Kamal Abdullanın hava öpüşü

Kamal Abdullanın müsahibəsini oxudum.

Hər kəlmənin deyiliş tərzi, ahəngi "hamıdan ağıllı – mənəm", "yeganə ağıllı adam mənəm" – deyir.
Təkəbbür, təkəbbür, təkəbbür!

İradlardan biri AYB-nin nəşrləri haqdadır: "AYB-də fəaliyyəti düz-əməlli bir ədəbi orqanı yoxdur ki, çap olunmaq istəyim..."

Bu cümlədən yuxarıda isə oxuyuruq: "Ulduz" jurnalındakı intervümü diqqətlə oxumaq kifayətdir ki, mənim nə demək istədiyim anlaşılsın..."
Bir sözlə, bir-birini döyən iki fikir.

Özü-özlüyündə AYB-nin nəşrlərindən narazılıq çoxdan var. Və hətta Birlik sədri Anar "Ədəbiyyat" qəzeti ilə bağlı iradlarını dəfələrlə dilə gətirib. Elə başqa yazalar da. Amma bu iradlara yadımda qalan bir məntiqli cavab da qəzetin baş redaktoru Ayaz Vəfalının dilindən səslənib: "Qoy onlar qəzeti tənqid eləmək əvəzinə, "Ədəbiyyat"a yaxşı yazılarını göndərsinlər".

Düz demirmi?
Son dəfə kim öz ədəbiyyat üçün dəyərli yazısını "Ədəbiyyat" qəzetinə göndərib?

Milli ədəbiyyat, AYB, Birliyin nəşrləri və s. bağlı tənqidi qeydlər də əksər vaxt iki tərəfin ikisi də haqlıdır. Hər bir tərəf lazım gəldikdə məntiqli tutarqalar göstərir. Amma Kamal Abdulla demiş, "bu, yatmış gözəli diriltmək üçün hər şey var, bircə ən vacib olan öpüşdən başqa".
Bax məsələnin mühüm tərəfi də məhz budur. Yəni ədəbiyyatı uzaqdan-uzağa sevirəm demək, ona "hava öpüşü" göndərmək azdır, ədəbiyyatın canlı, intim təmasa – "öpüş"ə ehtiyacı var.

Bu mənada ədəbiyyat füsunkar, misilsiz, təkrarsız bir gözələ bənzəyir. Ona hamı öz sevgisini izhar edir. Amma sözdə. Və bu sözün səmimiliyini hələ isbatlamaq lazımdır. Amma necə?

Sevgi – ilk növbədə fədakarlıqdır, özünü qurban vermədir. Amma hələ ki ədəbiyyata sevgi izhar edənlərin "səna fəda olum" deyə özünü oda-közə atdığı görünmür.

Mən əlbəttə, bunu küll halında demirəm. Ədəbi fəaliyyət, ədəbi yaradıcılıq ayrı-ayrı fərdlərin əzmkar fəaliyyətində qalıb. Elə Kamal Abdullanın da. Amma küldən gül yaratmaq üçün ümumi, yaxud qrup şəklində cəfakeşlik lazımdır. Hələ ki bu yoxdur və olmadığından ədəbiyyatımız ayrı-ayrı şəxslərin adıyla bağlı hücrələrdən ibarətdir.

Özlüyündə bu, elə ədəbiyyatın, daha doğrusu, AYB-nin timsalında rəsmiləşmiş ədəbiyyatın gerçək mənzərəsini göstərir. Yəni "yazıçı", "şair", "tənqidçi" adlanacaq bir ovuc adam qalıb. Yerdə qalanlar yalnız zahiri bolluğu göstərən, daha doğrusu, kəmiyyəti ehtiva edən boş xanalardır. Deməli, hətta bir ovuc, sayca iki əldəki barmaqların qədər olan keyfiyyətli qrup ədəbiyyatla "sadomazoxist ayin"də iştirak etməlidir. Amma gerçəkdə bu qrup da şəxsi umu-küsülər, qısqanclıqlar, hesablaşmalarla birləşmək arzusundan çox-çox uzaqdır. Elə Kamal Abdullanın "Çingiz Abdillayev bəyəm AYB-də işləyir? Mən elə bilirdim, o PEN klubun prezidentidir…" atmacası bunu isbatlamırmı?!

"Tənqidçi unutmalıdır ki, o HÖKMƏN əsərdə mənfi bir məqam tapmalıdır. Təhlil nəyi gətirir, onu da gətirməlidir. Yoxsa ki, istedadı ilə istedadsızlığı bilinməyənlər bir də görürsən az qala özləri icad etdikləri zərrəbinlə tərif, təqdir və inkarlarının dərəcəsini hətta ölçə bilirlər.

Özünü tənqidçi missiyasında görənlər (duyanlar!) müxtəlif yaş və estetikaların nümayəndələrini bir kontekstdə alıb, belə bir termini işlətmək istəyirəm, komparativist təhlil aparmaq cəhdini nümayiş etməlidirlər", – Kamal Abdullaya etirazım yoxdur. Amma son illərdə müxtəlif nəşrlərdə, o cümlədən "525-ci qəzet"də dərc edilən demək olar ki, bütün tənqidçi məqalələrinə nəzər yetirmişəm. Bu yazılarda ədəbiyyatşünas təhlili, tənqidçi qeydləri yox dərəcəsindədir. Sanki hamı öz mütaliə səviyyəsini göstərir. Tolstoydan iqtibas edilmiş fikir, Dostoyevskidən sitat... vəssalam, çırmanmış dizlər dənizə baş vurmaq əvəzində, sahil kənarında gəzinti.

Üzrlü bilin, başqa bənzətmə tapmadım.

Elə "hava öpüşü" ifadəsi də buna bənzər bir şeydir...

AzNews.az