28 mindən çox 9-cu sinif şagirdi payıza qalıb

Sentyabrın 9-da keçiriləcək ümumi təhsil bazasında (9 illik) payız imtahanında 28469 şagirdin iştirak edəcəyi gözlənilir. AzNews.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, imtahan respublikanın 55 şəhər və rayonunda keçiriləcək. İmtahanın keçirilməsi üçün 73 imtahan mərkəzi, 2371 nəzarətçi-müəllim ayrılıb. Payız imtahanında iyun ayında keçirilmiş buraxılış imtahanlarında iştirak edə bilməyənlər və ya iki fəndən müvəffəq qiymət ala bilməyən 9-cu sinif şagirdləri iştirak edəcəklər.

Buraxılış imtahanı Ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün rus dili fənni) və riyaziyyat fənləri üzrə keçiriləcək. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunacaq. Bundan əlavə, şagirdlər təqdim olunmuş mövzu üzrə yazı işi yazacaqlar. İmtahanın müddəti iki saatdır.

Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.

AzNews.az