- Köhnə - Cəmiyyət
- 27 Oktyabr 2013 20:33
- 28 638
Afət Telmanqızı: “Can Pərvinə, bizə dağ çəkdin..”
"Oktyabrın 22-si ad günü idi. Xəstəxanada koma vəziyyətində qarşıladı. Toylarını da mənim doğum günümdə, noyabrın 7-də etmişdilər. Hələ heç bir illəri tamam olmamışdı. Bəxtəvər başıma, düşünürdük ki, həm evlilik il dönümlərini, həm mənim doğum günümü birgə qeyd edərik"
Oktyabrın 4-də həyata keçirlimiş doğuşdan sonra dünən axşam P.Hüseynova M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında dünyasını dəyişib.
Oktyabrın 26-da Sumqayıt şəhəri 10-cu mikrorayonda P.Hüseynovanın ailəsi yas mərasimi təşkil etmişdi. Həm həmkar kimi başsağlığına, həm də bu durumu işıqlandırmaq üçün mərasimə getdik.
Gözyaşları içərisində bizi qarşılayan Afət Telmanqızı bir müddət özünə gəldikdən sonra yana-yana baş verən hadisələri şərh etdi:
"Pərvinə elə belə qız deyildi. O, mənə bacılıq edirdi. Qardaşım gec, 35 yaşında ailə həyatı qurdu. Heç kəsə könlü yatmırdı. Onları mən tanış etmişdim. Yeganə qız idi ki, qardaşım bəyənmişdi və evlənmişdi. Onun yerini heç kəs verməz, Pərvinə əvəzolunmazdır. O qədər, İlahi o qədər yaxşı gəlin idi ki...." (hıçqırıqlarını saxlaya bilməyərək, nitqini yarımçıq saxlayır).
Afət xanım çətinliklə də olsa sözünə davam edir: "Oktyabrın 22-si öz ad günü idi. Təəssüf, xəstəxanada koma vəziyyətində qarşıladı. Toylarını da mənim doğum günümdə, noyabrın 7-də etmişdilər. Hələ heç bir illəri tamam olmamışdı. Bəxtəvər başıma, düşünürdük ki, həm evlilik il dönümlərini, həm mənim doğum günümü birgə qeyd edərik. Həm də özü istəyirdi ki, uşağa məhz o gün ad qoyulsun. Özü də deyirdi ki, bibisi, nə ad istəyirsən, sən qoy... Can Pərvinə, bizə dağ çəkdin..."
Göz yaşlarını sildikdən sonra yenidən o günləri yada saldı:
"Düzü, axır aylarda yaman qorxurdu. Nəsə narahatlıq, həyəcan duyurdu. Deyirdi, bir şey olsa mənə olsun, balama yox. Elə bil nəsə duyurdu. Can bacı, körpəsini cəmi 2 gün qucağına ala bildi. Amma deyim ki, normal səhhətli birisi idi. Hamiləliyin son aylarınadək işə gedib-gəlirdi. O, Sumqayıtda kollecdə kadrlar şöbəsinin müdiri idi. Qardaşım da, mən də deyirdik ki, yolun uzaqdır, hamiləsən getmə. Amma deyirdi ki, özümü yaxşı hiss edirəm. Bütün hamiləlik dönəmində də daim yoxlamalardan keçib".
Həkimlər Pərvinənin təzyiqi olduğu üçün qeysəriyyə əməliyyatı təklif ediblər: "Doğuşdan 5 gün öncə bura anasıgilə gəlmişdi, onlar dedi ki, burda yaxşı həkim var, doğuş burda olsun. Hansı ana istər ki, övladının başına bəla gəlsin. Amma doğuş kaş Bakıda olaydı...
Doğuş oktyabrın 4-də Sumqayıtda 1 saylı Doğum Evində həyata keçirildi. Pərvinə 2 gün yüksək təzyiqlə olsa belə özünü nisbətən normal hiss edirdi. Daha sonra durumu get-gedə kəskinləşdi. Bizə dedilər ki, təzyiqi ilə bağlıdır. Ağlımıza gəlməzdi ki, bu dərəcədə ciddi vəziyyət var. Durumun getdikcə qəlizləşdiyini gördükdə həkimlər dedilər ki, " biz bilmirik, bizlik bir şey yoxdur".
Helikopterlə "Respublikanski" xəstəxanasına gətirdik. 15 gün də burada qaldı. Ən yaxşı həkimlər baxdı ona. Bir ara düzəlmişdi, bizə dedilər ki, təzyiq filan bir yana, əsas böyrəyi işləsə sağalacaq. Aman Allah, necə sevinmişdik. Amma sonradan məlum oldu ki, əməliyyat zamanı çoxlu qan itiribmiş. Bunu isə bizə heç deməyiblər də".
Söhbətimizin bu məqamında A.Telmanqıznın telefonuna zəng gəldi. Hadisəni qısaca şərh edərək, təşəkkürlərini bildirib telefonu qapatdı. Zəng vuranın professor Adil Qeybulla olduğunu söylədi. Hər kəsin başsağlığı verdiyini, bu səhər ANS-in əməkdaşlarının da mərasimə gəldiklərini söylədi. Yenidən dialoqumuza qaldığı yerdən davam etdi:
"Respublika Klinik Xəstəxanasında olarkən dedilər ki, ciftin bir hissəsi qalıb deyə, qanına zəhərlənmə keçib, gərək əməliyyat edib, qalıqları təmizləyək. Birinci əməliyyatdan sonra ikinciyə də ehtiyac duyuldu. Həmin əməliyyatdan sonra isə özünə gəlmədi, komaya düşdü. Onun əsas ölüm səbəbləri o olub ki, ilk növbədə çoxlu qan itirib, sonra isə cift qalığından qanına zəhərlənmə keçib. Bu isə kəskin böyrək çatışmazlığı yaradıb. Beləcə gəlinimiz dünyasını dəyişdi. Heç nədən! Həkim səhlənkarlığından! Son olaraq ona Nevroloji Mərkəzin həkimi Ələsgər Həsrətov baxdı. Beyninə qan sızdığı üçün öldüyün söylədi. Allah bilir, bəlkə də aparata bağlı qaldığı 8 gündə dünyasını dyişibmiş elə... Aparata bağlı qalmasının mənası olmadığını söylədilər və axşam aparatdan ayırdılar..."
"Mən bu işi belə qoymayacağam" - deyən, A.Telmanqızı bu məsələ ilə bağlı aidiyyatı orqanlara müraciət edəcəyini bildirdi.
"Hərçənd ki, nəsə olacağına ümidim yoxdur. Lakin yenə də bütün hüquqi instansiyalara müraciət edəcəyəm. Bunun məsuliyyətini daşıyanlar cəzasını çəksinlər. Canım ağrıyır... Bu gün qızım Cəmilə Pərvinənin ona aldığı qolbağı göstərib deyir ki, "ana, bax, bunları mənə Pəriş bacı alıb, amma gedirəm onu görmürəm"... Deyirəm anan sənə qurban, onu mənə göstərmə. İnanın, dayana bilmirəm, evə gedə də bilmirəm. Sanki ev üstümə-üstümə gəlir. Hər yerdə qırmızı lentlər var. Heç bir il deyil ki, evlənmişdilər. Dağıtdılar qardaşımın həyatını, dağıtdılar! O qızın yerini heç kəs verməyəcək. Çox gözəl insan idi, otruşunu-duruşunu bilən, intelektli, canıyanıcıl, təmkinli... İndi istəyirəm ki, qızı götürüb özüm saxlayam. Yoldaşım Ülfət də deyir ki, öz qızım kimi böyüdərəm. Bircə odur mənə təskinlik verən. Bilmirəm, bilmirəm qardaşım buna razı olacaqmı...."
Uşağa hazırda gəlinin xalası qızı baxdığını deyən A.Telmanqızı P.Hüseynova ilə yaşadıqları hər günü qəhərlə yada salırdı:
"Bir dəfə baldızımın toyu üçün Tovuza gedirdik. O da getmək istədi. Anam əvvəlcə hamilə olduğu üçün razılaşmaq istəməsə də yoldaşı dedi hazırlaş, gedirik. Üç gün Tovuzda qaldıq. Ay aman, necə xoşbəxt idi. Gözləri gülürdü. Bilirsiniz, o bizim ailədə cəmi 1 il idi vardı. Amma o bir ildə nə qədər xatirəsi yaddaşımıza hopub. Elə insan var, 50 il ömür sürür, ondan arxaya bir xatirə qalmır. Amma Pərvinənin hər addımı qəlbimdədir. Heç bilmirəm necə özümü ələ alım...."
Bir daha təskinlik verib, P.Hüseynova və A.Telmanqızının analarına başsağlığı verərək, işimizə davam etdik.
Doğum evinin ünvanını öyrənərək yas mərasimindən birbaş oraya yollandıq.
Sovet dönəmindən qalma, girişindəncə nimdaşlıq yağan doğum evinə girdik. Təlaşla qarşılanaraq, növbətçi həkimin yanına göndərildik.
Soyuq, antisanitar şəraitli koridorlardan keçərək 2-ci mərtəbəyə çıxdıq. Adı Mətanət olan növbətçi həkim hər vəchlə sullarımızdan yayındı. Heç bir səlahiyyət sahibi olmadığını deyən həkim, doğuşu qəbul edən Sevda həkimin də soyadını söyləmədi. İsrarlarımıza baxmayaraq nə baş həkim İmmi Ələkbərzadənin, nə də köməkçisi Təranə Qarayevanın mobil əlaqə nömrələrini öyrənə bilmədik. Məcburən oranı tərk etmək üçün yenidən birinci mərtəbəyə endik. Yeni bir informasiya əldə etmək üçün yavaş-yavaş birinci mərtəbənin abu-havasını duymağa çalıdşıq. Bu əsnada Mətanət həkimin yuxarıdan bir tibb bacısını göndərərək bütün işçiləri, qapıçıları yanına çağırtdığının şahidi olduq. Yalnız doğum evinin nömrəsini öyrənərək oranı tərk etdik.
Çalışdığımız qədərilə bu məsələni nəzərdə saxlayacağıq. Aidiyyatı kəslərlə əlaqə yaratdıqdan sonra daha təfsilatlı informasiyaları sizlərə təqdim edəcəyik.
Çox təəssüf ki, son bir ayada ikinci belə durumu qələmə almaq məcburiyyətində qalırıq.
Keçən dəfə Hüseyn adlı körpə öz anasını itirdi, indi isə adı belə qoyulmamış qızcığaz ana qayğısından bir ömürlük məhrum oldu.
Allahdan mərhuma rəhmət, yaxınlarına isə səbr diləyirik./musavat.com/