"İnsanları düşündürməyə çalışırıq, əyləndirmək bizim işimiz deyil" "İnsanları düşündürməyə çalışırıq, əyləndirmək bizim işimiz deyil"

Elşad Eyvazlı: “Mənim əlimdə olan informasiya heç bir jurnalistdə yoxdur”

"İnsanları düşündürməyə çalışırıq, əyləndirmək bizim işimiz deyil"



Sabah Modern.az saytının 3 yaşı tamam olur. Portalın rəhbəri Elşad Eyvazlı AzNews.az-a müsahibəsində saytın problemləri ilə yanaşı ünvanına deyilən şayiələrə də aydınlıq gətirdi.

- 3 yaşınız tamam olur. Hansısa bir tədbir nəzərdə tutulub?

- Əslində bizim təntənəli bayram günümüz sabahdır. Bu gün, elə sabah da hamımız, bütün kollektiv iş basındadır. Gözümüzü açıb yummamış bir də baxdıq ki, 3 yaş bizi haqlayıb.

- Rəhbərliyiniz altında əsasən tələbələr işləyir. Bunun səbəbi nədir?

- Bu ilk növbədə maliyyə məsələsi ilə bağlıdır. Təbii ki, hər bir redaksiya, internet portalının rəhbəri istəyir ki, peşəkarlarla işləsin. Biz də bu layihəyə peşəkarlardan olan Əfqan Qafarlı ilə başladıq. Müəyyən vaxtdan sonra qapımızı tələbələr döydü. Onlar bura təcrübə toplamaq üçün gəlmişdilər. Biz də düşündük ki, onlara dəstək olmaq lazımdır. İndinin özündə də bu tələbə kütləsinin hesabına sayımız xeyli artıb. Düzdür indi kollektivin əksəriyyətini tələbələr təşkil edir. Amma məsələnin bir başqa tərəfi daha var. Və mən onu bayramdan istifadə edib deyəcəm. Bu gün gənc nəsildən işləmək daha yaxşıdır, nəinki çoxdanın qələm sahibləri ilə. Çünki onlar gəncdir, həvəslidir, hara istəsələr qaça bilirlər. Amma bu gün peşəkarlar harasa qaçmaq həvəsində deyil. Açığı onlara buyurmaq da olmur. Şəxsən mən bir çox yerlər var ki, qaça bilmirəm. Bu mənada gənclərlə işləmək daha sərfəlidir. Bir məsələni də qeyd edim ki, Əziz Rzabəyli, Xəqani, Əfqan Qafarlı kimi peşəkarlar bizlə çalışan hər bir gəncə öz köməkliyini göstərirlər.

- İki il bundan əvvəl maliyyə səbəbləri ucbatından fəaliyyətinizə son verəcəyinizi açıqlamışdız. Amma real odur ki, Siz bu gün yenə fəaliyyətdəsiniz. Nələr oldu?

- Layihə doğrudan da başa çatdı və biz də saytı dayandırmaq qərarına gəlmişdik. Amma dostlarımız bu qərarın yanlış olduğunu bildirdilər. Elə həmin ərəfədə dostumuz və həmkarımız Rəşad Məcid mənə telefon açdı. Dedi ki, münasib vaxta görüşək. Sözün həqiqi mənasında onun mənə nə deyəcəyini bilməzdim. Görüşdə məlum oldu ki, fəaliyyətimizi dondurmaqla bağlı verdiyimiz məlumat ona pis təsir edib. Dedi ki: "dayanmaq olmaz, işi davam etdirmək lazımdır. Hər-halda Siz bu iki ildə işləmisiniz, hörmət, oxucu kütləsi qazanmısınız". Doğrudan da bir az keçəndən sonra gördük ki, cəmiyyətdə "Modern.az"a maraq var. Media bazarında özümüzə bir ehtiyac olduğunu gördük. Təvazökarlıqdan uzaq olsa da bunu deyəcəm. Zaman keçdi, biz bu çərçivələri kənara qoyduq. İndi onu nə dərəcədə yerinə yetiririksə, bunu biz deyil, kənardan baxanlar daha gözəl bilir.

- Media aləmində Siz millət vəkilləri ilə daha sıx iş birliyi quran bir sayt kimi tanınırsınız. Hətta Sizi Milli Məclisin qeyri-rəsmi orqanı kimi qələmə verənlər də var. Bu Parlament Jurnalistlər Birliyinin sədri olduğunuzdan, gününüzün çox hissəsini Milli Məclisdə keçirməyinizdən irəli gəlir, yoxsa doğrudan da maliyyəniz bəzi deputatlar tərəfindən ödənilir?

- Parlament Jurnalistlər Birliyinin sədri olmaq parlamentdə daha çox olmaq deməkdir. Hamı bilir ki, biz deputatlara çox yer veririk və onlarla işləmək istəyirik. Bizim bir məqsədimiz var: cəmiyyətin fikirlərini deputatlara çatdıra bilmək, onlarla xalq arasında körpü yaratmaq. Biz buna nə dərəcədə nail olduğumuzu, oxucu daha yaxşı deyə bilər. Bir də mən parlamentdə bir çox məsələlərin müzakirəsində iştirak edirəm. Görünür, bu söz-söhbətin yaranmasına bir səbəb də budur.

- Modern.az fəaliyyətə başlayanda portalların sayı az idi. Hazırda isə birinci olmaq iddiasında olan çoxlu saytlar var. Siz özünüzü hansı sırada, neçənci hesab edirsiniz?

- Unutmayaq ki, sıramız artdıqca gücümüz də çoxalır. Biz internet mediasında insanları əyləndirmirik. Mənim əlimdə olan informasiya Azərbaycanda heç bir jurnalistin əlində yoxdur. İnanmıram ki, kimdəsə belə xəbərlər olsun. Biz əyləncədən uzaq olmağa çalışırıq. "Etibarlı mənbə", "Adının çəkilməsini istəməyən mənbə" kimi sözlərdən uzağam. Mən istəmirəm ki, rəhbərlik etdiyim portal özünü öldürüb birinci olsun. Düzdür, istənilən halda xəbər portalında bir xəbər yayılanda yarım saat fikirləşirəm. Deyirəm ki, o xəbər niyə bizdə getmədi. Hədəfimiz budur – etibarlı və inamlı olmaq, yalan yazmamaq. Rəqabətin əsasında bu məsələlər durur.

- Həmkarlarınızdan Sizə qısqanclıqla yanaşanlar da var. Deyirlər ki, Elşad Eyvazlı yazı yaza bilmir. Bu ittihama münasibətiniz?

- Bunu mən də eşidirəm. Mən jurnalistika fakültəsini bitirmişəm. Yazı yazmağı da gözəl bilirəm. Bunu kiməsə sübut etməyə ehtiyac yoxdur. Bir söz var: "Kənardan adama daş atan çox olar". Amma etiraf edim doğrudan da bu 3 ildə 3 yazı yazmamışam. Niyə yazmıram, onu da bilirəm.

Bahar Rüstəmli
AzNews.az