Sevginin burundakı ətiri və ya intim qoxusu...

"Azərbaycan kişisi sərgərdan ruhlar kimi gəzərək bu qadından - o qadına, daim öz yarısını axtarmaqla məşğuldur"


Əvvəlcə bu yazının başlığına baxıb önyarqıyla açan hər kəsi - qəzəbini, bütün günü özünü və ətrafındakıları zəhərləyən hiddətini bir kənara buraxıb, sona qədər oxumasını tövsiyə edərdim. Burda sizi heç kim görmür, amma bəlkə siz bu yazını oxumaqla özünüzün və övladlarınızın gələcyini müəyyən edəcək bir problemin həllini tapmış olacaqsız.

Hər şey mənim Azərbaycanda kütləvilik qazanan burun əməliyyatlarının nə qədər doğru olub-olmaması ilə bağlı araşdırma etmək istəyimlə başladı. Televiziyalarda, ictimai yerlərdə qızların "natıq" burnunu gördükcə robotlar haqqında filmləri xatırlamamaq mümkün deyil. Hər kəsin burnu eyni görkəm almağa başlayıb. Və bu görüntü o qədər sünidir ki, insanda sadəcə ikrah hissi yaradır. Birdə o quyunun dibində gələn, avazı korlanan səs tonları. Təbii ki, hər kəsin ağız-burun quruluşu fərqlidir və bu quruluşu korlamaqla həm görüntünü, həm səsi, həm hissetməni, həmdə əsəbləri korlamaq mümkündür.

Araşdırma nəticəsində belə məlum oldu ki, təkcə Azərbaycanda deyil, bütün dünyada hər iki qadından biri öz burnundan narazıdır. Amma o burunun formasın dəyişdirmək qətiyyən doğru deyil, çünki burun bədənin kəşfiyyat orqanı kimi fəaliyyət göstərir. Ən azından intim münasibətlərdə. Çünki sadəcə burun və onun aldığı qoxu bizə həyatda seçdiyimiz insanın bizim "yarı"mız olduğunu müəyyən etmək qabiliyyətinə malikdir.

Tər iyi

O dəqiqə üzünüzü turşutmağa tələsməyin, tər iyi deyərkən, ayaqdan gələn üfünət nəzərdə tutulmur. Ekspertlər müəyyən edib ki, hər kəsin bədəninin özünəməxsus ətri var. Bu ətrin tərkib hissəsi seksual maddə olan feromondan ibarətdir. Bizim burnumuz feromonun qoxusunu "göydə" tutur. Və burun avtomatik beyinə siqnal göndərir. Əgər bu ətirdəki feromonlar sənə uyğundursa ondan sonra məsələ insan nəzarətindən çıxır, çünki beyinin qərarı ilə mübahisə eləmək mümkün deyil, artıq bizim uzun illər eşq, sevgi kimi bildiyimiz proses başlayır.

Əslində tər qoxusunun ehtiras hiss yaratması ilə bağlı inamlar hələ qədim tayfalarda mövcud olub. Aralıq dənizi ölkələrində bunun üçün xüsusi rəqs oynayan kişilər, qoltuqaltlarına dəsmal qoyar, sonra o dəsmalı xanımlar tərəfə yelləyərmiş (iyrənc olsa belə). Qadınların arasında bu iydən ehtirasa gələn olanda onların "münasibəti" davam edirmiş. Buna bənzər adət Yeni Qvineya tayfaları arasında da olub. Orda tanışlıq zamanı cütlüklər əllərini bir birinin qolunun altına çəkirmiş. Əgər tər qoxusunun qarşı tərəf bəyənirdisə onu öz dərisinə sürtürdü.

Massaçuset universtetinin tədqiqatçıları sübut ediblər ki, kişi təri nəinki qadında ehtiras yaradır, hətta qadının klimaks dövrünün gecikməsinə, onun qadın kimi funksionallığnın uzun illər davam etməsinə də səbəb olur.

Cinsi orqanların qoxusu

Tər qoxusu qədər cinsi orqanların qoxusu da ikili münasibətlərdə çəkici effektə malik olur. Məlumdur ki, hələ məşhur Napaleon Bonoppart növbəti döyüşlərdən qayıdarkən sevimli Jozefinasına "Jozefina, çimmə gəlirəm"- deyə məktub göndərirdi. Orta əsr kurtizankaları da cinsi orqanlarının ifrazını qulaqlarının ardına vuraraq duxi əvəzinə istifadə edirmişlər. Dövrümüzdə isə ailə psixoloqları təmizlikdən əziyyət çəkən, tez-tez çimməyə üstünlük verən qadınların ailələrində problemlər olduğunu, onların ər xəyanəti ilə daha çox üzləşdiyini vurğulayırlar. Bu halda təbii ki, çirkab içində yaşamaq ağla gəlməməlidir, sadəcə gündə 3 dəfə dərisini qaşıyana qədər çimən şəxslər nəzərdə tutulur ki, onların bədənin xüsusi qoxusu qalmır, feromonlar tez-tez yuyulduqda bədənə hopmur.

Dəri və saç qoxusu

Feromonlar təkcə qolaltı və cinsiyyət orqanlarının ifrazında olmur, eləcə də az da olsa, saç və dəridə də olur. Ona görə də hər insan saçlarının spesifik qoxusu olur. Bəzən bizim çox böyük zövqlə iylədiyimiz saçların çirkli olub-olmaması belə önəmli gəlmir. Bəzən isə çox az kirlənən saçlar üfünət qoxusu yarada bilir. Bu da feromonların bizə verdiyi işarədir, o insanın bizə nə qədər uyğun olmasının göstəricisidir. Daha bir önəmli detal isə insan stressli və ya əsəbi olan zaman feromonlar tamamən fərqli və itələyici qoxu verir. Ona görə də bir insanın sizin üçün nə qədər uyğun olub-olmamasını sadəcə sakit vaxtı hiss edə bilərsiniz.

Çox zaman olub ki, biz həyatda çox gözəl qadınla eybəcər bir kişinin xoşbəxt ailə həyatının şahidi oluruq. Ya da iki gözəl tərəfi olan cütlüyün ayrılmasını görürük. Təəsüflənirik, müzakirə edirik, səbəblər isə əsla biz bildiyimiz olmur. O insanlar şüuraltında bir birinin olmadığını anlayır və bu daim stress yaradır. Həmin strees daimi söz-söhbətə, boş yerə yaranan davalara səbəb olur. Məncə bu yazı o davaların əsl səbəbinin nə olduğunu göstərir. Kişi və ya qadın öz yarısını tapmayıbsa, onun burnu daim gəzir, qarşı tərəfini axtarır. Əgər tapa bilmirsə, ya da tapıb birləşə bilmirsə bu onun ömürlük bədbəxtliyi deməkdir. O şəxs heç vaxt öz xoşbəxtliyinə çata bilmir.

Elə ona görə də qadınlarımız ən həssas kəşfiyyat orqanı olan burunlarını qurluşunu dəyişmək qərarı verəndə iki dəfə düşünməlidirlər.

Azərbaycan cəmiyyəti niyə bədbəxtdir?! -

Bütün yuxarıda qeyd olunan faktorları nəzərə alaraq bizim ölkədəki ailə qurmağın milli-mental dəyərlərini gözdən keçirərkən belə qərar vermək olar ki, bu ölkədə xoşbəxt ailə qurmaq yüksək faizlə imkansızdır. Ona görə də Azərbaycan insanı, xüsusilə də Azərbaycan kişisi sərgərdan ruhlar kimi gəzərək bu qadından - o qadına, daim öz yarısını axtarmaqla məşğuldur. Yeni başlanğıclar isə yaş keçdikcə daha çətin olur. O bədbəxt yaşamağa davam edir, evdə isə ailə, namus, gözəllik kriteriyaları ilə alınmış həyat yoldaşı, yəqin ki, həm də uşaqlarının anasını da bədbəxt yaşama məhkum edir. Proses şüuraltı baş verdiyi üçün şəxs özü bundan xəbərsiz də ola bilər, amma nəticədə stressli, daim əsəbi və tez özündən çıxan insanlardan ibarət bir cəmiyyət formalaşır. Bütün bunlar haqqında ətraflı araşdırmanı son bölüm başlığı ilə növbəti yazımda oxuya bilərsiz.....

Leyla Ismayılova
Qafqazinfo.az