“Meyxananın təbliğini yüksək qiymətləndirirəm” “Meyxananın təbliğini yüksək qiymətləndirirəm”

Zeynəb Xanlarova: “Əlimdə səlahiyyət olsa...” -EKSKLÜZİV

“Meyxananın təbliğini yüksək qiymətləndirirəm”



SSRİ xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarovanın AzNews.az-a müsahibəsi:

- Müsahibəyə çətinliklə razılıq verdiniz...

- Hə, ümumiyyətlə, müsahibə verməyə nadir hallarda razılıq verirəm. Siz xahiş etdiniz deyə razılıq verdim. Sizin yeni yaradılmış saytınıza da uğurlar arzu edirəm. Uzunömürlü olsun. Çalışın, obyektivliyinizi itirməyin. Mən nə müxalifətəm, nə də iqtidar. Hamının birləşməsinin tərəfdarıyam. Əlimdə səlahiyyət olsa, hamını yığaram başıma, birlik yaradaram. Axı, biz Azərbaycanlıyıq. Dürüstlüyü sevən insanam. Siz də dürüst insanlara qarşı dürüst olun.

- Bu il Azərbaycanda bir neçə beynəlxalq tədbir keçirildi. Xüsusilə, mədəniyyət, incəsənət sahəsində. Amma bu tədbirlərdə deyəsən uzaqdan-uzağa iştirak etdiniz?

- Belə tədbirlərin keçirilməsinə çox sevinirəm. Buna hər bir azərbaycanlı sevinməlidir. Mən də çox xoşbəxtəm ki, ölkəmizdə belə tədbirlər keçirilir. "Avroviziya"da Azərbaycanın birinci olması, daha sonra müsabiqənin Bakıda keçirilməsi ölkəmizin uğurlarını göstərdi. İnsan gərək gördüyünü desin. Mənim üçün Bakı ən gözəl şəhərdir. Bakını da bu səviyyəyə çatdıran bir insan var, o da Prezidentdir. Həqiqətən də, inkişaf var.

- Ramil Səfərovun Azərbaycana gətirilib, azadlığa buraxılmasını necə qiymətləndirirsiniz?

- O nəinki Azərbaycanın, dünyanın qəhrəmanıdır. Onun heykəlini qoymaq lazımdır. Hər kişinin işi deyil bunu etmək. İki qəhrəman var: biri cənab İlham Əliyevdir, biri də Ramil Səfərov.

- Ancaq zabitin ölkəyə gətirilməsindən narazı qalan qüvvələr də var...

- Bu, düzgün deyil. Niyə narazılıq edirsən? Axı burada sənin bayrağın təhqir edilib. Kim narazılıq edirsə, deməli, qanları ermənilərlə qarışıqdır. Mən də olsaydım, Ramil kimi addım atardım. Əcəb edib, canın da alıb erməninin.

- Uzun illərdir, Milli Məclisdəsiniz, buradakı mədəniyyət komissiyası sizin istədiyiniz işləri yerinə yetirə bilirmi?

- Çalışırlar ki, hər şey yaxşı olsun. Hər şeyin birdən baş verməsi müşkül məsələdir. Hissə-hissə öhdəsindən gəlirlər.

- Son illər Azərbaycanda layiq olan da, olmayan da dövlət mükafatına iddialı olur. Bu barədə nə deyə bilərsiniz?

- Dövr dəyişib. Biz bir zamanlar Şövkət xanımı, Rübabə xanımı dinləyərdik. Amma indi elə səslər yoxdur. "Xalq artisti" böyük addır. Bu ada layiq görülənlər yarıçılpaq səhnəyə çıxmaz ki?! Xalq artistinə yaraşmaz belə şeylər. Bu, xalqı qıcıqlandırmaqdır. Mən sənətimlə qazanmışam hər şeyi, obraza girməklə yox. SSRİ xalq artisti adı alanda xəbərim yox idi. Amma indiki müğənnilər deyir ki, axşam televizora baxın, mənə xalq "ad"ı verəcəklər. Nə yaxşı ki, SSRİ xalq artisti adı aldım. Belələri ilə bir sırada durmadım. Bir dəfə səhnəyə çıxanda paltarımın yaxası bir az açıq idi. Nəbi Xəzri televiziyada müavin işləyirdi. Mənə dedi ki, get, paltarını dəyiş.

- Bəs bunların qarşısını necə almaq lazımdır?

- Onların qabağını almaq olmaz. Bəlkə bacarsalar, yuxarıdakılar bacarar. Bütün bunlara o sahəyə baxan adamlar nəzarət etməlidir.

- Sizin kimi böyük sənətkar indi niyə yetişmir?

- Bu, mümkün deyil. Nə qədər ki, yerindən qalxana "ad" verirlər, bu, belə də davam edəcək. Səhnəyə gələndə puldan ötrü gəlməmişəm. Bu sənəti sevmişəm. Bax, buna görə də Zeynəb Xanlarova olmuşam. Bakını demək olar, tanımıram. Sürücüm mənə göstərir. Çünki heç vaxt piyada gəzməmişəm. Sənətkar özünə qiymət verməlidir, hər yerdə görünməməlidir. Toy uğrunda mübarizə aparmamalıdır. İndi müğənnilər şou yaradaraq, bir-birləri ilə vuruşurlar ki, efirə çıxsınlar. Onlar bunu qəsdən edirlər. Gündəmdə belə şeylərlə qalmazlar. Sənət göstərməlisən. Oxuduğum bütün ölkələrdəki konsertlərimi xalqa həsr etmişəm. İndi müğənnilər hansısa ölkədə yalnız küftə-bozbaş yeməyə gedirlər. Gələndə deyir, konsert verdim. Belə olan təqdirdə inkişaf olmaz axı.

- Bütün bu işlərdə televiziyaların rolunu necə qiymətləndirirsiniz?

- Televiziyalar da kömək etməlidir. Bədii Şura yaradılmalıdır. Xalq mahnılarımızı düzgün oxunmasına nəzarət edilməlidir. Hərə ağzına gələni oxuyur.

- Televiziyalarda daha çox musiqi yarışmalarına, meyxana şoularına üstünlük verirlər. Buna münasibətiniz necədir?

- Meyxanadan xoşum gəlir. Onun təbliğatını yüksək qiymətləndirirəm.

- Amma xalqın müəyyən hissəsi meyxananı qəbul etmir axı...

- O zaman onlar getsinlər, çılpaqlara qulaq assınlar. Adam qınından çıxıb, qınını bəyənməlidir.

- Efirlərdə, demək olar, görünmürsünüz. Səbəb nədir?

- Heç görünmək də istəmirəm. Elə bir kanal yoxdur ki, yalvarıb, ayağıma düşməsin. Axı niyə gedim? Mən elə yerlərdə oxumaq istəmirəm. Bayaq dediyimiz müğənnilərlə sıraya düzülüb oxumaram. Yalnız tək oxuyaram. Özümə qiymət verən insanam. Oğlumun toyuna belə, 1 saat gec getmişəm. Mənə birtəhər gəlirdi ki, toya gedirəm.

- Sizin Parlamentdəki çıxışlarınız daim rezonans doğurub...

- Açığını deyim, bura gələndə uşaqlarım mənə dedilər ki, hamının bildiyi, gündəmdə olan məsələ ilə bağlı danışma.

- Hansı məsələ?

- Özünüz bilirsiniz. Dedim, oğlum, danışmayacağam. Nəyimə lazımıdır. Özləri bilərlər. Ümumiyyətlə, xalqımla bağlı məsələlərdə danışıram. Adımın siyahıya düşmək üçün çıxış etmirəm.

- Seçicilərinizlə tez-tez görüşürsünüz?

- Rayonlara tez-tez gedirəm. Mənə gələn məktublar heç kimə gəlmir. Azərbaycanın o bölgəsi yoxdur ki, mənə məktub gəlməsin. Mənə bir dəfə dedilər ki, sizə şəxsiyyət kimi müraciət edirlər, deputat kimi yox. Mənim qədər millət vəkili seçilən də olmayıb. 30 ildir ki, deputatam.

İlkin Pirəlı
AzNews.az