Himayədar ailələrə 50 uşaq veriləcək Himayədar ailələrə 50 uşaq veriləcək

8 uşaq övladlığa verildi

Himayədar ailələrə 50 uşaq veriləcək



Təhsil Nazirliyi sistemindəki dövlət uşaq müəssisələrinin fəaliyyətinin "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın tələblərinə uyğun qurulması üçün həyata keçirilən tədbirlərini davam etdirir.

Nazirlikdən verilən məlumata görə, 2012-ci ilin ötən dövrü ərzində "Himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə modelin işlənib hazırlanması" layihəsi çərçivəsində daim müəssisədə yaşayan 10 nəfər qız üçün Təhsil Nazirliyi tərəfindən ailə əsaslı kiçik qrup evi tikilərək istifadəyə verilib. Dövlət uşaq müəssisələrində qiymətləndirmə aparılıb və himayədar ailələrə veriləcək 50 nəfər uşaq seçilərək müəyyənləşdirilib.

Himayədar ailə olmaq istəyən şəxslərə təlimlərin keçirilməsi üçün Xəzər rayonunda Ailə Təlim və Məsləhət Mərkəzi istifadəyə verilib.

Dövlət Proqramının Tədbirlər Planı və dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plana uyğun olaraq Nazirlər Kabinetinin qərarı ilə kar uşaqlar üçün iki xüsusi internat məktəb birləşdirilərək onların bazasında sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi yaradılıb. Beləliklə, Təhsil Nazirliyinin tabeliyindəki dövlət uşaq müəssisələrinin sayı 38-ə enib.

Cari ilin əvvəlindən bu günədək 48 uşaq bioloji ailələrinin himayəsinə, 8 nəfər isə övladlığa verilib. Uşaqların ailələrə verilməsi ilə bağlı müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsinə dair 10 sənəd təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib.

Dövlət uşaq müəssisələri ilə Təhsil Nazirliyi arasında elektron idarəetmə sisteminin yaradılmasının birinci mərhələsi başa çatdırılıb. Bununla bağlı xüsusi proqram təminatı hazırlanıb. Elektron idarəetmə sisteminin yaradılmasının ikinci mərhələsində isə müvafiq məlumatlar proqrama daxil ediləcək.

E.Əlosmanqızı
AzNews.az