- Köhnə - Cəmiyyət
- 8 Sentyabr 2018 20:57
- 4 516
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından növbəti reyd
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən 168 nömrəli “Qaynar xətt”inə vətəndaşlar tərəfindən daxil olan çoxsaylı şikayətlər nəzərə alınaraq Bakı şəhərinin inzibati rayonlarında yerləşən şadlıq evlərində və bir sıra digər ictimai iaşə obyektlərində monitorinqlər keçirilib. Monitorinqlər zamanı atmosfer havasından götürülən nümunələrin fiziki-kimyəvi analizlərinin nəticələrinə görə müəyyən edilib ki, əksər restoranlarda atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarı yol verilən qatılıq həddindən dəfələrlə artıqdır.
Bununla bağlı nazirlik tərəfindən ictimai iaşə obyektləri və şadlıq evlərinin sahiblərinə xəbərdarlıq olunub, onlarla görüşlər keçirilib və müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması üçün müəyyən vaxt verir.
AzNews.az Azərtac-a istinadən xəbər verir ki, obyektlərə may ayında edilən xəbərdarlığın müddətinin sentyabrın 1-də başa çatmasına baxmayaraq, bir sıra obyektlər hələ də təmizləyici qurğu vasitəsilə tüstünün tənzimlənməsinə başlamayıb. Bu səbəbdən artıq bir neçə gündür ki, nazirlik və icra hakimiyyətinin əməkdaşları tərəfindən tapşırığa əməl etməyən obyektlərin cərimələnməsinə başlanılıb.
Növbəti belə reyd sentyabrın 8-də Xətai rayonu ərazisində yerləşən restoran və iaşə obyektlərinə təşkil olunub. Mətbuat nümayəndələrinin də iştirak etdiyi reydlər zamanı restoranlardan havaya atılan tüstü müşahidə olunub və cihazlarla atmosfer havasının çirklənmə səviyyəsi yoxlanılıb.
Qeyd edək ki, reydlər bir neçə gün davam edəcək.