etdilər - Qalmaqal
Bu gün Nəsimi Rayon Məhkəməsində "O səs Türkiyə" yarışmasından tanınan müğənni Gülşən İbadova və türkiyəli müğənni Akın Mahmudun şikayətinə baxılıb.
AzNews.az Musavat.com-a istinadən xəbər verir ki, ifaçılar teatrın direktoru Akif Məlikovu, teatrın digər əməkdaşları xalq artisti Samir Cəfərov, əməkdar artist İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Afaq Abbasova, Tural Ağayev, Nərminə Nağıyeva, Asya İsmayılova və Ləman Tağızadə haqqında iddia ərizəsi qaldırıb.
Baş tutan məhkəmə iclasından sonra teatrın adı çəkilən əməkdaşları və digərləri zalda olan "Yeni Müsavat" ın əməkdaşı Xalidə Gəraya hücum edərək, təhdid və təhqir ediblər. Bu azmış kimi incənət nümayəndələri məhkəmə zalının qapısını bağlayaraq, jurnalistin əl-qolundan tutub onun zaldan çıxmasını əngəlləyib, öz təhqirlərinə davam edərək "siz dövlətçiliyin əleyhinəsiz", "sizin nə ixtiyarınız var teatr haqqında yazırsız" kimi və qeyri-etik ifadələr səsləndiriblər.
Daha sonra insidentə hüquq-mühafizə orqanları müdaxilə edib, olayı sakitləşdirməyə çalışıb. Teatrın işçiləri bu hərəkətlərinin səbəbini jurnalistin video və şəkil çəkməsi ilə izah ediblər. Lakin hüquq mühafizə orqanları tərəfindən yoxlanılan jurnalistin üzərindən heç bir video və görüntü aşkarlanmayıb. Teatr əməkdaşları bununla kifayətlənməyib, məhkəmənin həyətində jurnalistin üzərinə gəliblər. Xalq artisti Samir Cəfərov yenidən jurnalistə qarşı hədyanlı ifadələr səsləndirib.
Qeyd edək ki, hakimin qərarı ilə qalmaqallı məhkəmə iyunun 22-dək təxirə salınıb.
Xatırladaq ki, "O səs Türkiyə" yarışmasından tanınan ifaçı Gülşən İbadova və Mahmut Akın öz şikayət iddialarında teatrın əməkdaşları tərəfindən yayılmış məlumatların həm saytlarda, həm də sosial şəbəkələrdə təkzib edilməsi, barələrində söylənilən təhqiredici ifadələrə görə ölkə ictimaiyyəti qarşısında üzr istəmələrini tələb edib. Həmçinin G.İbadova və A.Mahmud dəymiş zərərin əvəzi kimi həmin şəxslərin hər birindən 30 min manat məbləğində pul iddiası irəli sürüb (ümumilikdə 270 min manat).