Azərbaycanın ucqar kəndləri boşalmaqda davam edir. Azərbaycanın ucqar kəndləri boşalmaqda davam edir.

Bu kənddə cəmi 1 nəfər yaşayır - Azərbaycanın tam boşalan kəndləri

Azərbaycanın ucqar kəndləri boşalmaqda davam edir.



Hazırda elə kəndlər var ki, orda cəmi bir-iki nəfər yaşayır. Kəndlərin boşalma səbəbi kimi şəraitsizlik, işsizlik, həyat səviyyəsinin aşağı olması göstərilir. Məsələ ilə bağlı AzNews.az Azərbaycanda kəndlərin sayına görə ən böyük və ən kiçik kəndlər barədə kiçik araşdırma aparıb.



Dövlət Statistika Komitəsinin sonuncu hesablamalarına görə, hazırda Azərbaycanda əhalisi ən çox olan kənd Masallı rayonununda yerləşir. Bu, Masallı rayonunda yerləşən Ərkivan qəsəbəsidir. Qəsəbədə 15 min 654 nəfər yaşayır.

Dövlət Statistika Komitəsinin hesabatında əhalisi ən az olan kəndin də adı açıqlanıb. Məlum olub ki, Şamaxı rayonunun Acıdərə kəndidir. Belə ki, həmin kənddə cəmi 1nəfər yaşayır. Əhali sayına görə sonrakı yerləri isə İsmayıllı rayonunun Pirqəm kəndi-2 nəfər, Gərzə kəndi-3 nəfər, Dahar kəndi- 5 nəfər tutur. Bəzi rayonlarda da əhalisi az olan kəndlər var. Nefçala rayonunun Qızqayıtdı kəndində 3, Siyəzən rayounun Əlməkolu kəndində 4, Qax rayonunun Bağtala kəndində 9, Yardımlı rayonunun Musa kəndində 8 nəfər yaşayır.

Komitənin məlumatına görə, Azərbaycanın bəzi rayonlarında müxtəlif səbəblərdən tamamilə boşalan və hazırda heç kimin yaşamadığı bir neçə kənd də var. Hazırda həmin ərazi kənd statusu daşısa da heç kim yaşamır. Məsələn, Balakən rayonunun Göyəmtala, Darvazbinə, Abjit, Mazımqarışan, Bərdə rayonunun Çərəlilər kəndi, Cəlilabad rayonunun Novoqolovka qəsəbəsi, Hacıqabul rayonunun Balıqçı qəsəbəsi, Meyniman kəndi, Xaçmaz rayonunun Xaraxoba, Üryənoba, Xızı rayonunun Yuxarı Əngilan, Qars kəndində heç kim yaşamır. Quba rayonunun İbrahimhaput, Gədik, Qobustan rayonunun Şıxlar, Damlamaca, Dağ Kolanı kəndində, Şamaxı rayonunun Yeni Qızmeydan, Zaqatala rayonunun isə Əzgili kəndi kənd statusu daşısa da hazırda orda heç kim yaşamır.

Qeyd edək ki, bu məlumatlar Dövlət Statistika Komitəsinin 2009-cu ildə hazırladığı əhalinin siyahıya alınması hesabatına əsasən verilib.



Gültəkin ƏLƏSGƏR
AzNews.az