Tarif Şurasının bəzi dərman pereparatlarının qiymətinin ucuzlaşması barədə qərarı sentyabrın 15-dən artıq qüvvəyə minib. Tarif Şurasının bəzi dərman pereparatlarının qiymətinin ucuzlaşması barədə qərarı sentyabrın 15-dən artıq qüvvəyə minib.

Qiyməti ucuzlaşan dərmanlar yoxa çıxdı

Tarif Şurasının bəzi dərman pereparatlarının qiymətinin ucuzlaşması barədə qərarı sentyabrın 15-dən artıq qüvvəyə minib.


Bu qərar ilk mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsini əhatə edir.

"Azadlıq" qəzeti yazır ki, siyahıda adı olan dərmanların əksəriyyətinin qiymətində ciddi dəyişiklik olmadığı, həmçinin apteklərdə dərman qıtlığı yaşandığı bildirilir. Məlumatın nə dərəcədə həqiqətə uyğun olub-olmadığını araşdırmaq məqsədilə qəzet əməkdaşı paytaxtdakı apteklərə baş çəkib.

Əvvəlcə metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığındaki "AVIS" aptekə yaxınlaşdıq. Aptekdə çalışanlar mövzu ilə bağlı suallarımızı cavablandırmaqdan imtina etdilər. Bildirdilər ki, suallara yalnız dərman deposundan cavab verilə bilər.

Amma aptekdə sualımızı eşidən alıcı – Əzizə Əliyeva özü könüllü şəkildə fikirlərini bölüşdü. Bildirdi ki, Tarif Şurasının məlum qərarına əsasən qiyməti ucuzlaşdırılmış dərmanlardan bəzilərinə ehtiyacı olsa da, onları paytaxtdakı bir neçə aptekdə tapa bilməyib: "Bayaqdan bir neçə aptekə dəymişəm, qiymətlərdə heç də azalma yoxdur. Əksinə, qiymətləri aşağı salındığı deyilən dərmanlar tapılmır. Səbəbini də bilən yoxdur. Mən özüm onkoloji xəstəyəm, zobdan əziyyət çəkirəm, dərman axtarmaq isə məni lap yorur. Keçən dəfə birtəhər dərmanı tapdım, qiymətdə qəpik-quruş fərq oldu. Bu isə əziyyətimə də dəymir".

Metronun "Nərimanov" stansiyasının yaxınlığında da müxtəlif şirkətlərə məxsus bir neçə aptekə baş çəkdik. "AVIS" aptekdən məsul əməkdaş bildirdi ki, sentyabrın 15-dən 1057 adda dərman preparatının vahid qiymətilə bağlı siyahı daxil olub. Həmin dərmanlar da yeni qiymətlərlə satılır. "Amma bizim apteklərdə təxminən 5000 addda dərman preparatı satılır. Qiymətlərində tənzimlənmə olan dərmanlar əsasən, antibiotiklər, allergik preparatlardır", – deyə aptekin əməkdaşı bildirdi.

Onun sözlərinə görə, ikinci mərhələdə qiymətində dəyişiklik edilən yeni dərman siyahısı isə hələlik onlara verilməyib: "ona görə də həmin dərmanları köhnə qiymətlərlə satırıq".

Apteklərdə dərman qıtlığı yaşanması barədə məlumatlara gəlincə, aptekin əməkdaşı sualı belə cavablandırdı: "Bəzən elə olur ki, alıcıların sifarişlərini tam təmin edə bilmirik. Belə olan halda, mərkəzi depolara sifariş veririk. Amma elə vaxtlar olur ki, heç depolarda da həmin dərmanlar tapılmır".

Aptekin əməkdaşı qıt olan dərmanların qiymətləri tənzimlənən preparatlara aid olub-olmadığı barədə suala konkret cavab verməsə də, məlum siyahıdakı dərmanların bir qisminin tapılmadığını təsdiqlədi.
"Zeytun" apteklərdən birində də satıcı sabit qiymətə satılmalı dərmanların vahid siyahısının onlara verildiyini bildirdi. Aptek əməkdaşının sözlərinə görə, məlum qərardan sonra alıcılarda müəyyən anlaşılmazlıqlar yaranır: "Bizə müraciət edirlər ki, "bəs deyirdilər dərmanların qiyməti aşağı düşüb, heç fərq yoxdur ki". Biz onlara məsələnin mahiyyətini izah etməkdə çətinlik çəkirik. İzah etməyə çalışırıq ki, ucuzlaşma bütün dərmanlara aid deyil".

"Nərimanov" metrosu yaxınlığında əhali arasında məşhur apteklərdən biri olan "Qızılgül" aptekində də bildirdilər ki, ucuzlaşdırılmış dərmanlar siyahısındakı dərmanların bəzən tapılmaması halları olur: "Amma biz dəqiq deyə bilmərik ki, bunun səbəbi nədir".