- Köhnə - Cəmiyyət
- 20 Sentyabr 2012 09:18
- 3 597
Zakir Qaralov: "Ölkənin inkişafı müxalifətyönümlü bəzi destruktiv qüvvələri ciddi narahat edir“
- Cənab Baş prokuror, Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr tarixli sərəncamı ilə "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" təsdiq edilmişdir. Milli Fəaliyyət Planının əhəmiyyəti və onu korrupsiyaya qarşı mübarizə üzrə əvvəlki proqram xarakterli sənədlərdən fərqləndirən əsas xüsusiyyətlər nədən ibarətdir?
- İlk öncə qeyd etmək istərdim ki, cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığı vaxtdan korrupsiyaya qarşı mübarizə siyasi fəaliyyətin prioritet istiqamətlərindən olmaqla onun təşəbbüsü və rəhbərliyi ilə beynəlxalq təcrübə nəzərə alınaraq mütərəqqi qanunvericilik bazası formalaşdırılmış, mühüm institusional tədbirlər həyata keçirilmişdir. Dövlət başçısının siyasi iradəsinin ifadəsi olaraq qəbul edilmiş, dövlət orqanları ilə ictimaiyyətin səylərini birləşdirən "Korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illər üçün Dövlət Proqramı", "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Milli Fəaliyyət Planı korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün hüquqi zəmin yaratmışdır.
Bildiyiniz kimi, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Milli Fəaliyyət Planının icrası uğurla başa çatmışdır. Respublikamızda dünya standartlarının tələblərinə cavab verən qanunvericilik bazası formalaşdırılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə bir sıra əlavə və dəyişikliklər edilmiş, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış qurum - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin strukturu və fəaliyyəti təkmilləşdirilmiş, beynəlxalq əməkdaşlıq inkişaf etdirilərək digər dövlətlərin hüquq-mühafizə orqanları və ixtisaslaşdırılmış antikorrupsiya qurumları ilə əməkdaşlıq əlaqələri qurulmuş, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Eyni zamanda, iqtisadi və sosial sahədə, o cümlədən əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, əməkhaqlarının artırılması və sosial rifahının gücləndirilməsi istiqamətində əsaslı nailiyyətlər əldə edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 sentyabr 2012-ci ildə korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində qətiyyətini və siyasi iradəsini bir daha nümayiş etdirərək "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsinə dair sərəncam imzalamışdır.
Milli Fəaliyyət Planı ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha sistematik, genişmiqyaslı və səmərəli həyata keçirilməsinin təmin edilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə edilməsinə, əhalinin sosial rifahının yüksəldilməsinə yönəlmişdir. Milli Fəaliyyət Planının qəbul edilməsinin əsas məqsədi korrupsiyaya qarşı mübarizəni vahid strategiya çərçivəsində qurmaq və bu sahədə görülən tədbirləri daha səmərəli surətdə davam etdirməkdən ibarətdir.
Milli Fəaliyyət Planı, dövlət idarəçiliyində şəffaflığın artırılması, ərizə və şikayətlərə baxılması işinin, qanunvericilik bazasının, institusional mexanizmlərin, korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumların fəaliyyətinin, əmək və sosial təminat sahəsində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın, vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin inkişaf etdirilməsi, korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə əsas hədəflər kimi müəyyənləşdirilmişdir. Bu sənədin hazırlanmasında dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının və beynəlxalq təşkilatların rəy və təklifləri də nəzərə alınmış, geniş ictimai dinləmələr keçirilmişdir. Sənədin mahiyyəti üzrə mühüm amillərdən biri də hər bir sahə üzrə görüləcək işlər, icra orqanları və müddətləri ilə yanaşı, nəticə indikatorlarının müəyyən edilməsidir.
Milli Fəaliyyət Planında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, bu sahədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi əsas istiqamətlər kimi göstərilmişdir.
Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə eyni zamanda Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı təsdiq edilmişdir ki, bu da respublikamızın beynəlxalq səviyyədə başlanılan Açıq Hökumət Tərəfdaşlığına qoşulan ilk dövlətlərdən biri kimi bu təşəbbüsün prinsiplərinə sadiqliyini nümayiş etdirir.
- Siz dövlət başçısı tərərfindən təsdiq edilmiş Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planını qeyd etdiniz. Xahiş edirik, bu sənədin mahiyyəti və əsas hədəfləri barədə bir qədər ətraflı məlumat verəsiniz.
- Dövlət başçısı cənab İlham Əliyev müntəzəm olaraq öz çıxışlarında korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması işində institusional tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edir. Dövlət idarəçiliyində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyalarıın tətbiqinin dəstəklənməsi beynəlxalq təşəbbüs kimi respublikamızın qoşulduğu Açıq Hökumət Tərəfdaşlığının əsas prinsiplərini təşkil edir. Açıq Hökumət Tərəfdaşlığının prinsiplərinə müvafiq olaraq bu Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən fəaliyyətləri barədə ictimaiyyətə geniş məlumatlar verilməsi, qərarlarlın qəbulu prosesində vətəndaş cəmiyyətinin rolunun artırılması, elektron xidmətlərin genişləndirilməsi, əhaliyə təqdim olunan xidmətlərin keyfiyyətinin artırılması kimi mühüm elementləri əks etdirir. Bir sözlə, bu sənəd, ilk növbədə, idarəçilikdə şəffaflığı təmin edən bütün şərtləri özündə birləşdirməklə yanaşı, korrupsiyaya qarşı mübarizə işinə mühüm töhfə verəcəkdir. Qeyd etməliyəm ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması da bu istiqamətdə həyata keçirilən mühüm addımlardan biridir.
- Cənab Baş prokuror, yeri gəlmişkən tam yeni məzmunlu qurum olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- Adından da göründüyü kimi, bu yeni qurumun əsas fəaliyyət istiqaməti dövlət başçısı cənab İlham Əliyevin məmurların ümdə vəzifəsi hesab etdiyi vətəndaşlara dövrün tələblərinə müvafiq sivil xidmət göstərmək və yeni müasir, sosialyönümlü innovasiyaların tətbiqindən ibarətdir. Bu qurumun yaradılması korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətində mühüm addım olmaqla, onun fəaliyyəti vətəndaş-məmur təmas nöqtələrinin minimuma endirilməsinə, xidmətlərin keyfiyyətinin artırılmasına, icra müddətlərinin qısaldılmasına, vaxt itkisinin azaldılmasına xidmət edəcəkdir. Bu agentlik dövlətlə vətəndaş arasında ünsiyyət qurulması vasitəsi olmaqla, ümummilli lider Heydər Əliyevin "xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır" müdrik kəlamının real həyatda təcəssümüdür.Yeni dövlət qurumunun fəaliyyəti vətəndaşların daha çox və tez-tez müraciət etdiyi xidmət sahələri üzrə narazılıqların məmnunluqla əvəz olunmasına gətirib çıxaracaqdır. Bununla bağlı ən yaxşı dünya təcrübəsi öyrənilmiş və vətəndaşlara xidmətin ən optimal modeli seçilmişdir.
- Milli Fəaliyyət Planında ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi prioritet istiqamət kimi nəzərdə tutulmuşdur. Bu istiqamətdə, o cümlədən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində hansı tədbirlərin həyata keçirilməsi planlaşdırılır?
- Vətəndaşların hüquq və azadlıqlarının qarantı kimi müraciətlərə baxılmasını bütün vəzifəli şəxslərin, dövlət qulluqçularının ən başlıca işi hesab edən dövlət başçısı İlham Əliyevin tövsiyələrinə müvafiq olaraq bu məsələ prokurorluq orqanlarında, o cümlədən Korrupsiyaya Qarşı Mübarizə İdarəsində daim diqqət mərkəzində saxlanılır. Bu sahədə işin daha da təkmilləşdirilməsi istiqamətində səylər davam etdirilərək vətəndaşlar tərəfindən korrupsiya hüquqpozmaları barədə müraciətlərin təxirəsalınmadan çatdırılması və operativ baxılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 03 mart 2011-ci il tarixdən 161 nömrəli "Qaynar xətt" əlaqə mərkəzi yaradılaraq fəaliyyət göstərməyə başlamışdır. Bu mərkəz korrupsiya hüquqpozmalarına daha çevik reaksiya verilməsini təmin etməklə yanaşı, korrupsiyaya daha çox məruz qalan sahələrin aşkar edilərək preventiv tədbirlərin tətbiqinə imkan yaratmışdır.
Milli Fəaliyyət Planında qeyd etdiyiniz məsələ ilə bağlı görüləcək işlər və nəticə indikatorları sırasında 161 nömrəli "Qaynar xətt" əlaqə mərkəzinin texniki və insan resursu imkanlarının genişləndirilməsi, mərkəzə daxil olmuş məlumatlarla əlaqədar operativ tədbirlər görülməsi, daxil olmuş müraciətlərlə bağlı statistik və analitik məlumatların dərc edilməsi, korrupsiya ilə bağlı müraciətlərə baxılması qaydasının təkmilləşdirilməsi, korrupsiya halları haqqında məlumat verən şəxslərin müdafiəsinə dair qanun layihəsinin hazırlanması nəzərdə tutulmuşdur. Bu baxımdan müvafiq tədbirlər görülməklə vətəndaşların "Qaynar xətt" əlaqə mərkəzinə ünvanlanmış müraciətlərinin internet vasitəsilə "real vaxt" rejimində, habelə telefonla qısa mesaj, yəni SMS vasitəsilə qəbulunun həyata keçirilməsi, həmçinin texniki imkanların genişlənməsi nəticəsində artan məlumatların emalının həyata keçirilməsi məqsədilə bu məlumatların qəbuluna məsul əməkdaşların sayının artırılması və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, çevik növbətçilik rejiminin tətbiqi, operativ tədbirlərin görülməsinin təmin edilməsi üçün növbətçiliyi həyata keçirən prokurorların əməliyyat şöbəsinin əməliyyatçıları ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi nəzərdə tutulur. İctimaiyyətin məlumatlandırılması sahəsində geniş əks-səda doğuran və maraq kəsb edən işlər üzrə məlumatların mütəmadi olaraq prokurorluğun internet səhifəsində yerləşdirilməsi və kütləvi informasiya vasitələrində dərc edilməsi kimi ənənəvi üsullarla yanaşı, korrupsiya cinayətləri üzrə statistik və analitik məlumatları özündə əks etdirən informasiya bülletenlərinin buraxılması planlaşdırılır.
Bütün dünyada mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya hüquqpozmaları üzrə məlumat verən şəxslərin müdafiəsinin təmin edilməsi bu mübarizədə ən önəmli məsələlərdən biridir. Məhz korrupsiya cinayətləri üzrə verdiyi mühüm məlumat üzrə şəxsin arzuolunmaz nəticələrdən müdafiəsinin dövlət təminatının nəzərdə tutulması çox vacibdir. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq sənədlər də iştirakçı dövlətlərə ədalət mühakiməsi ilə əməkdaşlıq edən şəxslərin (informatorların) onlara qarşı mümkün ola biləcək zorakılığın qarşısının alınması üçün müvafiq tədbirlər görməyi və bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirməyi tələb edir. Belə ki, "BMT-nin Korrupsiya əleyhinə" Konvensiyasının "İnformasiya verən şəxslərin müdafiəsi" adlı 33-cü maddəsinə əsasən hər bir iştirakçı dövlət həmin Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalarla bağlı faktlar barədə səlahiyyətli orqanlara vicdanla və ağlabatan əsaslarla məlumat verən şəxslərin hər hansı ədalətsiz münasibətdən müdafiəsini təmin etmək üçün öz hüquq sisteminə müvafiq tədbirlərin daxil edilməsi məsələsini nəzərdən keçirməlidir. Qeyd olunmalıdır ki, belə bir qanunun qəbulu informasiya verən şəxslərin yalnız fiziki təzyiqlərdən deyil, eyni zamanda onların əmək hüquqlarına olan təhlükənin aradan qaldırılması üçün də vacibdir. İnformasiya verən şəxslərin öz iş yeri üzrə müdafiəsi onların cavab hərəkətlərindən, həmkarlarının (iş yoldaşlarının) təzyiqindən, işdənçıxarılma hallarından müdafiəsini də ehtiva edir. Belə müdafiə tədbirləri bir sıra ölkələrdə (Slovakiya, İsveç) Əmək məcəllələrinə xüsusi normaların daxil edilməsi və ya informasiya verən şəxslərin müdafiəsi haqqında xüsusi qanunların qəbul edilməsi (Yaponiya, Böyük Britaniya ) yolu ilə həyata keçirilir.
- Milli Fəaliyyət Planında korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının, o cümlədən cinayət təqibi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Bu dəyişikliklər qanunvericiliyə hansı yenilikləri gətirəcəkdir?
- Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər çərçivəsində ölkə parlamenti tərəfindən 07 mart 2012-ci il tarixdə "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun qəbul edilmişdir. Bu qanunla hüquqi şəxslərə tətbiq olunacaq cinayət hüquqi tədbirlərin növləri, onların tətbiq olunmasının əsasları və şərtlərı müəyyən edilmişdir. Həmin tədbirlərə cərimə, xüsusi müsadirə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, hüquqi şəxsi ləğv etmə aid edilmişdir. Hüquqi şəxslər üçün cinayət məsuliyyəti tədbirlərinin müəyyən edilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sənədlərdə, o cümlədən Avropa Şurasının "Korrupsiya cinayətlərinə görə cinayət məsuliyyəti haqqında" Konvensiyası və BMT-nin "Korrupsiya əleyhinə" Konvensiyasında da nəzərdə tutulmuşdur. Bu normanın qanunvericiliyə daxil edilməsinin xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş fiziki şəxsin cinayət məsuliyyətini istisna etmir. Milli Fəaliyyət Planında hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi qaydalarına dair qanun layihəsinin hazırlanmasının nəzərdə tutulması onunla əlaqədardır ki, hüquqi şəxslərin cinayət məsuliyyəti ölkəmizin hüquq sistemi üçün yeni bir institutdur və onun tətbiqi prosedurları hazırda müəyyən edilməkdədir.
Cinayət təqibi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərdən biri kimi korrupsiyaya qarşı mübarizə sahəsində hakimlərin toxunulmazlıq hüququnun məhdudlaşdırılması üzrə təkliflərin hazırlanması göstərilmişdir. Azərbaycan Respublikasının qoşulmuş olduğu Korrupsiyaya qarşı Dövlətlər Qrupu tərəfindən aparılan dəyərləndirmə raundları çərçivəsində Azərbaycan hökumətinə korrupsiya hallarının araşdırılması sahəsində əməliyyat-axtarış tədbirlərindən geniş istifadə edilməsi, cinayət təqibi ilə bağlı toxunulmazlıq statusu olan şəxslərin dairəsinin məhdudlaşdırılması məsələsinin nəzərdən keçirilməsi tövsiyə olunmuşdur. Bundan başqa, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OESD) İstanbul Antikorrupsiya Fəaliyyət Planına əsasən Azərbaycan hökumətinə hakimlərin və bu qəbildən olan digər şəxslərin toxunulmazlıq statusunun aradan qaldırılmasına, bu sahədə aydın meyarların qəbul edilməsinə dair tövsiyələr verilmişdir. Bu baxımdan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə hakimlərin toxunulmazlıq hüququnun qismən aradan qaldırılması əməliyyat-axtarış tədbirlərinin daha geniş həcmdə tətbiq edilməsinə və bu kateqoriyadan olan cinayətlərin aşkarlanmasına şərait yaratmış olacaqdır.
Əməliyyat-axtarış fəaliyyətindən söz düşmüşkən qeyd etmək istərdim ki, dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə 18 mart 2011-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və "Prokurorluq haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər edilərək MDB məkanında, habelə Azərbaycan prokurorluğunun tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi ilə bu sahədə prokurorluq orqanlarının qarşısında çox mühüm və məsuliyyətli vəzifələr qoyulmuşdur. Bu səlahiyyətlər Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən korrupsiya cinayətlərinin aşkar edilməsi, qarşısının alınması istiqamətində səmərəli nəticələr əldə etməyə zəmin yaratmışdır. Belə ki, fəaliyyətə başladığı bir ildən artıq müddət ərzində idarənin əməliyyat şöbəsi tərəfindən keçirilmiş 43 əməliyyat tədbiri nəticəsində 44 şəxs cinayət başında yaxalanmışdır. Əməliyyat-axtarış fəaliyyətinin prokurorluq orqanları üçün yeni bir sahə olduğundan, korrupsiyaya qarşı mübarizədə əməliyyat-axtarış tədbirlərinin səmərəliliyinin artırılmasına dair təkliflərin hazırlanması Milli Fəaliyyət Planında icrası prokurorluq orqanlarına həvalə edilmiş məsələ kimi nəzərdə tutulmuşdur. Bu fəaliyyətin təkcə latent olan rüşvət cinayətlərinin deyil, habelə vəzifədən sui-istifadə ilə bağlı digər cinayət növlərinin aşkar edilməsi istiqamətində genişləndirilməsi, korrupsiya cinayətlərinin açılması üzrə idarənin qoşulması nəzərdə tutulan elektron informasiya bazaları və sistemlərindən istifadə edilməsi, əldə edilmiş məlumatların düzgün və məqsədəuyğun emalı və təhlili, korrupsiyaya qarşı mübarizədə şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəxslərin müdafiəsi ilə əlaqədar işin gücləndirilməsi nəzərdə tutulur. Həmçinin korrupsiya cinayətlərinin istintaqı və məhkəmə baxışı müddətində cinayət prosesi iştirakçılarının ələ alınmasının qarşısının kəsilməsi, zəruri məlumatlar toplanaraq qanunsuzluq hallarının aradan qaldırılması da nəzərdə tutulan tədbirlər sırasındadır.
- Korrupsiya cinayətləri üzrə istintaq sövdələşməsinin cinayət-prosessual qanunvericiliyə daxil edilməsi ilə bağlı təkliflərin hazırlanması da Milli Fəaliyyət Planında cinayət təqibi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulmuş tədbirlər sırasındadır. Bu barədə ətraflı məlumat verməyinizi xahiş edirik?
- "Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üzrə Milli Fəaliyyət Planı"nda korrupsiya hüquqpozmalarının törədilməsində iştirak etmiş şəxslərin səlahiyyətli orqanlara istintaq üçün faydalı olan informasiya verilməsini və onlarla əməkdaşlıq etməsini stimullaşdırmaq üçün tədbirlər görülməsi və bu işlər sırasında cinayət təqibi orqanı ilə əməkdaşlıq barədə saziş praktikasının tətbiqi məsələlərinin öyrənilməsi nəzərdə tutulmuşdur. Ötən müddət ərzində tərəfimizdən bu sahədə beynəlxalq təcrübə və qeyd olunan institutun ölkəmizdə tətbiqi məsələləri öyrənilərək müzakirə edilmişdir. Ədalət mühakiməsinin səmərəliliyi bütün cəmiyyətlərdə diqqət mərkəzində saxlanılan məsələlərdən biridir. Cəmiyyətlə insan arasında yaranan cinayət-hüquqi ixtilafların həllinə yönəlmiş cinayət mühakimə icraatı, hər iki tərəfin maraqları nəzərə alınmaqla həyata keçirilməlidir. Cinayət mühakiməsinin səmərəliliyinin artırılmasının istiqamətlərindən biri də onun sadələşdirilməsindən, təqibin müəyyən bir mərhələsinin, prosedurunun və ya instititunun ixtisara salınmasından, asanlaşdırılmasından, bununla da vaxt və vəsaitə qənaət edilməsindən, sərbəstləşmiş resursların isə prioritet sahələrə yönəldilməsindən ibarətdir.
İstintaq sövdələşməsi təqsirləndirilən şəxsin daha ağır cinayətlər barədə və ya cinayətkar şəbəkənin digər üzvlərinin ifşa edilməsi üçün mühüm məlumatlar verəcəyi təqdirdə ona qanunla müəyyən edilmiş həddə daha yüngül cəzanın tətbiq edilməsi barədə təqsirləndirilən şəxslə cinayət təqibi orqanı arasında razılaşmadır.İstintaq sövdələşməsi institutu vasitəsilə maliyyə və insan resurslarından daha effektiv istifadə olunur.Bu institut cinayət törədildikdən sonra onu törədən şəxsləri pozitiv davranışa sövq edir. Vurğulamaq istərdim ki, digər ölkələrin pozitiv xarakter daşıyan norma və institutlarının milli qanunvericilikdə tətbiqi normal, qloballaşma dövründə isə zəruri bir prosesdir. Bu institut ölkəmizin qanunvericilik sisteminin imkan verdiyi şərtlər daxilində tətbiq edilə bilər.
- Cənab Baş prokuror, Milli Fəaliyyət Planında Baş Prokurorluq mənimsənilmiş əmlakın bərpası üzrə ölkədaxili mexanizmin formalaşdırılması məqsədilə normativ hüquqi aktın layihəsinin hazırlanmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində vahid statistik məlumat bazasının yaradılmasına dair tədbirlərin icrasına məsul olan qurumlardan biri kimi müəyyən edilmişdir. Bu sahədə görüləcək işlər barədə nə deyə bilərsiniz?
- Demək olar ki, hər bir cinayət, hər bir ictimai təhlükəli əməl obyektə fiziki, mənəvi zərərlə yanaşı, maddi zərər vurulması ilə də bağlı olur. Cinayət təqibi orqanlarının qarşısında duran mühüm vəzifələrdən biri də cinayət törətmiş şəxsi məsuliyyətə cəlb etməklə yanaşı, həmçinin zərərçəkmiş şəxsin pozulmuş əmlak hüquqlarının bərpasından, vurulmuş ziyanın ödənilməsinin təmin edilməsindən ibarətdir. Milli qanunvericilikdə bu nəzərdə tutulsa da, göstərilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə mənimsənilmiş əmlakın bərpasını hər bir halda real olaraq təmin edə bilən çevik və işlək mexanizmin yaradılması və fəaliyyəti üçün xüsusi normativ-hüquqi aktın mövcudluğuna ehtiyac vardır.
Azərbaycan Respublikasının qoşulduğu Avropa Şurasının "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında" Konvensiyasına və digər beynəlxalq aktlara uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilən əlavə və dəyişikliklər nəticəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması cinayət əməli kimi təsbit edilmişdir. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması üçün hüquqi mexanizmin qurulması, bu xarakterli cinayətlərin törədilməsi üçün maliyyə sistemindən istifadə olunması imkanlarını istisna edən şəraitin yaradılması, bu sahədə dövlətin və cəmiyyətin maraqlarının qorunması işinə böyük töhfə vermişdir. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində vahid statistik məlumat bazasının yaradılması beynəlxalq standartlara uyğun statistik hesabatların hazırlanması, həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə bu sahədə vəziyyətin öyrənilməsi, təhlil edilməsi və ümumiləşdirilməsinə şərait yaradacaqdır.
- Milli Fəaliyyət Planında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər də nəzərdə tutulmuşdur. Bu istiqamətdə hansı işlər görüləcəkdir?
- Azərbaycan Respublikası Prezidentinin 08 aprel 2011-ci il tarixli fərmanı ilə Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından real vaxt rejimində istifadəsinin təmin edilməsi məqsədilə müvafiq normativ hüquqi aktlara dəyişikliklər edilməsi barədə təkliflərini dövlət başçısına təqdim etmək vəzifəsi tapşırılmışdır. Beynəlxalq təcrübə göstərir ki, məhz lazımi informasiyanı maneəsiz və vaxt itkisinə yol vermədən əldə etmək imkanları olan ixtisaslaşmış antikorrupsiya orqanları korrupsiya hüquqpozmalarına qarşı effektiv, səmərəli mübarizə apara bilirlər. Bu baxımdan Milli Fəaliyyət Planında nəzərdə tutulan idarənin, dövlət orqanlarının informasiya sistemləri, məlumat bazaları və reyestrlərindən qanunvericiliklə müəyyən edilmiş qaydada, real vaxt rejimində istifadəsinin təmin edilməsi üzrə tədbirlərin görülməsi cinayət təqibinin tezliyinə öz müsbət təsirini göstərəcəkdir. Bu məsələ ilə əlaqədar dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını həyata keçirməli olan yeni yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və digər aidiyyəti dövlət orqanları ilə birgə zəruri işlər görüləcəkdir.
- Milli Fəaliyyət Planında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri sırasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin preventiv tədbirlər sahəsində fəaliyyətinin genişləndirilməsi, müvafiq tədbirlər planının qəbul edilməsi, həmçinin korrupsiya ilə əlaqədar cinayətlər barədə vahid informasiya bazasının fəaliyyətinin təkmilləşdirilməsi də nəzərdə tutulmuşdur. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev korrupsiyaya qarşı mübarizədə inzibati tədbirlərlə yanaşı, qabaqlayıcı tədbirlərin çox mühüm amil olduğunu qeyd etmiş və uğurlu nəticələrə onların vəhdəti olduqda nail olunmasının mümkünlüyünü vurğulamışdır. Bununla əlaqədar idarənin preventiv tədbirlər sahəsində fəaliyyətinin genişləndirilməsi və müvafiq tədbirlər planının qəbul edilməsi məsələsinə Milli Fəaliyyət Planında xüsusi yer ayrılmışdır. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi fəaliyyətində inzibati tədbirlərlə yanaşı, qabaqlayıcı, önləyici, korrupsiya üçün şərait yaradan halların aradan qaldırılmasına yönəlmiş tədbirlərin yerinə yetirilməsinə də böyük önəm verir. İdarə kifayət qədər analitik imkanlara malik olaraq, korrupsiyaya daha çox uğramış sahələrin müəyyən edilməsi üçün müxtəlif istiqamətlərdə təhlillərin aparılması, korrupsiya risklərinin müəyyən olunması və riskli sahələrin identifikasiyası, korrupsiyanı doğuran səbəblərin müəyyən edilməsi üçün tədqiqatların keçirilməsi, korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə korrupsiyanı doğuran səbəb və şəraitin, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün təklif və tövsiyələrin hazırlanması, dövlət və özəl sektorda korrupsiyaya uğrama meyarlarının hazırlanması və həmin meyarlar əsasında dəyərləndirmələrin aparılması, dövlət qurumlarında inzibati prosedurların nəzərdən keçirilməsi, süründürməçiliyə və korrupsiyaya yol açan halların müəyyən edilməsi, ümumiləşdirmələr nəticəsində korrupsiyaya cəlb olunma tendensiyalarının müəyyən edilməsi nəzərdə tutulur.
"Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Milli Fəaliyyət Planında korrupsiya hüquqpozmalarına qarşı mübarizədə cinayət təqibini həyata keçirən orqanlar arasında əməkdaşlığın təkmilləşdirilməsi məqsədilə korrupsiya ilə əlaqədar cinayətlər barədə vahid informasiya bazasının yaradılması nəzərdə tutulmuş və bu bazanın yaradılması Azərbaycan Respublikasının Prokurorluğuna həvalə olunmuşdur. Bu bazanın yaranma zərurəti beynəlxalq standartlara uyğun olaraq həmin sahədə statisik hesabatların hazırlanması, həmçinin korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə vəziyyətin öyrənilməsi, təhlil edilməsi və ümumiləşdirilməsi ilə əlaqədardır. 2009-cu ilin yanvar ayında idarədə yaradılmış korrupsiya ilə əlaqədar cinayətlər barədə vahid informasiya bazası üçün proqram tərtibatı hazırlanmış, müasir avadanlıqlar quraşdırılmış, rabitə texnologiyaları vasitəsi ilə Baş Prokurorluğun və respublika Hərbi Prokurorluğunun müvafiq idarələri mərkəzi serverə qoşulmuşdur. Həmin vaxtdan fəaliyyət göstərən vahid informasiya bazası 100-dən artıq meyarlar üzrə təhlillərin aparılmasına imkan yaradır. Gələcəkdə bu bazanın fəaliyyətinin təkmilləşdirilərək məlumatların bilavasitə ərazi qurumları vasitəsilə qəbul edilməsi, təhlil meyarlarının sayının artırılması nəzərdə tutulur.
- Milli Fəaliyyət Planına əsasən korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində hansı tədbirlərin görülməsi nəzərdə tutulur?
- Mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya bütün ölkələri narahat edən problem olduğu üçün bu sahədə beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Dünya birliyinə inteqrasiya yolunu tutmuş ölkəmiz digər sahələrdə olduğu kimi, korrupsiyaya qarşı mübarizə sahəsində də mühüm əhəmiyyətli beynəlxalq sənədlərə qoşulmuş, beynəlxalq Konvensiyaların ölkə qanunvericiliyinə implementasiyası həyata keçirilmiş, hüquqi və instutisional bazanın təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılaraq respublika qanunvericiliyi korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara uyğunlaşdırılmışdır.
Prokurorluq orqanları, o cümlədən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi korrupsiyaya qarşı mübarizə sahəsində BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı mübarizə aparan Ofisi (UNODC), Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası (IAACA), Beynəlxalq Prokurorlar Assosiasiyası və digər beynəlxalq təşkilatlar, xarici ölkələrin hüquq-mühafizə orqanları və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumları ilə yaxından əməkdaşlıq edir. Həmçinin BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı mübarizə Ofisi ilə birgə BMT-nin "Korrupsiya əleyhinə" Konvensiyasının implementasiyası istiqamətində uğurlu əməkdaşlığa başlanılmışdır. Artıq beynəlxalq təşkilatlar tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumun Azərbaycan modeli müsbət qəbul edilməklə bir nümunə kimi təqdim olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 29 iyun 2012-ci il tarixdə ölkənin "Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında" 2010-cu il 2 sentyabr tarixli Vyana Sazişinə qoşulması barədə Azərbaycan Respublikası Qanununun imzalanması korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın hüquqi əsaslarını daha da genişləndirmişdir.
Qeyd etmək lazımdır ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar bütün beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.
Azərbaycan Respublikasının Prokurorluğu digər dövlət qurumları ilə birgə öz səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq və regional təşkilatlarla qarşılıqlı fəaliyyəti, müxtəlif beynəlxalq proqram və layihələrdə iştirakı, BMT, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər qrupu (GRECO) və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi tərəfindən İstanbul Fəaliyyət Planı çərçivəsində Azərbaycan Respublikasına verilmiş tövsiyələrin icrası istiqamətində zəruri tədbirləri davam etdirir.
- Son günlər bəzi müxalifətyönlü kütləvi informasiya vasitələrində korrupsiyaya qarşı mübarizənin lazımi səviyyədə aparılmadığı və bu istiqamətdə real nəticələr əldə olunmadığı barədə fikirlərin formalaşdırılmasına cəhdlər edilir. Bu barədə nə deyə bilərsiniz?
- Regionumuzun ən aparıcı dövlətinə çevrilmiş, sosial-iqtisadi inkişaf göstəricilərinə görə dünyada qabaqcıl mövqedə olan Azərbaycan Respublikasının həyatın bütün sahələrində qazandığı böyük uğurlar danılmaz fakt, obyektiv reallıqdır. Dövlət başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi altında əldə edilmiş və dünya birliyi dövlətləri tərəfindən də birmənalı şəkildə qəbul edilən köklü islahatlar və onların real nəticələri, dayanıqlı ictimai siyasi sabitliyin bərqərar olduğu demokratik vətəndaş cəmiyyətinin və hüquqi dövlətin formalaşdırılması, ölkənin yüksələn xətt üzrə mütərəqqi inkişafı müxalifətyönümlü bəzi destruktiv qüvvələri ciddi narahat edir və onların xəyallarını heçə endirir.
Həmin qüvvələrin qərəzli və ucuz sensasiya yaratmaq, görülmüş işlərə kölgə salmaq və onların əhəmiyyətini azaltmaq məqsədi daşıyan uğursuz cəhdləri ölkəmizin inkişafı yolunda heç bir maneə ola bilməz. Korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə aparılan genişmiqyaslı işlərin nəticəsi göz qabağındadır və görülmüş tədbirlər barədə ictimaiyyətin mütəmadi olaraq ətraflı məlumatlandırılması təmin edilir. Dövlət başçısının siyasi iradəsinə və qətiyyətinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin kəsərliliyinin artması özünü əldə edilmiş real nəticələrdə göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, "Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə kampaniya xarakteri daşımır. Bu, bizim şüurlu seçimimizdir".
Cənab Prezidentin siyasi iradəsinə uyğun olaraq bu istiqamətdə işlər eyni intensivliklə və daha da qətiyyətli şəkildə bundan sonra da davam etdiriləcəkdir. İlk növbədə öz sıralarının saflaşdırılmasını və bütün neqativ hallara qarşı ən qətiyyətli tədbirlərin görülməsini təmin edən Azərbaycan Respublikası Prokurorluğu ona həvalə edilmiş səlahiyyətlər çərçivəsində mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürləri kimi korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin yeni müstəvidə aparılmasını, ixtisaslaşdırılmış qurum olan Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin işinin ən yüksək tələblər səviyyəsində səmərəli təşkilini təmin edəcəkdir.
AzNews.az