- Köhnə - Cəmiyyət
- 7 Aprel 2015 11:55
- 7 436
Bilik Fondu Naftalanda - FOTOLAR
Kurort şəhəri tarixi şöhrətini geri qaytarır
Naftalan şəhərində olduq. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ənənəvi görüşlərindən biri bu kurort şəhərində keçirildi. Bilik Fondunun icraçı direktoru Oktay Səmədovu və Fondun üç əməkdaşını Naftalan şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə baş məsləhətçisi Afət Mustafayeva qarşıladı.
Şəhərə axşam saatlarında çatdıq. İlk dayandığımız yer Naftalan sanatoriyası oldu. Afət xanım bizə Nafatalan sanatoriyası barədə məlumat verdi. Öyrəndik ki, şöhrəti dünyanı dolaşan Nafatalan neftinin möcüzəsini ilk dəfə bir dəvə aşkara çıxarıb. Karvandakı dəvələrdən biri xəstələnir, sarvan məcbur olub onu səhrada qoyub yoluna davam etməli olur. Qotur tutan dəvənin tez bir zamanda öləcəyi güman edilir. Karvan mənzil başına çatır, mallarını satıb geri qayıdanda görürlər ki, həmin dəvə sapsağlam səhrada gəzişir. Kiçik araşdırmadan sonra məlum olur ki, dəvə Naftalan gölməçəsinə düşüb. Bununla da qoturu heç olmamış kimi yoxa çıxıb.
Afət xanım öz gözləri ilə gördüyü möcüzədən də danışdı. Avropadan, MDB ölkələrindən, daha çox Rusiyadan, sanatoriyaya çəliklə gələnlər 15-20 gündən sonra çəliklərini qoyub geri qayıdıblar. Beləliklə, sahibsiz çəliklərin sayı çoxalıb və "Çəlik" adlı muzey yaranıb. Müəyyən səbəblərdən həmin muzey fəaliyyətini dayandırıb. Ancaq xeyli sayda çəlik, şəfa tapanların minlərlə təşəkkür məktubları qorunub saxlanır. Yaxın gələcəkdə muzeyin yenidən bərpa olunacağı planlaşdırılır.
Səhər şəhəri gəzirik. Hər yerdə iş gedir: binalar fasadlanıb, onların qarşısındakı meydançalar yaşıllaşdırılır, mənzillər istilik sistemi ilə tam təmin olunub, kommunikasiya xətləri kökündən yenilənib. Bütün bu işlər tam formada yekunlaşandan sonra ara yollarının asfatlanmasına başlanacaq. İşləri yerində yoxlayan başçının tapşırığı da var: asfalt örtüyü bir dəfə çəkilməlidir.
Naftalanlılarn ali məqsədlərindən biri şəhərin əvvəlki şöhrətini özünə qaytarmaqdır. Proses belə davam etsə, ildə 80 min ziyarətçisi olan şəhərin tarixi təkrar olunacaq.
Məktəblərdə və baxçada oluruq. Faiq Rüstəmovun direktoru olduğu İmadəddin Nəsimi adına 1 saylı və Adilə Bağırovanın rəhbərlik etdiyi Səməd Vurğun adına 2 saylı tam orta məktəblərdə yuxarı və aşağı sinif şagirdləri ilə apardığımız qısa söhbətlərdən, sullarımıza aldığımız cavablardan olduqca məmnun qalırıq. Azərbaycan və rus bölmələrinin şagirdləri kifayət qədər hazırlıqlıdırlar.
Şəhərin yeganə baxçası - Kəmalə Hüseynovanın müdiru olduğu Naftalan şəhər V.Namazov adına körpələr evi-uşaq bağçası barədə isə hansı xoş sözləri işlətsək azdır. Girişindən tutmuş çıxışına qədər hər yer – dəhliz, otaqlar, mətbəx, hamam otağı əla vəziyyətdədir. Uşaqların səviyyəsinə yalnız "möhtəşəm" kəlməsi ilə qiymət vermək mümkündür. Rus dilində şeir dedilər, ingilis dilində oxudular, səhnəcik göstərdilər, salamlaşdılar, sağollaşdılar, bir sözlə, bizi uşaqlığımıza qaytardılar. Kəmalə xanıma böyük minnətdarlıq edərək, oradan ayrıldıq. Xüsusi qeyd: Kəmalə xanım yaradıcı və olduqca yüksək dünyagörüşünə malik şəxsdir.
Afət xanımla yanaşı, icra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Ülfət Əliyev bizi şəhər barədə geniş məlumatlandırır. Onun verdiyi bilgilərdən aydın olur ki, Nafatalanda ağacəkmə kampaniyasına xüsus diqqət ayrılır. Nəticədə şəhər şam ağaclarının əhatəsinə düşüb. Bu da oksigen bolluğudur ki, hər nəfəs alanda hiss edirdik.
Naftalan şəhər icra hakimiyyətinin başısı Natiq Aslanovla maraqlı görüşümüz baş tutdu. Səmimi, işgüzar, intellektual və original düşüncə sahibi olan Natiq müəllim Azərbaycan prezidenti İlham Əliyevin şəhərə göstərdiyi müstəsna qayğısından söz açdı. Bildirdi ki, prezident sonunci səfərində şəhərdə görülən işlərdən o dərəcədə məmnun qalıb ki, fərəhini açıq büruzə verib və bu da bütün rayon əhalisində ruh yüksəkliyi yaradıb. Bilik Fondu barəsində geniş bilgiyə malik olduğunu diqqətə çatdıran başçı əməkdaşlığa böyük ehtiyac olduğunu bildirdi. Şəhərin infrastrukturunun məhz turistlərə xidmət göstərmək üçün nəzərdə tutulduğunu xatırladan icra başçısı, bu istiqamətdə təhsil verən texniki peşə məktəblərinin vacibliyinə diqqət çəkdi.
Öz növbəsində Bilik Fondunun içraçı direktoru Oktay Səmədov müxtəlif formalarda əməkdaşlığa hazır olduqlarını dedi. İcraçı direktor bildirdi ki, rəhbərlik etdiyi qurum Naftalanın icra hakimiyyəti və digər strukturları ilə layihələrə başlaya bilər.
Başçı ilə görüşdən sonra Heydər Əliyev Mərkəzində şəhər ictimiyyəti ilə maraqlı fikir mübadiləsi aparıldı. Oktay Səmədov Bilik Fondunun fəaliyyəti barədə geniş məlumat verdi və hər kəsi Fondla əməkdaşlığa çağırdı. İcraçı direktor vurğuladı ki, Fondun təşkil etdiyi mühazirələrdə yerli mütəxəssislərə üstünlük veriləcək. Kim bu işdə yaxından iştirak edə bilərsə, Bilik Fondu tərəfindən dəstək alacaq. Görüşdə səsləndirilən suallar da cavablandırıldı, təkliflər qeydə alındı.
Fondun beynəlxalq layihəklərindən aparıcı məsləhətçi Sərxanbəy Xudiyev danışdı. Mətbuat katibi Ceyhun Musaoğlu isə Könüllülər Birliyi barəsində ətraflı məlumat verdi və Naftalan sakinlərini Fondun könüllüəri olmağa dəvət etdi.
Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev Bilik Fondunun qısa müddət ərzində geniş fəaliyyət sferasını əhatə etməsindən razılıqla danışdı. YAP sədri bildirdi ki, şəhər sakinləri Fondun layihələrində iştirak etməyi arzulayırlar.
Naftalandan qayıltdıq. Amma təəssüratı bizimlədir.
Ceyhun Musaoğlu