- Köhnə - Cəmiyyət
- 13 May 2015 09:00
- 6 512
Qara Qarayev vəfat edib – 33 il öncə
Tarixdə bu gün: 13 may
Tarixdə bu gün mayın 13-də 1982-ci ildə böyük bəstəkar, pedaqoq, alim, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti Qara Əbülfəs oğlu Qarayev (5.2.1918 - 1982) vəfat edib.
1840 - Fransız yazıçısı Alfons Dode (Alphonse Daudet, 1840-1897) anadan olub. Əsərləri: "Taraskonlu Tartarenin qeyri-adi sərgüzəştləri", "Böyük Fromon və balaca Risler", "Cek", "Safo" (romanlar), "Arlezianka" (pyes).
1842 - İngilis bəstəkarı Artur Sallivan (Arthur Seymour Sullivan, 1842-1900) anadan olub.
1882 - Fransız rəssamı, təsviri sənətdə kubizm cərəyanının banisi Jorj Brak (Georges Braque, 1882-1963) anadan olub.
1923 – Rusiya bəstəkarı İsaak Şvarts (1923-2009) anadan olub. Bir çox filmlərə musiqi yazıb: "Səhranın bəyaz günəşi", "Cənab Mak-Kinlinin qaçışı" və s.
1924 - Sovet hökuməti kino işinin yenidən qurulması barədə qərar qəbul edib. Kino çəkilişi və prokatında inhisarçılıq bütünlüklə dövlətə (Xalq Maarif Komissarlığına) verilib.
1929 – Şair və tərcüməçi Hikmət Ziya (Əfəndiyev Hikmət Ziya oğlu, 1929-1995) anadan olub. Uşaq və gənclər üçün bir çox əsərlərin müəllifidir. Sözlərinə çoxlu mahnılar bəstələnib. Hikmət Ziya 1995-ci il avqustun 2-də vəfat edib.
1934 - SSRİ Yazıçılar İttifaqına ilk üzvlərin qəbulu başlanıb. 1№-li üzvlük bileti yazıçı Maksim Qorkiyə verilib.
1937 - Xalq artisti, tarzən Adil Kamil oğlu Bağırov anadan olub.
1943 - Xalq yazıçısı, dramaturq, filologiya elmləri doktoru, professor, dövlət xadimi Elçin İlyas oğlu Əfəndiyev anadan olub. 1993-cü ildən Azərbaycan Respublikası Baş nazirinin müavinidir. Əsərləri: "Ağ dəvə", "Mahmud və Məryəm" romanları, "Dolça", "Bir görüşün tarixçəsi" povestləri, "Mənim ərim dəlidir", "Cəhənnəm kirayənişinləri", "Şekspir" pyesləri və s. Əsərləri bir çox dillərə tərcümə olunub. "Arxadan vurulan zərbə", "Gözlə məni", "Gümüşü furqon", "Bağ mövsümü" və s. filmlərin ssenari müəllifidir.
1950 - Məşhur Amerika müğənnisi və bəstəkarı Stiv Uander (əsl adı Steveland Judkins Morris) anadan olub.
1956 – Rus yazıçısı Aleksandr Fadeyev (əsl soyadı Bulıqa, 1901-1956) intihar edib. "Tarmar", "Udeqedən sonuncu", "Gənc qvardiya" romanlarının müəllifidir. SSRİ Yazıçılar İttifaqına rəhbərlik edib. Stalin repressiyalarında iştirakına görə peşmançılıq keçirərək özünü öldürüb.
1982 - Böyük bəstəkar, pedaqoq, alim, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti Qara Əbülfəs oğlu Qarayev (5.2.1918 - 1982) vəfat edib. Dünya musiqi xəzinəsinə daxil olan "Yeddi gözəl" (1952), "İldırımlı yollarla" (1958) baletlərinin, üç simfoniya, "Don Kixot" (1960) simfonik qravürü, "Leyli və Məcnun" simfonik poeması, "Vyetnam" süitası, fortepiano üçün 24 prelüd, skripka və fortepiano üçün sonata və romansların müəllifidir.
2004 - Avropa Komissiyasının (Avropa Birliyinin ali icra orqanı) Avropa Qonşuluq Siyasətinə dair strategiya sənədini qəbul etdiyi elan olunub. Sənəddə Azərbaycan, Ermənistan və Gürcüstanın bu siyasətə daxil edilməsi tövsiyə olunub. Həmin tövsiyəyə əsasən, Avropa Birliyinin sammitində (17-18 iyun 2004-cü il) Cənubi Qafqazın üç respublikasının qeyd olunan proqrama daxil edilməsi qərara alınıb. Azərbaycan AB ilə "qonşuluq siyasəti" üzrə əməkdaşlıq sazişini 2006-cı ilin noyabrında imzalayıb.
2006 - Azərbaycanda 10 seçki dairəsi üzrə təkrar parlament seçkiləri keçirilib. 2005-ci ilin 6 noyabr seçkilərindən sonra həmin dairələrdə nəticələr Mərkəzi Seçki Komissiyası və Konstitusiya Məhkəməsi tərəfindən ləğv olunmuşdu. Təkrar seçkilərdə 10 deputat yerindən 5-ni YAP-ın nümayəndələri, 2-ni müxalifət, 3-nü bitərəf namizədlər qazanıb.