“Hamı kitab oxusaydı, qan tökülməzdi, qardaş-qardaşı, ata övladını öldürməzdi” “Hamı kitab oxusaydı, qan tökülməzdi, qardaş-qardaşı, ata övladını öldürməzdi”

Kitab satıcısı: “Tələbə kitab almır, nəyinə gərəkdir?” - MÜSAHİBƏ

“Hamı kitab oxusaydı, qan tökülməzdi, qardaş-qardaşı, ata övladını öldürməzdi”

Asif dayı kitab satıcısıdır. Yeri Bakı Dövlət Universitetinin qabağı. Oralara yolunuz düşürsə, yəqin siz də görmüsünüz. Hasarın üstünə kitabları düzüb, özü də bir qədər aralıda qoyduğu stulda oturur. Heç kimlə söhbət etmirsə, ya müştərilərlə danışmırsa, o zaman satdığı kitablardan birini vərəqləyir. Yanında da hər zaman tazı kimi quyruğunu qısıb dayanmış köhnə arabası – işin sonunda kitabları daşımaq üçün...

AzNews.az kitab satıcısı Asəf Nəbiyevlə müsahibəni təqdim edir.

- Kitab alan çoxdur?

- Hərdən bir alan olur.

- Yəqin alıcıların əksəriyyəti tələbələrdir.

- Tələbə kitab almır.

- Bəs kim alır?

- Əsasən, yaşlı və orta nəsil. Tələbənin telefonu var. Kitab nəyinə gərəkdir?

- Universitetin qarşısında kitab satırsınız deyə, hesabla sizin alıcılarınızın əksəriyyəti tələbələr olmalıdır.

- Telefon, internet çıxandan tələbələr də kitabdan aralaşdılar.

- Nə vaxtdan burda kitab satırsız?

- Yalan-palan beş ildi, burdayam. Qışda-qarda iki-üç ay işləmirik. Amma qalan vaxtlarda burdayıq.

- Sənətiniz nədir?

- Elə bununla məşğulam.

- Pensiyaya çıxmısınız?

- Pensiyanı 65-ə qaldırıblar, necə çıxım?

- Neçə yaşınız var?

- 63.

- Əvvəllər nə işlə məşğul idiz?

- Qarajda işləyirdim, mexanik. Ondan sonra bir müddət Rusiyada yaşadım.

- Nə vaxtdan kitab satısınız?

- 2012-dən bəri kitab satıram. Bu işi görən bir nəfərdi. Mən ona kömək edirəm. Zəngilandan məcburi köçkündür. Universitetin təsərrüfat idarəsində bağban işləyir. Nə isə tapışmışıq. Arada gəlib kitab alırdım. Sonra ona kitab satmaq üçün bir adam lazım oldu. Mən də işsiz idim. Gəlib, qoşuldum ona.

- Kitabları necə əldə edirsiniz?

- Bunlar xırda-xırda yığılıbdı. Evlərdə lazım olmayan kitabları gətirib verirlər.

- Pulla alırsınız?

- Pulla da alırıq, pulsuz verən də olur. Bir adam var. Bütün şəhəri fırlanır, binaların girişində, zibil qutularının yanın qoyulmuş lazımsız kitabları yığıb gərtirir, müəyyən məbləğ qarşılığında bizə verir.

- Satdığınız kitablardan oxuduğunuz olur?

- Niyə oxumuram? Evdə də kitab oxuyuram. Mənim peşəm kitab oxumaqdır. Elə bayaq siz gəlməmişdən qabaq bir az oxudum, yoruldum.

- Hansı kitabı oxuyurdunuz?

- Nurəddin Babayevin dilçiliyə aid kitabı var. Ondan bir hissəni oxudum.

Bu vaxt bir tələbə yaxınlaşıb Skanavinin kitabını soruşur.

- Yox, yoxdu. O tərcümə olunub. Bilmirəm, kitab mağazalarında var, ya yoxdur.

Tələbə gedir, biz söhbətə davam edirik.

- Skanavi kimdir?

- Riyaziyyatçıdır. O, tənlikləri yaxşı yazıb. Riyaziyyatı öyrənənlər üçün yaxşı kitabdır.

- Deməli tələbələr ən çox dərslik alırlar?

- Demək olar, heç dəqiq elmləri də almırlar. Əsasən internet vasitədilə oxuyurlar. Bu bir təsadüf idi, gəldi, soruşdu, getdi. Halbuki bura universitetin qabağıdır, gündə yüzlərlə tələbə kitabla maraqlanmalı, almalıdır. Amma maraqlanmırlar.

- Daimi alıcılarınız var?

- Bir qadın var. Rus dilini “çırtlayır”. Rus dilində əsər olanda zəng edirəm gəlir, on dənə, on beş dənə kitabı birini bir manatdan alıb aparır.

- Yazıçı-şairlərdən daha çox kimin kitabını soruşurlar?

- Son vaxtlar Elxan Elatlını çox soruşurdular, yoxumuz idi. İndi gətirmişik, hələ soruşan olmayıb. Daha çox gənclər soruşur.

- Yaşlı nəsil ən çox kimin kitabını soruşur?

- Füzulini soruşurlar. Füzuli də neyləsin, bir kitabdı (gülür).

- Səməd Vurğunun, Ramiz Rövşənin, Vaqif Bayatlının kitablarını soruşmurlar?

- Tək-tək soruşurlar. Keçən dəfə bir nəfər Molla Pənah Vaqifin kitabını soruşdu. Məndə evdə var idi. Gətirdim. Səhəri günü də yağış yağdı, həmin adam gəlmədi.

- Heç nadir tapılan kitablar əlinizə düşür?

- Əski Azərbaycan əlifbası ilə bir “Hophopnamə” var idi. Universitetin bir müəlliminə dedik, o aldı. Başqası olmayıb.

- Gündə burdan yüzlərlə tələbə keçir, heç onlara təklif edirsiniz ki, bir ayaq saxlayın, kitablara baxın, alın?

- Mən limon satmıram ki, çığıram gəlin alın. Bu, elmdir, kim istəyir alıb oxusun, kim istəmir oxumasın. Əgər hamı kitab oxusaydı, hamı bir-birini başa düşərdi. Qan tökülməzdi, qardaş-qardaşı, ata övladını öldürməzdi. Bunlar hamısı kitab oxumamaqdandır. Mən belə düşünürəm.

Söhbətimiz yekunlaşır. Bu vaxt geyim-keçimindən müəllimə oxşayan bir nəfər yaxınlaşıb kitablara baxır. Qalın bir kitabın üzünə toxunub deyir: “Xruşşov vaxtında çıxıb. Şəxsiyyətə pərəstişlə mübarizə aparılırdı deyə ilk dəfə bu kitabda Stalin haqqında məlumat azaldılıb. Cavan olanda oxumuşam”.

Sonra başqa bir kitaba əlini uzadır, götürür. Asəf dayıya pulunu ödəyib gedir, universitetin həyətində yox olur. O gedəndən sonra yaxınlaşıb haqqında danışdığı kitaba baxıram: “Böyük Vətən Müharibəsi tarixi”.

Asif dayı ilə sağollaşıb qulağımda bir səslə oradan uzaqlaşıram. Hasarın qırağına düzülmüş kitabların səsidir. Ucadan qışqırır, yanlarından laqeydcə keçib gedən insanları haraylayırlar: “Bizi oxumursuz, bizi oxumursuz, ona görə də...”

Ancaq heç kəs onları eşitmir...

Mirmehdi,

AzNews.az

image description image description image description image description