- Köhnə - Cəmiyyət
- 3 Oktyabr 2013 15:08
- 2 466
Metropolitendəki kameraların iş prinsipi
Metropolitendən Trend-ə verilən məlumata görə, son 10 ildə Bakı Metropoliteninin əldə etdiyi ən böyük nailiyyətlər sırasında videomüşahidə sistemlərinin tətbiq olunması, onun təkmilləşdirilərək yeni məzmun və forma kəsb etməsi xüsusi yer tutur.
Bakı Metropolitenindən bildirilib ki, təhlükəsizliyin təmin olunmasında videomüşahidələrin payı daha çoxdur. Əldə olunan görüntülər ən operativ və dəqiq məlumatların təhlil olunmasına real zəmin yaradır. Eskalatorların, yolayrıcı qurğuların işini, qatarların hərəkətini və sərnişin axınını tənzimləmək, onların təhlükəsizliyini təmin etmək, baş verə biləcək hadisələrin operativ surətdə qarşısını almaq, vacib obyektlərin mühafizəsini təşkil etmək məqsədilə metropolitendə 2000-ci ildən videomüşahidə sistemi tətbiq edilir.
2009-cu ildən sistemdə əsaslı yenidənqurma işlərinə başlanılıb: yeni rəqəmli videokameralar tətbiq olunub, mərkəzləşdirilmiş şəbəkə yaradılıb. Müasir texnologiyalar işıqlandırılması zəif olan yerlərdə də yüksək keyfiyyətli görüntü əldə etməyə imkan verir.
Yeniləşmiş sistem 3 böyük əməliyyatı yerinə yetirir. Birincisi, görüntünün əldə olunması və birbaşa videomüşahidənin aparılmasıdır. İkincisi, sistem həm də sərnişinlərin sayını müəyyən edir. Hər stansiyada avtomat-nəzarət məntəqəsindən keçən sərnişin dərhal qeydiyyata alınır. Beləcə, gün ərzində hər stansiyadan, hətta hər girişdən, hər nəzarət məntəqəsindən keçən sərnişinlərin sayı avtomatlaşdırılmış qaydada hesablanır. Avadanlıq həm də hər məntəqədən daxil olan şəxsin neçənci sərnişin olduğunu arxivləşdirir.
Üçüncüsü və ən vacibi, videomüşahidə sistemi stansiyaya daxil olan sərnişinin kimliyini də müəyyən edə bilir. Serverlərdə xüsusi fotolaboratoriya sistemi proqramlaşdırılıb. Bazada hüquq mühafizə və təhlükəsizlik xidmətlərinin təqdimatı əsasında təhlükəli və axtarışda olan, müxtəlif cinayətlərdə şübhəli bilinənlərin fotoşəkilləri yerləşdirilir və bu əsasla proqram özü eyniləşdirmə aparır.
AzNews.az