Azərbaycanda pulsuz təhsil sistemi tətbiq edilə bilər

Türkiyənin pulsuz ali təhsil təcrübəsi Azərbaycanda da tətbiq edilə bilər. AzNews.az-ın verdiyi xəbərə görə, bunu Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Abel Məhərrəmov jurnalistlərə açıqlamasında ali təhsil sistemində ödənişin ləğv olunması fikrinə münasibət bildirərkən deyib. Rektorun sözlərinə görə, dövlətin siyasəti gənclərin sosial məsələlərinin həll edilməsinə, tələbələrin təhsil haqlarından tədricən azad edilməsinə yönəlib.

O bildirib ki, Türkiyədə olduğu kimi, Azərbaycanda da tələbələr təhsil haqlarından tam azad edə bilərlər: "Bizim dövlətdə bu düşüncə var.
Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əməli addımlar atılır".

A. Məhərrəmov "beyin axını" məsələsinə də münasibət bildirib. O qeyd edib ki, "beyin axını"nın səviyyəsi müstəqilliyin ilk illərində çox dinamik artıb. Ancaq son 10 ildə xaricə gedənlərin hamısı geri qayıtmaqla bağlı bizı müraciət edirlər: "Bundan əlavə, "beyin axını"nın əksinə əks-beyin axını da mövcuddur. Nəinki özümüzkülər, hətta Avropa, Rusiya, ümumilikdə Avroatlantika məkanından Bakı Dövlət Universitetinə işləməyə gələnlər var. Artıq Azərbaycana nəinki öz nümayəndələrimiz qayıdır, eyni zamanda, xarici ölkələrdən Azərbaycana gələn alimlərin sayı artır".

Sevinc
AzNews.az