TV rəhbərlərinin dostu olan çöpçünün malikanəsindən REPORTAJ

Orda bir ev var. Yol kənarlarında aparılan abadlaşdırma işləri möhtəşəmliyi ilə diqqəti çəkən evin gözəlliyinə gözəllik qatıb. Maraqlısı isə odur ki, hamı o evin kimə məxsus olduğunu bilir. Yolu düşən də, düşməyən də. Hamı bilir ki, təpə başındakı o ev bir "çöpçü"yə məxsusdur.


"Şəfa yolu" "su yoluna dönür"

Söhbət "Şamaxinka" adlanan yerdən yeni avtovağzala sarı azacıq enən kimi, Bakı-Sumqayıt yolunun sağ tərəfində təpənin başında olan evdən gedir. Biləcəri qəsəbəsi ərazisində olan ev "çöpçü" kimi tanınan Sahibə adlı xanıma məxsusdur. Evin qarşısında daim çoxlu avtomobillər dayanır. Bəzən hətta o qədər çox olur ki, tıxac yaranır. Yolda avtomobillər üçün dayanacaq yei nəzərdə tutulmadığından, çöpçüyə gələnlər avtomobillərin hərəkətinə maneə olur, hətta qəza şəraiti yaratmış olurlar.

Şosedən evə doğru qalxan əyri dar yol bura üz tutanlar üçün "şəfa yolu" ikən tezliklə "su yolu"na dönür. Bir gələn bir daha gəlir. Çünki yeyərkən ilişib qalan qida qalığı özünə boğazda məskən salır. Deyilənə görə körpə müəyyən yaşa çatana qədər qida qalığının qaldığı həmin yerdə qalıq qalmağa davam edir və kənar müdaxilə olmadan çıxması müşkülə çevrilir. Qızdırma və narahatlıqla müşahidə olunan problem valideynin yolunu çöpçüyə salır. AzNews.az da "Şəfa yolu"nun yolçusu oldu. Getdik ki, bu evin sahibini də, mütəmadi ziyarətçilərini də yaxından tanıyaq. Mülkün qarşısında bir skamya qoyulub. Burada qoca qadın və təqribən 30 yaşında kişi oturub. Çöpçünü gözlədikləri bəllidir. Elə bunu düşünürdük ki, bizimlə söhbətə çox həvəslə qoşulan cavan adam yanında oturmağa dəvət etdi: "Axırıncı mənəm. Gəl, otur, gözlə". Burada oturan qoca nənə söhbətə başlayır. Dediyinə görə, "çöpçünün" daimi müştərisidir. Gədəbəydən gəlib. Çöpçü Sahibənin oğlu hərbi xidmətdən qayıdır. O da ailəyə gözaydınlığına gəlib. Qoca nənə deyir ki, çöpçüyə hər yaşda adam gəlir. Elə indi də Sahibəni gözləyənlərin sayı hesabı yoxdur. Davamlı olaraq gəlirlər. Burada həmişə növbə olur. Digər həmsöhbətim də nənənin dediklərini təsdiqləyir. Elə o özü də çöpçüyə gəlib...

Çöpçüyə yalnız körpələri gətirmirlər

Öz ayağı ilə gəlib çöpçüdən mədət umanlar da varmış... Həmsöhbətim deyir ki, bu gün yemək yeyərkən boğazında qılçıq qalıb. Nə illah eləyib, qılçığı çıxara bilməyib. Son çarə olaraq, çöpçüyə gəlib ki, onu bu dərddən xilas eləsin. Adını deməyən kişi həmsöhbətimin düşdüyü vəziyyət, deyəsən, ona gülməli gəlir. Yəqin elə bu səbəbdən də çöpçünün növbəsini körpələrlə birgə gözləyə bilməyib.

Böyük mülkün kiçik qapısı

Onlardan ayrılıb çöpçünü gözləyənlərin yanına getməyə tələsirik. Böyük mülkün kiçik qapısından içəri girən kimi qarşımıza yarımqaranlıq bir dəhliz və yuxarı qalxan pilləkən çıxır. Sol tərəfdəki qapının üstünə "Çöpçü" yazılıb. Növbə qapının qarşısından sonuncu pilləyədək uzanır. Ata-analar, onların yaxınları – hər kəsin qucağında və ya yanında bir uşaq var... Uşaqların əksəriyyəti isə 1-2 yaşlı uşaqlardır. Əksəriyyətinin də buraya ilk gəlişi deyil. Məsələn, Qumru xanım deyir ki, oğlu İsmayılın 3 yaşı var. Onun bacısı Yasəmənlə birgə gətiriblər. İkisi də tez-tez burnunda qalan qida qalığından əziyyət çəkir. Qumru xanımım sözlərinə görə, ayda bir dəfə yollarını mütləq çöpçüdən salırlar. Gülarə xanım isə 6 aydan bir gəldiyini deyir. Əlindəki körpə 1 yaş 3 aylıqdır. Artıq onu da ikinci dəfədir ki, "çöpçü"yə gətirib. Hamza və Selcan isə əkizdir. Onların anası Samirə xanım uşaqları həmişə birlikdə gətirməyə məcburdur: "Bir dəfə birini gətirdim, o birini yox. Evə qayıdandan sonra gördüm ki, o birinin də narahatlığı var. Elə həmin gün onun üçün də gəlməli oldum. Yəni, bir gündə 2 dəfə də gəlmişəm bura". 6 yaşlı balacanın anası söhbətə qoşulur. Xatirə xanım deyir ki, oğlu Arif burnunda qida qalan kimi hiss edir: "Özü deyir ki, məni çöpçüyə apar". Ancaq oğlu etiraz dolu səslə: "Mən deyirəm ki, məni çöpçüyə apar"? Ana-bala biri-birinə baxıb susurlar. Elə bu kifayət edir ki, uşaqların çöpçüləri sevmədiyini anlayaq. Samirə xanım deyir ki, çöpçülük xalq təbabətinin bir növüdür. Ona görə də uşaqlarını çöpçüyə gətirməyə çəkinmir.

Bir uşağımı itirdim çöpçüyə görə

Müslim isə 1 yaş 6 aylıqdı. Hər ay valideynləri onu çöpçüyə gətirir. Atası Faiq deyir ki, Müslimdən əvvəl bir qızını "çöpə" görə itirib: "Qızımı çöpçüyə yox, Əbülfəz Qarayev adına uşaq klinikasına apardım. Onlar da uşağın ağzını təmizləyərkən burnunda pambıq qoyublar. Uşaq 4 ay sonra K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda öldü. 4 ay ərzində onu İrandan, Türkiyədən belə gəzdirdim. Müayinə etdirmədiyimiz yer qalmadı. Hətta bizə uşağın iliyini dəyişdirməyi təklif etdilər. Onu da edəcəkdik, amma heç bir xeyri olmayacaqdı. Çünki problem ilikdə deyilmiş. Ölməzdən 2 gün əvvəl burda olduq. Çöpçü onun burnundan qapqara qaralmış pambıq çıxartdı. İstər uşağı sağaltmaq üçün, istərsə də, həkimi diqqətsizliyinə görə cəzalandırmaq üçün gecikmişdik. 4 ay sonra məhkəməyə də verə bilmədik. Necə sübut edəcəkdir. Gec idi yəni... Odur ki, indi həkimdən əvvəl buraya gətiririk"

"ÇÖPÇÜ"

Növbəti müştəri ilə biz də içəri giririk. Çöpçü Sahibənin qəbul otağı da yarımqaranlıqdır. Qapıdan solda divardan güzgü asılıb. Güzgünün qarşısında isə çöpçü əyləşib. Qarşısında kiçik divan var və buraya müştərilər oturur. Divar boyu göz gəzdiririk. Budur, quraşdırılmış monitor dörd yanda izləmə kameraları... Deməli, çöpçü bu otağa qədərki fəaliyyətimizdən xəbərdardır. Amma o, vaxt itirmədən işə başlayır. Valideyn uşağı qucağına götürüb divanda oturub. Çöpçü ağzını uşağın burnuna yaxınlaşdırıb üfürür. Ovcuna düşən qida qalığını atır. Sonra əlindəki salfetlə öz ağzını silir. Uşağın burnundan xiyar qırıntısı düşür. Valideyn təəccüb dolu baxışlarla "nə yeyirsə, burada da o çıxır" deyir. Çöpçü bizimlə söhbət eləməyə etiraz edir. Məsuliyyəti də həyat yoldaşının üzərinə atır: "Yoldaşım gədəbəylidi, icazə vermir. İndi çıx. Burada gözləmək olmaz. Gözlə, hamını yola salım, sonra danışarıq. İndi yoldaşıma xəbər verərəm, gələr".

Dağlar oğlu nə gəzirsən, bu təpə başında

Çöpçünün ərini görəndə ağlımdan bu keçir. Bəlkə də evinin təpə başında olması, onun dağlardan gəlməsinin nəticəsidir? Nə isə. Ər kabinetə yuxarıdan düşür. Biz isə çöpçü kabinetindən çıxıb skamyaya qayıdırıq. Sahibə xanımın müştəriləri ilə söhbətləşə-söhbətləşə çöpçünün həyat yoldaşının qərarını gözləyirik. Nəhayət, ər-arvad məşvərətdən sonra çöpçü Sahibənin əri bizə yaxınlaşıb nə istədiyimizi soruşur. İstək - o qədər də böyük bir şey deyil. Ancaq Fəxrəddin adlı gədəbəyli ərin başqa təklifi var: "Get, 2 gündən sonra gəl. Mən səni hardan istəsən götürərəm. Gedib yeyib-içərik. Sənə arvad lazım deyil. Neynirsən arvadı. Sənə mən lazımam". Bəlkə də maraqlı "təklif"dir. Yeyib-içmək məclisində çöpçü özü olmayacağı üçün rədd etməli oluruq. Min dil töküb, min dərədən su gətiririk ki, dağlar oğlunun dilindən bir "hə" kəlməsi alaq. Ancaq arvadının öz işindən danışması üçün ərinin razılığını almaq, kəskin iqlim şəraitindən çıxan adamın başındakı sərt havanı çıxartmaq elə də asan görünmür. Deyir ki, arvadını televiziyalar yalvarıb apardılar, qəzetlər yazdılar. Bunların nə xeyri var? Bəs, nə xeyir gözləyir, görəsən, dağlar oğlu? Cavabı çox sərt olur: "Pul. 5 paçka, 10 paçka pul lazımdır. Varındır?" Yeyib-içmək təklifindən sonra isə rüşvət təklifi alırıq. Jurnalistləri dilənçilikdə suçlayan çöpçü Sahibənin əksinə olaraq, əri əlini cibinə salıb bir topa pul çıxarır və orada bizə düşən payı axtarır: "Götür, çıx get, mane olma. Vermir müsahibə. Vaxt yoxdur. Mən getməliyəm. Onun da vaxtı yoxdur. Danışmır. Onun ağzının düyməsi mənim əlimdədir. Mən istəyəndə, düyməni basıram, danışır, istəməyəndə danışmır". Bu təklif də rədd olunanda əsəbi və kobud Fəxrəddin bəy ortaq dost axtarmağa başladı: "Əflatun Amaşov mənim dostumdur" – deyir. Fəxrəddin bəylə ortaq məxrəcə gələ bilmirik və o, getməkdən başqa çıxış yolu olmadığını deyib uzaqlaşdı. Bu vaxt boğazında qılçıq qalan ilk həmsöhbətim çöpçünün yanından çıxdı. Dediyinə görə, dərdinə dəva tapıb. Artıq qılçıq çıxarılıb. Görəsən, çöpçü onun da boğazından qılçığı uşaqlardan çıxartdığı kimi çıxarıb? Həmsöhbətim "Yox başqa cür" deyib sürətlə oradan uzaqlaşdı. Başqa nə cür çıxara bilər ki?!

Qapı arxasında qalanlar

Sahibə xanımın daha bir müştərisi də çıxıb getdi. Amma növbə azalmır. Gedənin yerinə başqası gəlir. Mülkün qonağı, ev sahibinə gözaydınlığına gələn nənə də hələ buradadır. Fəxrəddin bəylə uğursuz söhbətin təsiri altında skamyada oturub qoca nənə ilə söhbətimizə davam etdik. Hər ikimiz qapı arxasında qalmışıq. Görünür, ortaq tale sözümüzün yaxşı tutmasına səbəb olub. Olandan-keçəndən danışırdıq ki, yuxarıdan səslədilər. Yəqin ki, kameralar evdən uzaqlaşmadığımızı göstərdiyindən Fəxrəddin bəy qərarına yenidən baxıb, düşüncəsi ilə səs gələn tərəfə getdik. Çağıran Fəxrəddin bəy idi. Təəccüblə, "bəlkə dağlar oğlu yumşaldı" deyib sevincək onun arxasınca getdik. Amma yanıldıq. Əri qoyub, indi də arvadı danladı. Çöpçü Sahibə üzünü turşudub bizi onun vaxtını almaqda qınadı: "Mənə lazım deyil. Lazım olsa, telekanal rəhbərləri hamısı mənim müştərilərimdi. Çəkib göstərərlər". Aqressiv çöpçü jurnalistlərdən də şikayətləndi. Dediyinə görə, onu şantaj eləyənlər də var. Ancaq çöpçü belə şeylərdən qorxmur. Mülkünün yaxşı mühafizə olunduğuna işarə vuraraq dedi: "Neçəsini buradan qovmuşam. Burada öz quraşdırdığımız kameralar da çəkir, hökumət də çəkir. Məni şantaj edəni, pul istəyəni bir neçə dəqiqənin içində tutduraram. Çağırsam, hamısı tökülüb gələr bura". Bir sözlə, çöpçü hər şeydən danışdı, bircə özündən savayı.

Qarabağ qızının güclü nəfəsi

Deyirlər ki, çöpçülərin güclü nəfəsi olur. Onların bacarıqları da məhz bununla qiymətləndirilir. Güclü nəfəs sahibi olan Sahibə xanım qarabağlıdır. Qarabağ torpağından çıxanların güclü nəfəsi olduğu heç kimə sirr deyil. Muğam ifaçılarının bu torpaqdan çıxması onların bu özəlliyinin nəticəsidir. Sahibə xanım isə muğam oxumaqda yox, çöpçülükdə uğur qazanıb. Tibb təhsili olmasına baxmayaraq, çöpçülük etməsi Sahibənin bu işin həkim maaşından daha çox gəlir gətirəcəyini düşünməsi ilə əlaqələndirilə bilər. Özünün dediyinə görə isə, çöpçülük allah vergisidir və bu vergi ona 21 ildir ki, verilib.

Vergi ödəyicisidirmi?

Vergi demişkən, çöpçünün vergi ödəyicisi olub-olmadığı da başqa suallarımız kimi cavabsız qaldı. Müştərilərinin ardı-arası kəsilmədiyini nəzərə alsaq, yəqin çöpçü Sahibə ən böyük vergi ödəyicisidir. Bəlkə də dövlət onun gəlirindən bir qəpik də götürmür. Çöpçü Sahibənin mətbuatdan ehtiyatlanması, onun barəsində yazılmaması üçün vəsaitlər ödəməyə çalışması bunu deməyə əsas verir. Əslində, o özü də müştərilərdən böyük vəsait almır. Hər müştərisindən 5-10 manat alır. Müştəriləri də bu barədə danışmaq istəmədiyindən çöpçünün qiyməti barədə dəqiq rəqəm əldə edə bilmədik.

Bu dərdin birdəfəlik həlli də varmış

Sahibə xanım demədi... Ancaq danışılana görə, çöpçülərin yolu "su yolu"na çevrilməyə də bilər. Bəzi insaflı çöpçülər müştərisinə əlavə tədbirlərlə (yaxa qoymaq, "bağlamaq" da deyirlər) boğazda qida qalığı qalmasını əngəlləyə bilirlər. Yerinə yaxa qoyur, qida qalan yeri bağlayır və uşaqlar bu əziyyətdən birdəfəlik xilas olur. Valideynlərin dediyinə görə, bu, bir az bahalı olsa da, ondan imtina etmirlər. Hər dəfə çöpçüyə 5 manat verməkdənsə, 10 manat verib bu problemi daha uzun müddətə, hətta birdəfəlik həll etmək onlar üçün daha əlverişlidir. Ancaq Sahibə xanım öz müştərilərinə bu təklifi etmir. Səbəbi də məlumdur: o, pul gələn yolu bağlamaq istəmir.

Ruhiyyə
AzNews.az
image description image description image description image description image description image description