- Köhnə - Cəmiyyət
- 7 Sentyabr 2012 06:40
- 5 640
Meriya Prezidentin bağçalarla bağlı sərəncamına məhəl qoymur - Araşdırma
Bağça müdirlərini işdən çıxarmaq çıxış yolu deyil
Məlum olduğu kimi, sentyabrın 5-də Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarında yerləşən uşaq bağçaları müdirlərinin iştirakı ilə iclas keçirilib.Bakı meri Hacıbala Abutalıbovun sədrliyi ilə keçirilən iclasda 10-a yaxın bağça müdiri işdən azad edilib. Bir neçə müəssisə rəhbərinə isə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunub. Müdirlərin işdən azad olunmasına səbəb uşaqlara verilməsi nəzərdə tutulan ərzaq məhsullarının mənimsənilməsi və nəzərdə tutulandan artıq uşağın qəbulu olub. Mer hər qrupda 20-dən artıq uşağın qəbul edilməməsi barədə ciddi tapşırıq verib.
Bəs bağça müdirlərinin qruplara normadan artıq uşaq qəbul etməsinin səbəbi nədir?
Dövlət bağçaları belə valideynlərin "cibindən" maliyyələşir
Qeyd edək ki, paytaxtda bağçaların sayı məktəbəqədər təhsil alacaq yaşda olan uşaqların yalnız 50%-nin təlim-tərbiyə almasına imkan verir. Məhz kifayət qədər bağça olmaması səbəbindən də bağçalarda normadan artıq uşaq qəbulu halları baş verir.
Belə olduqda isə, dövlət bağçaya yalnız normadakı uşaq sayına görə maliyyə vəsaiti ayırır. Əldə etdiyimiz məlumata görə isə, bağçalarda normadan çox uşaq qəbul olunan qruplarda tələb olunan əlavə maliyyə vəsaitinin toplanması üçün valideynlərə müraciət olunur. Yəni dövlət bağçalarında uşaqların təlim-tərbiyəsi, yemək-içməyi valideynin öz hesabına başa gəlir. Nəzərdə tutulan ərzaq məhsullarının mənimsənilməsi isə heç də yeni fakt deyil.
Bəs uşaq bağçalarına nəzarət edən qurum və ya qurumlar məlum problemlərin həlli üçün hansı işləri görür? Ümumiyyətlə, varmı belə bir qurum? Yaxud da çıxış yolu uşaqların sayına uyğun olaraq yeni bağçaların yaradılması əvəzinə, ancaq bağça müdirlərinin işdən azad olunmasıdırmı?
Xatırladaq ki, 2011-ci il dekabrın 27-dən etibarən Azərbaycan Prezidenti ölkəmizdə körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasını, uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılmasını təmin etmək məqsədilə sərəncam imzalayıb. Sərəncama əsasən, Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyinə verilib. Sərəncamda göstərilir ki, Nazirlər Kabineti iki ay müddətində Prezidentin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamalı və Prezidentinə təqdim etməliydi.
BŞİH-in tərkibində bağçaların fəaliyyətinə nəzarət edəcək bir qurum yoxmuş
Ancaq əldə etdiyimiz məlumata görə, sərəncamın imzalanmasından 8 aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) daxilində uşaq bağçalarının fəaliyyətinə nəzarət edən hansısa bir şöbə və ya qurum yaradılmayıb. Bəlkə, elə bağça müdirlərinin "çəkinəcəyi" bir qurum olmadığından, fəaliyyətləri də qənaətbəxş deyil və yeni bağçaların yaradılması üçün heç bir addım atılmır. BŞİH ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirmək istədik, ancaq zənglərimiz cavabsız qaldı. Mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova isə bildirdi ki, icra orqanı daxilində məktəbəqədər təhsil müəssisələri ilə məşğul olan qurum yaradılıb: "Bilmirəm nə vaxtdan yaradılıb, amma bilirəm ki, belə bir qurum var. Bakıda 300-dən çox bağça fəaliyyət göstərir. Necə ola bilər ki, bu qədər bağça kifayət etməsin? Mən ortada elə bir problem görmürəm. Bununla bağlı icra orqanının müvafiq şöbəsinə müraciət edin". Ancaq qeyd edək ki, N. Mərdanovanın verdiyi əlaqə nömrəsi (492-94-94) isə yalnız məşğul göstərdi. Nazirlər kabineti də zənglərimizə cavab vermədiyindən məsələyə münasibət öyrənə bilmədik.
Xatırladaq ki, 2004-cü ildən bu günə kimi paytaxtda 11 məktəbəqədər təhsil müəssisəsi tikilib. Həmin tarixə kimi isə ümumiyyətlə, bağça tikilib istifadəyə verilməyib.
Qeyd etdiymiz kimi, əvvəllər uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyində idi. Hazırda Nazirliyin bununla məşğul olan əməkdaşlarının icra orqanları tərəfindən işə cəlb edilib-edilməməsi barədə öyrənməyə çalışdıq. Nazirliyin əməkdaşı Nərminə Ağasıyeva bildirdi ki, artıq uşaq bağçaları ilə bağlı heç bir öhdəlik onların üzərində deyil: "Bütün işlər tamamilə yerli icra hakimiyyətlərinin tabeliyinə keçib. Bizdən isə heç bir kəs işə cəlb edilməyib".
"Bağça müdirlərini işdən çıxarmaq mənasızdır"
Təhsil üzrə ekspert Asif Cahangirovun da məsələyə münasibətini öyrəndik: "Doğrudur, bağçalarda qrupları çox uşaqla doldurmaq da olmaz. Ancaq reallıq budur ki, yaxşı bağçalara axın var. Aydın məsələdir ki, əlavə qəbul müəyyən dərəcədə sanitariya normalarının pozulması deməkdir. Lakin bununla belə, əgər valideynlərin bu barədə heç bir şikayəti yoxdursa, öz uşaqlarının inkişafından razıdırlarsa, bu məsələni qabartmağın heç bir mənası yox idi".
Ekspert bildirdi ki, icra hakimiyyəti və qurumlar çalışmalıdırlar ki, bağça şəbəkəsini genişləndirsinlər: "Ondansa bağçaların sayını artırsınlar. Eyni zamanda, mövcud bağçaların səviyyəsini yüksəltsinlər. Mən deyə bilmərəm ki, bağçalara əlavə uşaq qəbulunda hansı məqamlar var, lakin yəqin ki, həmin bağçaların nüfuzu yüksəkdir ki, valideynlər uşaqlarını daha çox həmin bağçalara əmanət edirlər".
"Bağça müdirlərini işdən çıxarmaqdansa, yeni bağçalar açsınlar"
A. Cahangirov da qeyd etdi ki, heç Bakıda olan bağçaların sayı imkan vermir ki, bağça yaşlı uşaqların 50%-i belə orda yerləşdirilsin: "Məsuliyyətli qurumlar bağça müdirlərini işdən çıxarmaqdansa, bağçada yerləşdirilən qaçqınları müvafiq məkanlarda yerləşdirsinlər. İlk növbədə, müdirlərin işdən çıxarılması əmrini verən şəxs düşünsün ki, bu bağçaların müdirləri yəqin yaxşı çalışıb ki, qruplarda da uşaqlar çoxdur. Belə bağça müdirlərini çıxartmaqdansa, təlim-tərbiyə olmayan bağça müdirlərini işdən uzaqlaşdırsınlar".
Beləliklə, bütün hallarda ilkin problem paytaxtda kifayət qədər məktəbəqədər təhsil müəssisəsinin olmaması problemidir. Ona görə də, məsələnin həlli üçün yeni uşaq bağçalarının tikilib istifadəyə verilməsi məqsədəuyğundur.
Qeyd edək ki, uşaq bağçaları ilə bağlı problemlər hələ bununla bitmir. Elə buna görə də, mövzunu davam etdirəcəyik.
Sevinc Fədai
AzNews.az