Əlillərə pulsuz avtomobillər verildi- FOTO

AzNews.az xəbər verir ki, müharibə əlillərinin dövlət hesabına minik avtomobilləri ilə təminatı istiqamətində növbəti tədbir kimi, oktyabrın 18-də Mingəçevir şəhərində əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun iştirakı ilə 8 nəfər müharibə əlilinə "NAZ-Lifan" markalı minik avtomobilləri təqdim olunub.

Nazir Fizuli Ələkbərov əlilliyi olan şəxslərin hərtərəfli qayğı ilə əhatə olunmasının dövlət başçısının diqqətində dayanan məsələlərdən olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda savaşlarda fiziki sağlamlıqlarını itirərək əlil olmuş insanların yeni mənzillərlə, avtomaşınlarla təminatı işləri ilbəil sürətlənir. İndiyədək 5 minədək mənzil inşa olunaraq müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib və 3800 ədədə yaxın avtomobil müharibə əlillərinə təqdim olunub. Qeyd olunan istiqamətlərdə tədbirlər bundan sonra da uğurla davam etdiriləcək.

AzNews.az