Lənkəran Rayon Mərkəzi Xəstəxanası ölüm ayağında olan xəstənin Bakıya gətirilməsinə imkan vermir. Lənkəran Rayon Mərkəzi Xəstəxanası ölüm ayağında olan xəstənin Bakıya gətirilməsinə imkan vermir.

“Həkimlər istəyir, xəstəmiz ölsün” – Lənkəran xəstəxanasında tükürpədici hadisə (YENİLƏNİB)

Lənkəran Rayon Mərkəzi Xəstəxanası ölüm ayağında olan xəstənin Bakıya gətirilməsinə imkan vermir.

AzNews.az xəbər verir ki, bir neçə gün əvvəl "Ambulans"ın VAZ-2107 ilə toqquşması nəticəsində baş verən qəzada sağ qalanların vəziyyəti ağırdır. Bir nəfərin isə təcili olaraq paytaxta gətirilməsi lazımdır. Lakin Lənkəran Rayon Mərkəzi Xəstəxanası xəstənin Bakıya gətirilməsi üçün "Ambulans" verməkdən imtina edir. Bu barədə xəstənin yaxını Sədaqət Hüeynov saytımıza danışıb. O, gəlinlərinin ölüm ayağında olduğunu deyib. "Qəzanı törədən xəstəxananın öz sürücüsüdür, amma bizə kömək etmirlər. Deyirlər öz hesabınıza aparın. Komadan çıxmış xəstəni biz öz avtomobilimizlə necə gətirək axı? Xəstə yoldaca keçinər".

S. Hüseynovun sözlərinə görə, yaxınları bir neçə gün öncə yüngül yol nəqliyyat hadisəsi zamanı yaralanıblar. Hadisə yerinə gələn "Ambulans" xəstələri avtomobilə mindirdikdən sonra yolda VAZ-21 07 markalı maşınla toqquşub. Zərbə nəticəsində "Ambulans"da olan xəstələr maşından çölə tökülüblər. "Ambulans" sürətlə hərəkət etdiyindən asfalta tökülən xəstələrdən biri yerindəcə keçinib. Hadisə şahidlərinin sözlərinə görə, "Ambulans"ın sürücüsü sərxoş olub. Digər 6 nəfər isə xəstəxanaya çatdırılıb. Xəstələrdən biri isə xəstəxanaya gətirildikdən sonra dünyasını dəyişib. Hazırda "Ambulans"ın törətdiyi qəza nəticəsində yaralanmış 5 nəfərdən 2-sinin vəziyyəti kritikdir. 34 yaşlı Nuranə Hüseynova isə bu gün təcili şəkildə Bakıya çatdırılmalıdır: "Nuranəni 1 dəqiqə də tez çatdırsaq, bəlkə həyatını xilas edə bildik. Onun əməliyyat olunması üçün lazımi avadanlıqlar burada yoxdur. Özləri də deyirlər. Amma "Ambulans" vermirlər. Deyirlər ki Səhiyyə Nazirliyinin tapşırığı var - xəstələri paytaxta gətirmək üçün avtomobil verə bilmərik. Xəstə də yarıkoma vəziyyətindədir. Onu xəstəxanadan çıxarsaq, yolda keçinər" – deyə, xəstənin ailə üzvləri qeyd edib.

S. Hüseynovun deyir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin köməkçisi Taleh Məmmədovun qəbulunda olublar. T.Məmmədov əvvəlcə onları qovmaq istəyib. Sonradan qaynar xəttə zəng ediləcəyini eşidəndə, məsələni həll edəcəklərinə söz verib. Lakin hələ də heç bir addım atılmayıb: "Bizi günahkar çıxarmağa çalışırlar. Öz sürücüləri qəza törədib, salamat adamları ölümcül vəziyyətə salıblar, indi də deyirlər "Ambulans"ı özünüz həll edin. Bizə Astaradan bir nəfərin nömrəsini veriblər, deyirlər ki, maşını onlarla danışın, həkimə də bir az hörmət edin, xəstənizi aparın paytaxta. Xəstəni öz başımıza buradan çıxarmağımızı istəyirlər ki, yolda ölsün və onlar məsuliyyətdən azad olsunlar. Bu gün 10:00-da xəstə əməliyyat olunmalı idi. Paytaxtda özəl xəstəxanalardan biri ilə danışmışıq. Amma vaxt gedir və hələ də "Ambulans" məsələsi həll edilmir".

Məlumat üçün bildirək ki, sözügedən hadisə aprelin 13-də Lənkəranda baş verib. Hadisə baş verən zaman "Ambulans" digər qəza yerindən yaralı aparırmış. Nəticədə "Ambulans"da olan xəstələr ağır yaralanıb. 1 nəfər hadisə yerində keçinib. Üzü asfalta dəyərək beyni dağılan azyaşlı isə xəstəxanada keçinib. Hazırda qəzadan sağ çıxan bir ailənin 5 üzvü Lənkəran Rayon Mərkəzi Xəstəxanasındadır. Onlardan 2-sinin vəziyyəti ağırdır.

(15:21)

***

Lənkəran Rayon Mərkəzi Xəstəxanası "Ambulans"ın qəza törətməsi nəticəsində ağır yaralanmış xəstə ilə bağlı xəbərə reaksiya verib. AzNews.az-a danışan xəstəxananın baş həkimi Ağabala Kəlbiyev xəstənin vəziyyətinin stabil olduğunu deyib. O, xəstənin yalnız baldır sümüklərinin qırıldığını qeyd edib: "Xəstəni harasa təcili göndərməyə ehtiyac yoxdur. Artıq 3 gündür ki, buradadır. Qanaxma deyil ki, təcili "Ambulans" gəlsin və paytaxta çatdırılsın. Bundan əlavə, qanun var, qayda var. Hər şey hazır olandan sonra əlbəttə ki paytaxta aparılacaq".

Baş həkimin sözlərinə görə, yaxınlarının iddia etdiyi kimi, yaralı olan Nuranə Hüseynova komaya düşməyib. A.Kəlbiyev "Ambulans"ın sürücüsünün sərxoş olması ilə bağlı məsələyə də aydınlıq gətirib. O, "Ambulans"ın deyil, qəzanı törədən VAZ-2107 avtomobilinin sürücüsünün sərxoş olduğunu bildirib. O, sözügedən sürücünün sərxoşluq komasından hələ dünən çıxarıldığını bildirib. Baş həkim qəza nəticəsində yaralanmış digər xəstələrin vəziyyətinin də yaxşı olduğunu deyib.

Qeyd edək ki, aprelin 13-də Lənkəranda "Ambulans" və VAZ-2107 markalı avtomobil toqquşib. Hadisə baş verən zaman "Ambulans" digər qəza yerindən yaralı aparırmış. Nəticədə "Ambulans"da olan xəstələr ağır yaralanıb. 1 nəfər hadisə yerində keçinib. Üzü asfalta dəyərək beyni dağılan azyaşlı isə xəstəxanada keçinib. Hazırda qəzadan sağ çıxan bir ailənin 5 üzvü Lənkəran Rayon Mərkəzi Xəstəxanasındadır. Onlardan 2-sinin vəziyyəti ağırdır. Xəstələrin aiə üzvlərinin AzNews.az-a verdiyi məlumata görə, 34 yaşlı Nuranə Hüseynova təcili vəziyyətdə paytaxta gətirilməli və əməliyyat olunmalıdır. Xəstəxana rəhbərliyi isə onun Bakıya gətirilməsi üçün "Ambulans" verməkdən imtina edir.


Nigar